Üzeyir Hacıbəylinin 125 illik yubileyi və Üzeyir Musiqi Günü qeyd olundu
18 sentyabr 2010 14:31 (UTC +04:00)

Üzeyir Hacıbəylinin 125 illik yubileyi və Üzeyir Musiqi Günü qeyd olundu

Lent.az-ın məlumatına görə, bu münasibətlə səhər saatlarında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin Fəxri Xiyabandakı məzarları ziyarət olunub. Fəxri Xiyabanda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, incəsənət xadimləri və ictimaiyyət təmsilçilərinin iştirakı ilə anım mərasimi keçirilib. Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından “Şəbi-hicran” simfonik etüdü səsləndirilib.

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək dahi bəstəkarın Azərbaycan musiqi sənətinin inkişafındakı əvəzsiz xidmətlərindən söhbət açıb, Üzeyir irsinin qorunub saxlandığını və təbliğ edildiyini deyib.

Anım mərasimindən sonra Bakı Musiqi Akademiyasının qarşısında bəstəkarın yubileyinə və Üzeyir Musiqi Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin doğum gününün 1995-ci ildən etibarən prezident Heydər Əliyevin xüsusi sərəncamı ilə Üzeyir Musiqi Günü kimi qeyd edildiyini söyləyib. Nazir bu il ikinci dəfə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar Beynəlxalq Musiqi Festivalının keçiriləcəyini açıqlayıb.

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Azərbaycanın Üzeyir Hacıbəyli kimi bir dahi şəxsiyyəti olduğuna görə fəxr etdiyini deyib.

Çıxışlardan sonra məxsusi olaraq bu gün üçün hazırlanmış konsert proqramı nümayiş etdirilib. Uşaq-Gənclər Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və Müdafiə Nazirliyinin nümunəvi Hərbi Orkestrinin ifasında dahi bəstəkarın əsərləri ifa olunub.

Yubiley tədbiri Üzeyir Hacıbəylinin ev muzeyində də davam etdirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir bəyin mətbuatın inkişafındakı rolundan, ədəbi-bədii dəyərini itirməyən həmişə aktual olacaq publisistikasından, felyetonlarından danışıb: “Üzeyir Hacıbəyli Azərbaycan xalqının tarixində, mədəniyyətində, milli oyanışında əbədi iz buraxan dahi bir şəxsiyyətdir. O, müqəddəs ad olaraq bütün xalq tərəfindən daim hörmətlə anılacaq”.

Üzeyir Hacıbəylinin musiqisinin yeni bəstəkarlar üçün ilham mənbəyi olduğunu bildirən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə yubileylə əlaqədar görülən işlər barədə məlumat verib. F.Əlizadə qeyd edib ki, Heydər Əliyev Fondu ilə birgə hazırlanan layihəyə əsasən? “Koroğlu” operasının partiturası 5 cilddə işıq üzü görüb. “Leyli və Məcnun” operasının partiturasının nəşri isə yaxın vaxtlarda başa çatacaq.

İttifaq sədri daha bir hadisəni də bütün mədəniyyətimiz üçün əlamətdar olduğunu vurğulayıb. Belə ki, Üzeyir Hacıbəylinin 1912-ci ildə qələmə aldığı “Əsli və Kərəm” operasının partiturası 98 il ərzində ilk dəfə olaraq nəşr ediləcək: “Bu, olduqca böyük və əhəmiyyətli işdir. Çünki operanın partiturası ümumiyyətlə mövcud deyildi. Biz onun ayrı-ayrı hissələrini müxtəlif şəxslərdən əldə etdik, hazırladıq. Bu partitura da nəfis tərtibatda işıq üzü görəcək”.

Tədbirdə amerikalı bəstəkar Con Henksin Üzeyir Hacıbəyliyə həsr olunmuş yeni əsəri də muzeyə hədiyyə olunub. Mərasim “Cantempo” qrupunun ifası ilə davam etdi. Qrup Üzeyir bəyin əsərlərini yeni aranjemanda təqdim edib, eyni zamanda gənc bəstəkarların Üzeyir Hacıbəyliyə həsr olunmuş yeni əsərləri də səsləndirib.

Qeyd edək ki, yubiley tədbirləri hələ davam edir. Bu gün axşam Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560

Oxşar yazılar