Əlixan Səmədov: “İstəmədim gəlib Bakıda biabır olum”- MÜSAHİBƏ
06 sentyabr 2010 16:24 (UTC +04:00)

Əlixan Səmədov: “İstəmədim gəlib Bakıda biabır olum”- MÜSAHİBƏ

Türkiyədə yaşayan balaban ustası Əlixan Səmədovun Lent.az-a müsahibəsi

Türkiyədə fəaliyyət göstərən məşhur musiqiçi Əlixan Səmədov tezliklə yeni diskini pərəstişkarlarına təqdim edəcək. Hazırda səkkizinci albomunu tamamlamaq üzrə olan Səmədov konsert turları çərçivəsində vətəni Azərbaycanda konsert verməyi planlaşdırır. Bu ərəfədə Bodrumda dincələn sənətçi Lent.az-a müsahibə verib:

- Dünən televiziya çəkilişim var idi, gəlmişkən dedim, qalıb bir az da istirahət edim. Hazırda Bodrumdayam. Yeni diskim hazırlanır. Artıq yarıdan çoxunu bitirdim.

- Bir dönəm sıx-sıx Azərbaycana gəlib-gedirdiniz. Sizi televiziya kanallarımızda da tez-tez görmək olurdu. Son vaxtlar ya biz az görürük, ya da gəlib-getmirsiniz.

- Bilirsiniz, bir müddət əvvəl Bakıda konsertə hazırlaşırdım, çox gözəl hazırlanmışdım. Bütün işlərimi planlamışdım. O aralarda heç bir ölkəyə də söz verməmişdim. Azərbaycanda təşkil olunan konserti ləğv etmək məcburiyyətində qaldım.

- Konserti təxirə salmaq qərarı Sizin tərəfdən oldu, yoxsa təşkilatçının səriştəsizliyi bu zərurəti yaratdı?

- Hiss etdim ki, yalan danışırlar. İstəmədim gəlib Bakıda biabır olum. Yeni diskim çıxsın, ondan sonra konsert turları başlayacaq. Albomumu tanıdacam. Bir albomda iki disk olacaq. Bir diskdə çoxsəsli balaban müşayiəti var, tələbələrimlə çaldım. Digərində yeni bəstələrim var. Bu albom istəyirəm ki, bütün dünyada dəyişik dillərdə çıxsın. Uyğun firmalarla danışıqlara cəhd edirəm. İstəyirəm Azərbaycanda Azərbaycan dilində, Rusiyada rus dilində, hər ölkədə yerli dildə albomlarımın təqdimatı olsun.

- Azərbaycanda instrumental ifaçıların tanınması səs sənətçiləri ilə müqayisədə daha çətindir. Türkiyədə bu cəhətdən deyəsən musiqiçilər daha şanslıdırlar. Necə düşünürsünüz, orda populyarlıq qazanmağınıza nə vəsilə oldu?

- Bilirsiniz, gözəl musiqi harada olursanız olun, tez çatır. Bu, qabiliyyət məsələsidir. İndiyədək heç kim mənə köməklik etmədi. Hər şeyi qabiliyyətimlə əldə etdim.

- Necə oldu ki, bu qədər diqqəti qazandınız? Bəlkə bir az əvvələ qayıdaq?

- Mən Sumqayıtda doğuldum, böyüdüm. Onda toylar bir az akademik səviyyədə idi. Toylarda bir çox musiqi alətlərində çalırdım. Hər mahnını müxtəlif musiqi alətində ifa edirdim. Əslində orda da çox populyar idim. Lakin toylarda deyil, səhnədə populyar olmaq istəyirdim. Rəqs kollektivində çalışdım, xarici ölkələrə konsertlərə getdim. Hər dəfə hiss edirdim ki, insanlara daha çox təsir edir. Türkiyəyə gələndə isə çox xoşuma gəldi. Elə bildim ki, illərdi burda yaşamışam. Dünyanın hər yerində oldum, bu qədər doğma millət görmədim. Fikirləşdim ki, Azərbaycanı daha yaxınlaşdırmaq üçün ən yaxşı yerdi. Burda mənə çox firmadan təklif gəldi. Ən sonda qərar verdim. İlk albomu çıxaranda Amerikadan, Fransadan, Rusiyadan dostlarım zəng etdilər ki, səni dinləyirik. Dünyaya yayıldığını görəndə daha çox məsuliyyət hiss etdim. İndi Allah qismət etsə, səkkizinci albomum çıxacaq. Hər albom o birilərindən daha gözəl olmalıdır. Belə istəyirəm. Hər gün məktub alıram.

- Etiraf edin ki, türk sənətçiləri ilə əməkdaşlıq da sizə az xeyir gətirmədi. Zaman-zaman türk sənətçiləri ilə birlikdə süjetlərinizi gördük. Bu da sizə populyarlıq gətirdi.

- Yox, maqazin proqramlarında heç vaxt görünmədim. Qəbul etmirəm...

- Misal üçün, sizin Sibel Canla əməkdaşlığınız maqazin süjetlərindən sonra tamaşaçılara məlum oldu. Düşünürəm ki, bu, təbliğatınızı daha da gücləndirdi.

- Doğrudur, xəbər adına, təbliğat adına mənə müsbət gətirdi. Lakin heç nə elə-belə olmur. Türkiyədə sənətçilərin birgə əməkdaşlığı normaldır, onlar uğurlu işə imza atmaq üçün əməkdaşlığa meyl edirlər.

- Siz uğurlarınızı daha çox istedadla bağladınız. Onun xaricində Sizə kömək edən dostlarınız oldumu?

- Türkiyədə dostlarım çoxdur. Burda dostlar, dostluq başqadır. Kitab çıxardım, fotoqraf dostluq adına, təmənnasız yardım etdi. Burda belə bir şey var. Biz də edirik, yığıncaq olanda pulsuz gedirik. Heç məclisdə ifa etməsəm də gəlişimdən qürur duyurlar, bax belə dostlarım gəldi, var, deyirlər! İndi dincəldiyim otelin sahibi dostumdur, dedi “getmə, qal tətil et”. Fransadan qonaqlarım gəlmişdi, digər dostlarım indi mən burda olduğum üçün Fransadan gələn dostlarıma qulluq edirlər...

- Bildiyimə görə ailə qurduğunuz xanım türkdür.

- Yox mən ailə qurmamışam, sadəcə dost həyatı yaşayıram. Bu sirləri əslində paylaşmaq istəmirəm, rəsmi evli deyiləm. Evli olduğum insan var idi, indi təkəm. Burda belə şey yoxdur. Hər kəs özün istədiyi kimi yaşayır. Nə bilim... Belə oldu... Artıq bütün düşüncələrim musiqi ilə bağlıdır.

- Qismət də nəyi göstərəcək, bilinmir. Bilmək olmaz bəlkə sizin toy xəbərinizi yazdıq. Deyilmi?

- Nə bilim. Bu məsuliyyətidir.

- Hə, belə çıxır ki, musiqinin məsuliyyəti daha asandır?...

- Yox, musiqi daha çətindir. Vaxt ayırmaq lazımdır evliliyə. Nə bilim... Allah böyükdür! Gələcəkdə nə olacaq, heç kimsə deyə bilməz...

- Azərbaycan adına gələcəkdə planlarınız var? İstedadlı gənc azərbaycanlıları tanıtmaq kimi bir layihə, nə bilim, ağlınızdan nə keçirsə o...

- İnanın, bura gələn azərbaycanlılara, mənə zəng edənlərə əlimdən gələni etmişəm. Milyonlarla insan var burda, istedadın, sənətin varsa, insanlara təsir edə bilirsənsə, heç reklama ehtiyac yoxdur. Burada populyar olan mahnı Azərbaycanda getməz. Mən buranın havasını bilirəm. Azərbaycan ladları ilə türk ladlarını qarışdırıb, bir az da onların sevdiyi kimi təqdim edirəm.

- Fakt faktlığında qalır ki, türklər Azərbaycan musiqi alətlərinə, musiqimizə meyllidirlər. Bəlkə də sizin uğurunuz istedadla bərabər onların zövqü, istəyi ilə də bağlıdır?

- Düzdü. Onların Qızıl Fonduna daxil olan Azərbaycan mahnıları var. Elə Azərbaycan sənətçilərimiz var ki, mahnılarımızı Türkiyədə öyrəndi. Deyirlər, mən bu mahnını eşitməmişdim, burda öyrəndim. İnstrumental musiqiləri çox yazdırdım. Sibel Cana mahnımı verəndə daha çox populyar olar, nəinki bizimki gəlib burda oxusa... Fərq var da istər-istəməz.

- Belə təkliflər olur?

- Əlbəttə, çox olur.

- Bir dönəm Nadir Qafarzadə sizin mahnınızı oxudu, deyəsən.

- Hə, o internet ünvanıma məktub yolladı, “mahnınızı oxumaq istəyirəm” dedi. O mahnını - “Harada qaldın”ı Ziynət Sali və Lara oxumuşdu, Yaşar Nuri də sevir...

- Hansı istəyinizə çata bilməmisiz?

- Hara gedirəmsə, hansı ölkədə oluramsa, olum, balaban musiqisinin səsi gəlsin.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1855

Oxşar yazılar