“Leyli və Məcnun” və “Şah İsmayıl” operalarının ilk konsert variantı
01 iyul 2010 14:18 (UTC +04:00)

“Leyli və Məcnun” və “Şah İsmayıl” operalarının ilk konsert variantı

Azərbaycan Bəstəkarlar İttifaqının Şəki İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi “İpək yolu” I Beynəlxalq Musiqi Festivalı davam edir. Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlunun Lent.az-a verdiyi məlumata görə, festivalın üçüncü günü - iyunun 30-da musiqi kollecində ittifaqın nümayəndə heyətinin Şəki ziyalıları ilə görüşü olub.

Tədbiri açan şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova Beynəlxalq Musiqi Festivalı çərçivəsində son üç gündə həyata keçirilən tədbirlər barədə danışıb. Bu günlər Şəkinin, sözün əsl mənasında, musiqi, festival şəhərinə çevrildiyini diqqətə çatdıran Z. Cavadova belə bir mötəbər musiqi bayramını bəxş etdiklərinə görə şəhər rəhbərliyi adından festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadəyə minnətdarlığını bildirib.

Sonra çıxış edən Firəngiz Əlizadə bu festivalın Azərbaycanın musiqi həyatında əlamətdar bir hadisəyə çevrildiyini deyib. O, görüş iştirakçılarının diqqətinə çatdırıb ki, festivala Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçilərinin qatılması bu tədbirin böyük əhəmiyyətini nümayiş etdirir. İttifaqın sədri festivalın keçirilməsinə göstərdikləri hərtərəfli dəstəyə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

F. Əlizadə Bəstəkarlar İttifaqının fəaliyyəti, qurumun yaxından iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələr barədə də məlumat verib.

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının katibi, xalq artisti, professor Ramiz Zöhrabov festivalda Şəkinin xor və orkestrinin çıxışını professionallıq baxımından çox yüksək qiymətləndirib.

Görüşdə Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova, idarə heyətinin üzvü, bəstəkar Faiq Nağıyev, ittifaqın üzvü, sənətşünaslıq namizədi Ceyran Mahmudova, Qara Qarayev adına kamera orkestrinin rəhbəri, xalq artisti Teymur Göyçayev, Helsinki Musiqi Akademiyasının professoru Nikita Yucanin də çıxış ediblər.

Həmin gün axşam isə festival öz işini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarının konsert variantlarının nümayişi ilə davam etdirib. “Yuxarı Karvansaray”da baş tutan nümayiş ilk dəfə olaraq açıq səma altında təşkil olunub. “Leyli və Məcnun” operasında əsas rolları İlkin Əhmədov, Vüsalə Mirzəyevə, “Şah İsmayıl” operasında isə xalq artisti Şahlar Quliyev, əməkdar artist Təyyar Bayramov, İlahə Əfəndiyeva, Arzu Əliyeva səsləndirib. Hər iki tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru və xormeysteri Sevil Hacıyevadır. Hər biri 55 dəqiqə davam edən bu tamaşaların başqa regionlarda da nümayişinin təşkili nəzərdə tutulub.

Nümayişdən sonra Şəkinin icra başçısı Murad Cabbarlı Hafiz Quliyevə və əsas rolların ifaçılarını fəxri fərmanla təltif edib.

Festival iyulun 2-də öz işini yekunlaşdıracaq.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar