Firəngiz Mütəllimova: “Ailə həyatının üzərindən xətt çəkmişəm” – MÜSAHİBƏ
03 iyul 2010 15:00 (UTC +04:00)

Firəngiz Mütəllimova: “Ailə həyatının üzərindən xətt çəkmişəm” – MÜSAHİBƏ

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovanın Lent.az-a müsahibəsi


- Ötən ayın sonu tələbələrinizlə diplom tamaşanızı təhvil verdiniz. Öz işinizdən razı qaldınız?

- Təəssüratlarım çox yaxşıdı. Sabit Rəhmanın “Xoşbəxtlər” pyesini götürmüşdüm. Həm əsərdə rəngarəng xarakterlər olduğuna görə, həm də bu il Sabit Rəhmanın 100 illik yubileyidir. Mən özüm ilk dəfə Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşasında Qumral obrazı ilə böyük səhnəyə addımlarımı atmışam – Akademik Milli Dram Teatrının səhnəsinə. Düşünürəm ki, diplom tamaşamız yaxşı alındı. Bir müəllimə kimi dörd il çəkdiyim əziyyətin bəhrəsini gördüm. İmtahan komissiyasının sədri Hacı İsmayılov idi. Komissiyanın qərarı ilə tələbələrin hamısına “5” verdilər.


- Ümumiyyətlə, universitetin tələbələrindən razısınızmı? İstedadlı gənclər var?

- Tamaşalara baxıram. Səmərəli işləyirlər. “Yox” deyə bilmərəm. Sadəcə, bizdə ən böyük problem imtahanların test üsulu ilə keçirilməsidir. Qabiliyyət imtahanında “3” alan testdən keçir, “5” alan testdən keçə bilmədiyinə görə qalır kənarda. Axı, bu fitri istedaddır. Niyə üzə çıxmamalıdır? Ona görə də bu test bizə çox mane olur. Azərbaycan xalqına 4-5 istedad bəxş edə biləcəyimiz halda, bunun birini edə bilirik, ya yox. Sənətin fədaisi olmaq lazımdır. Düzdür, mən xoşbəxt müəlliməyəm ki, 4-5 istedadlı tələbəm var. Ağakişi Kazımov da dedi ki, bu uşaqlardan heç olmasa 5-6-sı səhnədə olmalıdır. Yəni, o saat hiss olunur ki, bu uşaqlar sənəti sevirlər.


- Sizlər institutu qurtaran kimi teatrda işə başlayandan çox qısa bir zaman sonra populyarlıq qazandınız. Amma indiki tələbələr sənətə gəlsələr də, o cür tanına, məşhurlaşa və sevilə bilmirlər. Nədir bunun səbəbi? O vaxtkı kimi istedadlılar yoxdur, yoxsa tamaşaçıda sənətə maraq?

- Biz diplom tamaşalarını təhvil verəndə teatrın baş rejissorları gəlib baxırdılar. Rəhmətlik Tofiq Kazımov bizi diplom tamaşasında görüb bəyənmişdi. Zemfira Nərimanova, Bəsti Cəfərova, İlham Əsgərov, Saleh Babayev və məni diplom tamaşasından sonra teatra dəvət etdilər. Düzdür, biz hələ 3-cü kursdan teatrda rollar almışdıq. Amma bir də var özünü təsdiq etdirib təyinatla teatrda işə başlamaq.

- Deməli belə çıxır ki, indi teatrların baş rejissorları tələbələrlə maraqlanıb onların diplom işlərinə belə baxmırlar...

- Gəlib baxırlar e, amma... Bilmirəm də, indi teatrlar da çoxdur... Mərahim Fərzəlibəyov sağ olsun, tələbələrimdən bir qızı və oğlanı bəyənib, görək də... Mən sıravi aktrisayam, əlimdə hansısa səlahiyyət yoxdur. Amma çox istərdim ki, tələbələrimdən heç olmasa 2-3-ü böyük səhnələrdə olsun. Çünki 4 ildir, onların sənəti necə sevməsinə, məsuliyyətlə yanaşmasına, gözəl diksiya qabiliyyətinə, səhnə mədəniyyətinə, daxilinə bələdəm.


- Mədəniyyət və İncəsənət Universiteti tələbələrə təyinat vermir ki?

- Bilmirəm, dəqiq xəbərim yoxdur, məncə, vermir. Amma bizim vaxtımızda təyinat var idi. Çünki Tofiq Kazımov 5 yer ayırmışdı ki, bizi təyinatla Akademik Milli Dram Teatrına göndərmişdilər. Onu da deyim ki, istedadlı və savadlı tələbələr var. Mən 4 il tələbələrimə dedim ki, kitab oxuyun. Çünki kitab oxumaq dünyagörüşünü artırmaqla yanaşı, obrazı özünəməxsus şəkildə canlandırmaq bacarığı da yaradır. Məsələn mən “Anna Karenina”nı oxuyanda onun şlyapasını bir cür təsəvvür edirəm, başqası ayrı cür. Öz təxəyyülümüzdə qəhrəmanımızı yaradırıq. Yəni kitab oxuduqca fantaziya da zənginləşir. Ona görə də kitab oxumaq və müşahidə etmək lazımdır. Bu yaşda olmağıma, 31 illik səhnə təcrübəmə baxmayaraq, yenə də toyda, yasda, küçədə hamını müşahidə edirəm, axtarıram. O vaxt müəllimimiz Böyükağa Kazımov bunu beynimizə yeridib.


- Maraqlıdır, Firəngiz Mütəllimova öz rollarını, obrazlarını kimə ünvanlayır, kimə həsr edir?

- Heç kimə həsr etmirəm. Sadəcə pyesi oxuyanda öz obrazımı görürəm. Onun ştrixlərini tapıram. Bir də çalışıram ki, oynadığım obrazlar bir-birindən fərqli olsun. Son vaxtlar məni ən çox sevindirən də odur ki, xarakterik rolları daha çox oynayıram. Xarakterik rol oynamaq dəyişmək deməkdir. Amma eyni tipli rolları oynayanda heç nə dəyişmir. Sənə elə gəlir ki, dəyişirsən, ancaq tamaşaçı görən kimi deyir “ee, yenə eyni şeydir də. Keçən dəfə də buydu, indi də”.


- Daxili aləminizi, Firəngizin özünü illər ərzində yaratdığınız obrazların hansındasa tapa bilmisiz?

- Elə bir obraz var idi. Mən onu oynadım. Stefan Sveyqin “Yad qanının məktubu” tamaşasında. Çox istəyirdim o obrazı yaradım. Belə obrazlar tükənməzdir. Hələ də axtarıram. Hər dəfə nəsə tapanda sevinirsən və yenidən arzudan arzu doğur. Aktrisa nə qədər ki formadadır, gümrahdır, ancaq yaratmaq, oynamaq istəyir.


- Əksər aktyor, aktrisa arzusunda olduğu obrazı yaratdığını deyir. Amma etiraf etmək lazımdır ki, aktyorların əvvəlki kimi tamaşaçını riqqətə gətirən rolu olmur. Nədir bunun səbəbi?

- Bizə yeni direktor təyin olunan İsrafil İsrafilov teatrı yaxından bilən adamdır. Bizim teatrda nizam-intizam itmişdi, böyük-kiçik yeri yox idi. İsrafil müəllim təyin olunanda bizdə birinci növbədə nizam-intizam bərpa olundu. Hər gün saat 10-11 arası gəlib imza atırıq. Bu özü böyük işdir. Belə olanda bilinir teatr fədailəri kimdir.


- Deməli, əvvəlki direktorla bağlı söylənən narazılıqlarda həqiqət varmış...

- Yox, narazılığım yoxdur Maqbet müəllimdən. Çünki o, çox yaxşı təşkilatçı və insan idi. aktyorla texniki işçi arasında fərq qoymurdu. Amma bizə nizam-intizam lazımdı. Böyük-kiçik yeri itməməlidir. Bizdə isə tərsinə olmuşdu. Mən gələndən ənənəni belə görmüşdüm ki, böyük, orta, gənc nəsil var, hərəsi də öz yerini, öz çəkisini bilməlidir. Bir də indi İsrafil müəllim bizə yeni pyeslər verir oxumağa. Çox maraqlı repertuar qurmaq istəyir. Teatrın repertuarı üzərində qurulur. Biz kimik ki? Biz sadəcə icraçılarıq. Mənə elə gəlir ki, teatra yeni gəldiyim ilk 10-15 ilin ab-havası yaranmağa başlayır. Çox böyük ümidlərim və işləmək həvəsim var. Hər gün 2 saat 15 dəqiqə idmanla məşğul oluram ki, formada qalım.


- Dediyiniz böyük-kiçik yerini itirmək problemi yaradıcı mühitdə də hiss olunmağa başlamışdı...

- Bilirsiniz necədir? Teatr iki şeyi sevmir. Birincisi, səhnəyə xəyanət etmək olmaz. Xəyanət edəni səhnə özü atır. Bir də bu sənətdəsənsə, heç nəyə ağız büzməməlisən. Çünki incəsənət doğrudan qurban tələb edir. O vaxt rəhmətlik Lütfi müəllim qastrollara gedəndə istəyir xalq artisti olmasın, 60-dan çox yaşı olsun, 5 dəqiqə gecikdisə, gözləmirdi. Deyirdi özü taksiylə gələr. Ona görə də heç kim heç yerə gecikmirdi. Amma bir də görürdün, yaşlı aktyor avtobusda oturub 2-3 ildir sənətə gələni gözləyir. Bu intizamsızlığa son qoymaq lazım idi. İnanıram ki, indi də bu ənənə bərpa olunacaq. Teatrı nizam-intizam, güclü repertuar və yaxşı aktyor heyəti yaşadır. Yəqin ki, sentyabrda ələkdən keçirmə prosesi də olacaq.


- Ehtiyac var, sizcə?

- Əlbəttə var. Bu proses mütləq olmalıdır.


- Elədirsə, onda niyə ələkdən keçməyə ehtiyacı olanlar, səhnəyə yaramayanlar teatrın işçisi olurlar?

- Onu mən bilmirəm. Direktor, rejissor olsaydım, deyə bilərdim ki, rol vermişəm. Mən nə istəyirəm? O vaxt bizim beşimizin teatra gəlməsi partlayış idi sanki. Çünki bir neçə ildən bir teatra işçi götürürdülər, hər il yox. İndi də istedadlıları tapıb gətirmək lazımdı ki, o cür partlayışlar olsun.


- Səhnəyə xəyanətdən söz açdınız. 1991-ci ildə ailə qurub sənəti atmağınız, ölkədən getməyiniz sizin sənətə xəyanətiniz sayıla bilərdi?

- Yox, o, mənim səhnəyə xəyanətim sayılmazdı. Orda səbəblər çox idi. Birincisi, Şuşadan olduğuma görə ailəm, qohum-əqrəbam hamısı məcburi köçkün oldu. Artıq bir inciklik, küskünlük, inamsızlıq yaranmışdı. O vaxta qədər mənə nə qədər adam evlənmə təklif etmişdi. Razılıq verməmişdim. Amma bu təklif elə bir vaxta təsadüf etdi ki... “Hə” dedim və getdim, qaçdım sanki. O sevgi, məhəbbət deyildi, tamam başqa bir hiss idi. Amma yenə də atamın vəsiyyəti ilə qayıtdım gəldim. Atam ağır xəstə idi. Vəsiyyət etdi, “qayıt sənətə, övladın olsaydı, yenə başa düşmək olardı, qalmısan bu yollarda” dedi. Yoldaşım burda yaşamaq istəmirdi, mən də orda. Yaxşı ki, atamın sözünə qulaq asdım, qayıtdım gəldim. Bakıya gələndən sonra uğurlarım da çox oldu, xalq artisti fəxri adına layiq görüldüm, prezident tərəfindən mənə ev verildi.


- Deməli, ailənizi sənətə qurban verdiniz...

- Yox, belə deməzdim. Ailəm yox idi axı. Bir mən idim, bir də yoldaşım. Ailə böyük bir məfhumdur. Mən öz ailəmə görə o kiçik ailəmi dağıtdım. Mənim öz ailəmin yanında o, ailə sayılmırdı.


- İkinci dəfə ailə qurmamağınıza səbəb nədi? Layiqli namizədlər olmadı, yoxsa sizin sənəti atmağınızla bağlı qarşınıza şərt qoyuldu?

- Yox, elə bir şərt olmadı. Sadəcə mən səhnə üçün yaşamaq istəyirəm. Övladım yoxdur, amma tələbələrimin hamısını öz balam kimi qəbul edirəm. Müəllimədən çox, “ana”, “mama” deyə mənə müraciət edirlər. Həyatdır da. Hər insana bir ömür verilir, hərə də o ömrü bir cür yaşayır. Mənim də ömrümə nə yazılıbsa, onu o cür yaşayacağam.


- Ömrünüzə yazılan yazının əsas hissəsini teatr təşkil edir. Bugünkü teatr mühitindən razısınız?

- Razıyam, çox razıyam. Niyə də razı olmayım? Əgər bu gün qastrollara gediriksə, tamaşamıza tamaşaçı gəlirsə, teatr adamlarına hörmət qoyulursa, sayılıb-seçilirlərsə, niyə razı olmayaq?


- Sadaladıqlarınız tam razı olmağa əsas verir ki? Bəzi sənət adamları teatrın bugünkü durumundan, dramaturgiya qıtlığından və rejissuradan narazıdırlar axı.

- Teatrda doğrudan da rəngarəng repertuar yaranacaq. Klassik dünya, rus, Azərbaycan ədəbiyyatından tutmuş müasir dramaturgiyaya qədər. Hazırda o pyesləri oxuyuruq. Biz yəqin sentyabrdan sonra teatrın öz binasına köçəcəyik. Ondan sonra mənə elə gəlir ki, hər şey yaxşı olmalıdır. Mən buna inanıram.

- Müasir dramaturgiya deyirsiniz, amma həmkarlarınızın çoxu səhnələşdirmək üçün qaneedici müasir bir pyesin tapılmamasından şikayətçidir.

- Düzdür, o vaxt Anardan sonra... Yəqin ona da baxacaqlar. Hazırda müasir dramaturqlardan Əli Əmirli əsər gətirir. Bir də Elçin müəllimin əsərləri maraqlıdır, oynanılır. Təəssüf ki, aktyorlar xəstələndiyinə görə bəziləri repertuardan çıxıb. “Mənim ərim dəlidir” tamaşasını oynayanda ləzzət alırdım. Neçə il o tamaşa teatrda getdi. Siyavuş Aslan xəstə olduğuna görə repertuardan çıxdı. Əvvəl dublyor sistemi yığışdırılmışdı, indi yenə bərpa olunacaq. Dublyor sistemi olanda, rəqabət də olur.


- Siyavuş Aslan xəstədirsə, onun rolunu oynayacaq başqa aktyor yoxdur ki, əsəri repertuardan çıxarırlar?

- Əlbəttə, var. Amma illərlə oynanılan tamaşalar artıq istər-istəməz repertuardan gedir, yeniləri gəlir.


- Əsas da elə budur ki, yenilər qaneedicidirmi?

- Mənə elə gəlir ki, ona də bir əl gəzdiriləcək. Nəsə mənim ümidlərim çoxdur, içim rahatdır. Narahat deyiləm. Yaxşı olacaq.


- Teatrla bağlı fikirləriniz müsbətdir, bəs niyə sizi kinolarda görmürük?

- Axırıncı dəfə Şamil Nəcəfzadənin “Qala” filmində çəkildim. Rasim Balayevin həyat yoldaşı obrazını canlandırdım. Dəvət olunanda gedirəm. Film də azdır axı. Ümumiyyətlə, əvvəllər də bizi çəkmirdilər ki. Ya kənardan aktyor gətirirdilər, ya da eyni adamları çəkirdilər. Buna görə o vaxt hardasa bir küskünlük oldu kinostudiyaya qarşı. Həqiqətən çəkmək istəyəndə də getmirdim, fikirləşirdim ki, yenə sınaqdan keçirib çəkməyəcəklər. Amma “Qala” filmində sınaqsız çəkildim.


- O küskünlük hələ də qalır?

- Yox, indi dəvət olsa, əlbəttə çəkilərəm. Amma mən teatrı kinodan çox sevirəm. Teatrın nizam-intizamı başqadır. Mən dəqiqliyi sevirəm. Həm də məni tamaşaçılara daha çox televiziya tamaşaları tanıdıb sevdirdi. Buna görə efirə minnətdaram. Xoşbəxtəm ki, baş rolda çəkildiyim 20-dən çox tamaşa televiziyanın “Qızıl fond”unda saxlanılır.


- O televiziya tamaşaları efirə çıxan vaxtdan indiyədək tərəf müqabiliniz Yaşar Nuri ilə sizin aranızda sevgi macərasının olduğu hələ də deyilir. Tamaşadakı məhəbbət həqiqətən həyatda da varmı? Yaşar Nuri əməliyyat olunan vaxt sizin onun yanında olmanız bu şayiələrin qüvvətlənməsinə daha da əsas verdi...

- Yox, biz yaxın dostuq. Mən onu çox istəyirəm. Onun balaları elə bil mənim balalarımdı. Onun həyat yoldaşı Rəhimə xanım da çox ağıllı, həyat sevən, insanı başa düşən, nikbin adamdır. Harasa gedəndə evdən onu mənə tapşırırlar, məni də ona. Biz sadəcə çox yaxın dostlarıq. O fikir tamaşaya görə yaranıb. Üzdən baxıb elə düşünürlər, amma içimizdə nələrin olduğunu bilmirlər.


- İkinci dəfə ailə qurmaq fikriniz heç yoxdur?

- Yox. Ailə həyatının üzərindən xətt çəkmişəm. Yenə də bilmirəm, o da Allahın işidir. Hələ elə bir fikrim yoxdur. Heç elə bir insan da yoxdur ki, qarşıma çıxan kimi məni həyəcanlandırsın, içimi titrətsin.


- Bəs Kadir İnanır nə oldu?

- O, mənim sevdiyim aktyorlardan biri idi. Fikirləşdim ki, niyə gedib görməyim onu?! Getdim görüşdüm, çəkiliş meydançasına baş çəkdim. Bir neçə saat birlikdə olduq. Dedik, güldük, söhbətləşdik. Sənətimizlə çox maraqlandı. Nə vaxt Azərbaycana gəlsə, başım üstə yeri var. O özü də Azərbaycanı çox sevir. Ən böyük arzusu da Babək rolunu oynamaqmış. Bir ildən çoxdur, heç bir əlaqəm yoxdur Kadirlə. Başım qarışdı “Yaprak dökümü”nün Ali Rza bəyinə (gülür). O filmdə çəkilənlər çox yaxşı insandırlar. Hər bayramda zəngləşirik. Amma bilmək olmaz, dəli beynim qızsa, bir də gördün getdim Kadirin dalınca...

Xəyalə Muradlı

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2182

Oxşar yazılar