Rasim Balayev: “Yanımızdakı əqrəb tullanıb bizi çalmaq istəyirdi”
“Persona” rubrikasının qonağı xalq artisti Rasim Balayevdir. Aktyor bizimlə söhbətdə ömür yolundan, həyatda üzləşdiyi ağrı-acılardan, sənətin çətinliklərindən və şirinliklərindən danışdı...
- Rasim Balayevin günləri necə keçir?
- Gündəlik işə gəlirəm, Kinematoqrafçılar İttifaqında müəyyən tədbirlərimiz olur. Qabaqkı kimi o qədər çəkiliş yoxdur. Düzdür, bu yaxınlarda bir filim olmalıdır, orada çəkilişə hazırlaşıram. Amma vaxt olub ki, ildə 3 filmə çəkilmişəm. Bu gün o cür yüklənmə yoxdur. Məişət qayğıları, ev... Gündəlik yaşam tərzim budur. Fikirləşirəm ki, əvvəlki kimi 3 filmə çəkilməyin, burdan ora, oradan bura getməyin, qaçmağın mən öhdəsindən də gələ bilmərəm, yorularam. O cavanlıq idi, insanda müəyyən bir dövr idi, o da keçib getdi. Xüsusi, fərqli həyat tərzi yaşamıram.
- Elə qaynar həyatdan sonra indiki həyatınızı darıxdırıcı sayırsınız?
- Bir az darıxdırıcıdır. Amma onun müqabilində özümə müəyyən iş tapıram. Dəniz qırağına gedir, gəzişirəm. Nəvələrlə də məşğul oluram. O da bu dövrdə bir məşğuliyyətdir. Belə.
- Oynadığınız rollardan taleyi, xarakteri sizə bənzəyən olubmu, hansısa bir bənzərlik görürsünüz?
- Əsasən klassik rollar oynamışam. Düzdür, müasirlərimi də oynamışam. Mənimlə taleyi, yaşam tərzi, xarakteri uyğun gələn adam olmayıb. Tamam başqa adamam. Mən deyə bilmərəm, yaxın dostlarım, ünsiyyətdə olan adamlar məni xarakterizə edə bilər.
- Məsələn, Rasim Balayev nə qədər Babək kimi sərt, Nəsimi kimi…
- Mən onlar kimi ola bilmərəm. Məsələn, ola bilsin ki, Nəsimi prinsipiallığı, yaxud Babəkin qəhrəmanlığı bir insan kimi məndə yoxdur. Fikirləşirəm ki, onlar edən hərəkətləri mən edə bilmərəm. Mən o igidliyi, qəhrəmanlığı, ölümün üzünə dik baxmağı onlar kimi edə bilmərəm. Mən tamam başqa adamam.
- Elə bir rol var ki, o rolu oynamağı arzulayırsınız?
- Kinoda konkret ssenari yazılır, bilinmir də 2 il sonra hansı əsər çəkiləcək. Çünki ssenari konkret yazılır, qəbul olunur və o ssenariyə uyğun rejissor aktyorlar axtarır. Məni tanıdıqları üçün əvvəldən deyirlər ki, filan bir ssenari var, orada sənin rolun var. Vaxtilə məni də çox yoxlayırdılar. Bir rola 4-5 namizəd olurdu. Bədii Şura ona baxır, qiymət verirdi. O rola kim daha uyğundur, 15-20 nəfərin fikri ilə həmin rola o şəxsi təsdiq edirdilər. Bu gün elə şey yoxdur. Ona görə də əvvəlcədən demək olmur ki, hansı rolu oynayacağam. Ssenari yazılır, qəbul olunur və rejissor o rollara uyğun əvvəl xarici görkəm, sonra aktyorluq qabiliyyəti etibarı ilə sınaq çəkilişləri aparır. Nəhayət, 1 nəfəri seçir, təsdiq edirlər.
Düzdür, “Nəsimi” filmi mənim ilk böyük işim olduğu üçün çox yoxlandım, çox məşq oldu. Bəzən soruşurlar ki, oynadığınız rollardan hansı sizə daha əzizdir, deyirəm ki, rolların hamısı əzizdir, onları yaşamışam, pis-yaxşı nail olub-olmamışam, o başqa şeydir. Epizod rola da ciddi yanaşmışam, çünki o da bir insandır və onun da taleyini oynamaq lazımdır. Amma Nəsimi mənim üçün bir vəsiqə verib, yaşıl işıq yandırıb. Yaxşı yadımdadır ki, “Nəsimi” filmindən sonra mən SSRİ məkanında sınaq çəkilişləri olmadan çoxlu rola dəvət aldım. Deyirdilər ki, bizdə filan əsər var, təsdiqlənmisiniz, xahiş edirik ki, gəlin. Düzü, mən həmişə ciddi yanaşırdım, deyirdim ki, ssenari ilə tanış olmalıyam, bilməliyəm ki, kimi oynayıram. Amma indi bilinmir. Məsələn, indi bir film var, ona çəkiləcəyəm. Ona görə də bığ saxlamışam. Amma gələn il hansı iş olacaq, bilinmir. Düzdür, ABŞ-da, yaxud Rusiyada məşhur kino ulduzları var, məxsusi aktyor üçün rol yazırlar.
- Aktyor olmaq, bu sənətə gəlmək fikrinə necə düşmüsünüz?
- Bu, birdən-birə məndə yaranmayıb. Filmlərə baxdım, mənim 12-14 yaşım olanda o vaxt bizdə televizor yox idi. Bizim evdə televizor 1962-1963-cü illərdə, mənim 15 yaşımda oldu. Onda da televizor necə idi? Bir konsert, bir kino verirdilər, çünki televiziya təzə yaranmışdı. Biz əsasən, kinolara baxırdıq. Orta məktəbdə oxuduğumuz uşaqlarla kinoya baxmağa gedirdik. Ola bilsin ki, eyni maraqla baxırdıq, onlarda yox, amma mənim içimdə o sənətə bir meyl əmələ gəlirdi. Sonra yavaş-yavaş bədii qiraət, ədəbiyyat dərsində şeir deməklə fərqləndim. Deyilənə görə, diksiyama, səsimə görə məndə yaxşı alınırdı. Məktəbdə radio qovşağı vardı, uzun tənəffüslərdə verilişlər hazırlayırdıq. Bayramlarda, valideyn iclasında səhnəciklər düzəldirdik. Lap əlaçı olmasam da, mən həm də orta məktəbdə çox yaxşı oxumuşam. 9-10-cu siniflərdə ədəbiyyata, sənətə meylim olduğu üçün dəqiq elmlərə o qədər fikir vermədim. Çünki qərara almışdım ki, aktyor olacağam. 9-10-cu sinifdən sonra aktyorların həyatı barədə, romanlar, ədəbiyyat oxumağa başladım. Evdə istəmirdilər və inanmırdılar da ki, bu instituta qəbul olacağam. Evdə yol pulu verdilər, gəlib qohum evində düşdüm, imtahan verib qəbul oldum. Qəbul kağızını aparanda məəttəl qaldılar.
- Ailəniz necə bir ailə idi?
- Atam partiya sovet işçisi olub, “raykom”da işləyib. Rəhmətə gedəndə İcraiyyə Komitəsində katib işləyirdi. Anam cavanlığında kolxozda işləyib, “staxanovçu”, yaxşı pambıq yığan olub. Sonra da evdar qadın olub.
- Ali məktəbə qəbul olanda sevinmədilər?
- Yox, o qədər sevinmədilər. İstəmirdilər, aktyor olum. Amma mane də olmadılar. Bir var ki, istəməyəsən, deyəsən ki, yox, bizim nəsildən artist-filan çıxmayacaq. Belə şey olmadı. Dedilər ki, tarix fakültəsinə, hüquqa sənəd ver. Mən o vaxt çox yaxşı hazırlaşmışdım, hələ orta məktəbdə ali məktəb kitablarından oxuyurdum. Bu fakültələrə qəbul olmağa potensial imkanım vardı. Amma həvəsim aktyorluğa oldu. Sonra mən tələbə vaxtı radioda, televiziyada çıxış edəndə yavaş-yavaş fəxr etməyə başladılar. Valideynlərimə zəng edirdilər ki, oğluna baxırsanmı?! Hiss edirdim ki, yavaş-yavaş mənimlə barışırlar, inanırlar ki, yaxşı sənətçi olacağam.
- Sənətə gəldiyinizə görə peşmançılıq keçirdiyiniz anlar olubmu?
- Peşmançılıq keçirdiyim anlar olub. Müəyyən müstəqil sənətlər var. Məsələn, bəstəkar, yazıçı. Bu insanlar müstəqildir, gecə, yaxud gündüz işləyir, 1 gün keçəndən sonra oturub oxuyur, cırıb, təzədən yazır, yaxud xoşuna gəlir, davam etdirir. Bizim sənətə gəlincə, məsələn, mən bir neçə rol oynamışam. Kiminsə dəvətindən asılıyam. Məni dəvət etməyə də bilərlər. Deyə bilmərəm ki, mənə rol ver, xahiş edirəm. Bir növ asılı sənətdir. Düzdür, bu sənətin özündə müəyyən müstəqillik də, yaradıcılıq da var. Amma dediyim sənətlərdən fərqli olaraq bir az asılılıq var. Bəzən hamı öz planları barədə danışır, aktyor danışa bilmir. Axı bilmirsən ki, sabah kim səni nə vaxt və hansı filmə dəvət edəcək.
Düzdür, çox olmayıb, amma bəzən səbatsız, yerində olmayan rejissorla işləmişəm. Öz-özümə demişəm ki, bu nədir, gəlmisən, heç nədən başı çıxmayan insan sənə göstəriş verir, qalırsan belə. Yaxud çətin anlar olub, ac-susuz, Qobustanda çölün düzündə. Demişəm ki, camaat oturub gül kimi şəraitdə, kabinetdə, məktəbdə dərsini deyir, bu nə sənətdir, tozun-torpağın, əqrəbin yanında. Baxırdıq ki, yanımızda bir əqrəb tullanıb bizi vurmaq istəyir. Bu hisslər məndə olub, amma ötəri, tez keçib. Axı bu sənətin şirinliyi də var! Həmişə məndən sonra gələn aktyorlara, sayılan adamlara deyirdim ki, çox göydən getməyin. Ümumiyyətlə, sadə insanları çox sevirəm. Deyirdim ki, siz heç kimdən artıq deyilsiniz, sənətə görə sizə hörmət edirlər və bunun qədrini bilmək lazımdır. Bəzən uğurdan baş gicəllənmələr də olur. Adam küçəyə çıxır, ictimai yerə gedir, hamı salam verir. Bəzi adamlar bundan çaşır. Gərək çaşmayasan. Bu uğurlar normal adamı daha məsuliyyətli edir. Çünki sənin hər hərəkətinə, necə oturub-durduğuna göz qoyurlar. Ona görə sənətin şirinlikləri də var. Hər yerdə diqqətdəsən, bu da var. Bu, çəkilən əziyyətləri silib aparır.
Təsəvvür et ki, “Babək” filmində 50 dərəcə istinin altında, atın üzərində durmuşam, bədənimdə 14 kiloqramlıq ağır paltar. Rejissorun komandasını gözləyirik ki, indi hücuma keçəcəyik. Bir də görürsən ki, fişəng atdılar, 300 atlı tərpəndik. Sonra bir də fişəng atdılar ki, yox, dayanın. Təzədən qayıdırsan. O adamlar təzədən qayıdıb yerini alınca xeyli vaxt keçir. İsti, qan-tər gedir, saqqal, bığ... Belə çətinliklər də var. Ancaq o iş yaxşı alınırsa, xoş hisslər çəkilən əzabı silib süpürür.
- Azərbaycanda aktyor sənəti insanın özünün yaxşı yaşaması, ailəsini yaxşı dolandırması baxımından nə dərəcədə fərqlənir?
- Çətindir. Düzdür, dünyada başqa cürdür. Allahın Rusiyasında başqa cürdür. Rusların bu gün aldığı qonorarın 5-10 faizini biz almırıq. Hələ sovet vaxtını deyirəm. Təsəvvür edin ki, mən Nəsimi roluna görə 1600 rubl pul, yaxud iki seriyalı “Babək” filminə görə 4 500 rubl pul almışdım. 4500 rubla bir “Jiquli” almaq olardı. Amma xaricdə elə filmə görə 10 milyon dollar və s. alırlar. Belə fərq var. Amma sovet dövründə yaşayırdıq. İndi müstəqil olmuşuq. Düzdür, bir az ondan yaxşıdır, lakin dünya standartlarına uyğun deyil. Rusiyada bir baş rola görə aktyor 100-150 min dollar pul alır. Bizdə o yoxdur. Bizdə baş rola 3-5 min verirlər. Bu da 5-6 ay ərzində olur. Aya bölünəndə 500-600 manat pul düşür. Məsələn, mən Türkiyədə çəkilmişəm. Orada Sərdar Gökhan adlı məşhur aktyorla bir filmdə çəkilmişəm. O soruşurdu ki, mənim obyektim, restoranım varmı? Deyirdim ki, yox. Soruşurdu ki, bəs necə yaşayırsan? Deyirdim ki, belə, filmlərə çəkilirəm, yaxud dublyajda oluram. Deyirdi ki, yox, mən filmlərdən aldığım qonorara bir restoran aldım, ona görə də bilirəm ki, mənim müəyyən yaşam ehtiyacımı o təmin edir, ona görə də ssenarini seçirəm, bəzisinə deyirəm ki, bu, mənlik deyil. Bu mənada bizim işimiz çox müşküldür. Yenə sağ olsun prezidentimiz, müəyyən aktyorlara təqaüd verir. Mən də prezident təqaüdü alıram, mənim çox dadıma çatır. Amma bu, hamı üçün deyil axı! Tutaq ki, teatra gedirsən, orada 5-3 nəfər prezident təqaüdü alır, başqaları 150-160 manat pul alır. Onlar da məcbur olurlar ki, toylara tamada gedirlər. Bu baxımdan çox çətindir. Yaradıcı adam gərək dolanışıq barədə az fikirləşsin. Çünki bütün fikri öz işində olmalıdır. O mənada bir az çətinliklər var.
- Bəs necə etmək olar ki, ən azı Türkiyə kinosu səviyyəsinə qalxaq?
- Mən onun araşdırıcısı kimi çıxış etmək istəmirəm, araşdırıcısı deyiləm. Amma öz subyektiv fikrim var. Bu gün Azərbaycan kinosunda bir durğunluq gedir. Yaxşı ssenarilər yoxdur, qabaqlar yaxşı ssenari yazanlar vardı. Bu gün bu barədə çox kasadlıqdır. Köhnə nəsil gedib, 1-2 nəfər qalıb, yeni nəsil yetişmir. Bunun da obyektiv-subyektiv səbəbləri var. Yadımdadır, 6-7 il Azərbaycanda kino çəkilmədi. İldə 4 film Mərkəzi Televiziyanın sifarişi ilə, 4 film də Böyük Ekran üçün çəkilirdi. 8 film çəkən kinostudiya birdən-birə dayandı. SSRİ dağıldı, müəyyən struktur, maliyyələşmə vardı, pozuldu. 5-6 ilin içərisində zəncirin ucu itdi. Ənənələr vardı, ola bilsin ki, bu gün Azərbaycanda yeni rejissor nəsli yetişə bilərdi. Amma o illərdə gələn gənclər gördülər ki, kino çəkilmir. O gənclər telestudiyalarda işləməyə, klip çəkməyə üstünlük verdilər. Bəlkə də onların içərisində kino çəkməyə potensial imkanı olanlar vardı. Amma özlərini klipə sərf etdilər. Klip də çox sərfəli şeydir, 5-6 günə çəkir, 1 aya da hazırlayırlar, xeyli də qonorar alırlar. Onlar isə böyük kinonun böyük əzabına qayıtmazlar. Mən buna inanmıram. Əgər kinonu çəkib, 50-100 min pul alsalar, bəlkə də geri qayıdarlar. Amma ayda 1-2 klip çəkir, xeyli pul qazanır. O pulu kinoda qazana bilməz.
Ümumiyyətlə, kinoda bir neçə il inkişaf olmadı, insanlar gəlmədi. İndi də tək-tək gəlirlər. 2-3 nəfərdən başqa, özünü sübut edən gəncləri görmürəm, yaxşı ssenari yazanlarımız yoxdur. Amma bəzən bədbinliyə uysam da, tez bədbinliyi qovuram və buna təbii hal kimi baxıram. Çünki ədəbiyyatda da, sənətdə də, musiqidə də, idmanda da tənəzzül və inkişaf mərhələləri olur. İndi tənəzzül dövrünə düşmüşük. İnanıram ki, zaman gələcək, öz sənətkarlarını yetişdirəcək. Amma 5, yaxud 10 ilə yetişəcək, onu deyə bilmərəm. Çünki hər şeyə qoşuluruq, texnikada, başqa şeylərdə dünya sivilizasiyasına uyğunlaşırıq, yəqin ki, bu, kinoda da olacaq. Ancaq bunun üçün zaman lazımdır.
- Yeri gəlmişkən, hətta Moskvada, xaricdə məşhurlaşan görücülərimiz də peyda olub. Düşünmürsünüz ki, bəlkə kinonun gələcəyi ilə bağlı görücüyə, falçıya müraciət edəsiniz?
- Mən “Quran”a daha çox inanıram, iki dəfə oxumuşam. Mənim səsimlə “Quran” yazılıb. “Quran”da belə adamlara qarşı çox pis münasibət var. Peyğəmbərlik hər adama verilmir. Bu, vergidir. Tarixdə Nostradamus olub, onun tarixdə dedikləri müəyyən qədər əksini tapıb. Deyəsən, belə vergili adamlar var. Amma bunu ifrat dərəcəyə çatdırıb, bundan sui-istifadə edərək insanları aldadanların sayı daha çoxdur. Hər şeyin Allahın əlindədir. Bu insanlara gah inanır, gah inanmıram.
- Həyatınızda falçıya müraciət etdiyiniz, ünsiyyətdə olduğunuz anlar olubmu?
- Olub. Mən institutu qurtarmışdım. Azərbaycan Dövlət Dram Teatrına getmək istədim, götürmədilər. Tədris Teatrında qaldım, sonra mənə saat hesabı dərs verdilər. Lakin bu, məni qane etmirdi. Çox ruhdan düşmüşdüm. Bir dostum vardı, rəhmətliyin qardaşı itkin düşmüşdü. Qardaşı əsgərliyə getmişdi, nə ölüsü, nə dirisi bilinirdi. Dostum qardaşı ilə bağlı SSRİ Müdafiə Nazirliyinə müraciət etdi. Nə qədər çalışdı, bir məlumat öyrənə bilmədi. Günlərin birində mənə dedi ki, sirkin yanında bir baxıcı var, mənimlə ora gedək, tək getmək istəmirəm. Ora adətən qadınlar gəlirdi. Razılaşdım. Getdik, gördük ki, orada çoxlu qadın var, gözləyir. O, qolları şikəst bir qadın idi, kartla fala baxırdı, qızı da kömək edirdi. Adı Dusya idi, azərbaycanlı deyildi, deyəsən, yəhudi idi, qarışığı vardı. Birdən 1 nəfər gəldi. Bizi növbədən kənar içəri keçirdi. Dedi ki, qadınlar bura çox gəlir, kişilər çox az gəlir, kişilər gələndə növbəsiz olur. İçəri keçdik. Dostum dərdini dedi. Qadın da o yana, bu yana baxdı, dedi ki, naməlumdur, qardaşınızı axtarmayın, o adamı siz görməyəcəksiniz, ölməyib, siz də onu görməyəcəksiniz. Birdən qadın qayıtdı ki, cavan oğlan, sən nəyə baxdırmaq istəyirsən? Mənim o zaman 21-22 yaşım vardı. Əvvəl fikrim yox idi, sonra dedim ki, mənə də baxın. Kartı açdı. Mən o vaxt kirayədə qalırdım, perspektivim bəlli deyildi. Az qalırdım ki, rayona çıxıb gedəm, klubda, mədəniyyət şöbəsində bir işdə işləyəm. Çünki görürdüm ki, perspektiv yoxdur. Belə bir anda bu qadın karta baxdı. Mənə 3 şey dedi. Mən o vaxt heç ev növbəsinə götürməmişdilər. Sovet vaxtı insanı növbəyə götürür, 10-15 ildən sonra ev verirdilər. Qadın dedi ki, bu yaxınlarda evim olacaq. Təbii ki, buna inanmadım. Sonra dedi ki, siz çox məşhur adam olacaqsız. Buna da inanmadım ki, işim-gücüm yox, necə məşhur adam olacağam. Sonra da dedi ki, çox əziz adamınızı itirəcəksiniz. Çıxıb gəldik. Üstündən 4-5 ay keçəndən sonra qəfil atamı itirdim, ürəyi dayandı. 1 il sonra məni “Nəsimi” filminə çağırdılar. O filmə çəkildim və mənə dərhal ev verdilər. “Nəsimi” filmindən sonra məşhur adam oldum. Fikirləşdim ki, bu qadının dedikləri düz çıxdı. Həyatımda birinci və axırıncı dəfə falçı ilə bağlı belə bir şey olub, ondan sonra heç kimə müraciət etməmişəm. Ona görə də hardasa bir az inanmağım gəlir, sonra da qalıram belə. “Quran”la düz gəlmir. Çünki deyir ki, insanın taleyini, öncəgörməni yalnız Allah bilər. Görünür ki, xüsusi vergili adamlar da var, amma bu gün bundan çox sui-istifadə edirlər. İnsanların çətin durumundan, bir az qarma-qarışıqlıqdan istifadə edirlər.
- Övladlarınızın, nəvələrinizin bu sənəti davam etdirmələrini arzulamısınız?
- Yox. Belə bir arzu ürəyimdən keçməyib. Çünki elə məşəqqətlər, əziyyətlər çəkmişəm ki, bunu uşaqlarımın çəkməsini istəməmişəm. Ətrafımdakı aktyorların da vəziyyətinə baxmışam. Çoxları mənim yanımda bu sənətdən gedib, kimdə alınıb, kimdə alınmayıb. Bu sənətdə uğur qazanmaq üçün Allahın vergisi, istedad lazımdır. İkincisi, zəhmətsevərlik şərtdir. Üçüncüsü, şans, bəxt olmasa, mümkün olmaz. Nəhayət, ölkədəki mədəniyyətin vəziyyəti də şərtdir. Bu gün tənəzzül dövrüdür. Bu tənəzzül dövründə sən nə edə bilərsən? Məsələn, öz-özümə fikirləşirəm ki, tutaq ki, mən 1969-cu ildə yox, bu il institutu qurtarmışam. Mən nə edəcəkdim? Mən bu teatrların heç birinə gedə bilməzdim, yəqin ki bu sənətdə qala bilməzdim. Ona görə də övladlarıma demişəm ki, elə sənətdə oxuyun ki, sonra peşmançılıq olmasın, müəyyən işin olsun, işdən aldığın maaşla ailəni, özünü dolandıra biləsən. Amma aktyorluq sənətində zəmanət yoxdur. Ola bilər ki, əla
olasan, ola da bilər ki, heç olasan. Amma başqa bir sənətdə bir təşkilatda işləyib müəyyən maaş ala bilərsən. Aktyorluq isə çox qəribə sənətdir.
- Yeri gəlmişkən, ailə qurduğunuz vaxt həyatınızın yüksələn dövrünə, yoxsa problemlərlə üzləşdiyiniz dövrə təsadüf etdi?
- 1970-ci ildə evlənmişəm. Bu il evlənməyimin 40-cı ildönümüdür. Amma mən 1974-cü ildə məşhur olmuşam. 1973-cü ildə “Nəsimi” filmi çəkilib. Bir oğlum 1971-ci ildə, digər oğlum 1972-ci ildə anadan olub. Övladlarım balaca olanda mən kirayədə qalırdım və çox az bir maaş alır, çox ehtiyacla yaşayırdım. Kömək edirdilər, o kömək də atam rəhmətə gedəndən sonra kəsildi. Dolanışıq olmadığı üçün rayona getmək istəyirdim.
- Evlilik həyatınızda özünüzün istəyini, yoxsa ailənizin seçimini əsas götürmüsünüz?
- Mən əmim qızı ilə evlənmişəm. Evdə də sən deyən bunu istəmirdilər. Amma bizdə məhəbbət yarandı. Düzdür, hər bir evdə olduğu kimi müəyyən narazılıqlar, qalmaqallar da olub. Amma bir-birimizə qarşı münasibətin nəticəsidir ki, uşaqları böyütdük, ailəmiz dağılmadı və bu günə qədər davam edir. Bizim ailə qurmağımızda kiminsə məcburiyyəti olmadı, öz istəyimizlə oldu.
- Bir aktyor kimi yəqin ki, qadın pərəstişkarlarınız olub. Bu, ailə həyatınıza necə təsir göstərib?
- Mənə qadın pərəstişkarlarımdan zənglər, məktublar olub. O məktubların çoxunu hələ saxlayıram. Amma çox şükür ki, mən o zənglərə, məktublara uymamışam.
- Xanımınız qısqanmayıb?
- Bəzən qısqanclıq olub. Çünki gecə saat 3-də zənglər də olub. Düzdür, mən səbirsizlik də etmişəm. Nəhayət, yoldaşım dəqiq bilib ki, mən ailə adamıyam. Xanımım buna inanıb. Küçədə gedəndə hamı, cavan qızlar, oğlanlar bizə baxırdılar. Yoldaşım qəbul etmirdi ki, niyə baxırlar. Deyirdim ki, axı məni filmdən tanıyırlar! Sonra bütün bunlar adiləşdi. Mən özüm institutda oxuyanda küçədə müğənnini, aktyor görəndə arxasınca düşürdüm ki, görüm necə yeriyir, necə geyinib. Bunlar təbii şeylərdir.
Ramiz Mikayıloğlu

1649