Baba Vəziroğlunun buludu və tək çiçəyi…
22 iyun 2010 11:30 (UTC +04:00)

Baba Vəziroğlunun buludu və tək çiçəyi…

…Mən onu uzaq və yaxın 94-cü ilin Azərbaycan Televiziyasında müəllifini bilmədiyim şeiri söyləyəndən sonra daha çox tanıyırdım.



Ancaq bu il həmin şeirin yaddaşımda ilişib qalan bir misrasının qol-qabırğasını sındıra-sındıra Elçin Əlibəyliyə söyləyəndə ondan Blok intonasiyasıynan “Baba müəllimin şeiri”ni bir daha eşitdim. Bu həmin şeir idi. Aleksandr Blokun Anarın tərcüməsində Baba Vəziroğlunun dilindən səslənən məşhur şeiri…



…«Azərbaycanda ondan bəxtəvər, ondan dərdsiz insan və şair varmı» deyənlərlə mübahisə eləməyə həvəsim yoxdu. Həqiqətən, şeirlərinə ən gözəl mahnılar yazılıb, bələd olduğum qədəriylə əla publisistikası var, illərdir, Azərbaycan mədəniyyətində imzasını, ən əsası simasını qoruyub. Mən indiyə qədər Baba Vəziroğlunun adını kiminsə qaralanması, kiminsə şit və mənasız tərifiylə bağlı eşitməmişəm. Əksinə, şairimizdən dostumuz Əlibəyliyə «rəhmətlik Telman Hacıyev yadındadımı» sualını, «o kişini unudublar, bəlkə televiziyada bir anım keçirək» təklifini eşitmiş, təklifinin qəbul olunduğunda uşaq kimi sevindiyini, insan kimi gözlərinin dolub unudulmuşlar-unudulmazlardan olan bəstəkardan zümzümə elədiyini görmüşəm. Mən görmüşəm Baba Vəziroğlu Ramiz Rövşəndən, Hafiz Baxışdan tutmuş indinin cavanlarına qədər hər kəsin şeirlərini sevə-sevə necə dinləyib. Mən onun düşüncəsindən, mövqeyindən, hətta özünə münasibətindən asılı olmayaraq, Azərbaycanın bütün söz və qələm adamlarına necə hörmət eləməsinin, hamının SÖZ xətrinə sevilməli olduğuna inanmasının şahidiyəm. Bu mənada böyük sevgi insanı və SÖZ adamı olan Baba Vəziroğlu haqda «Azərbaycanda ondan bəxtəvər, ondan dərdsiz insan və şair varmı» fikrini söyləyənlə niyə mübahisə eləyim? Əgər insanda zərrə qədər kin, qərəz, xəbislik yoxdursa, bəxtəvərlərin bəxtəvəri, dərdsizlərin dərdsizi deyilmi?


…Baba müəllimin vaxtaşırı Bakının başçatladan səs-küyündən uzaqlaşdığını, bir dəfə mənim də qonaq olduğum Buynuzdakı evinə getdiyini bilirəm. Bir pəncərəsi İsmayıllının sıx meşələrinə, o biri pəncərəsi müqəddəs Baba dağının zirvəsindən başlayan Göyçay çayına baxan bu sadədən də kənd evi dostumun dünyaya, dünyanın var-dövlətinə, şan-şöhrətə olan münasibətinin sübutudur. Mən Buynuzdakı söhbətlərimizdən sonra təzədən bildim ki, Baba Vəziroğlu göründüyü kimi də var: sadə, təmtəraqdan uzaq,


Azərbaycanın, dünyanın ən gözəl sənətkarlarını özünün baş tacı hesab eləyən təmənnasız, təvazökar bir sənət və söz adamı! Əslində, mən dostların şairimizə qıydığı «niyə kitab çıxmır» iradının səbəbini həmişə Baba müəllimdən eşitdiyimiz «tənbəllikdir» cavabında yox, indicə barəsində danışdığım təmənnasızlıqda və təvazökarlıqda axtarılmalı olduğunu gözəl bilirəm.


…Baba Vəziroğlu kimdənsə zəif, kimdənsə güclü yaza bilər və dostumuzdan nə vaxtsa bunun davasının səsini də eşitməmişəm. Ancaq Baba müəllim ona görə nadir insandır ki, bütün ruhu, varlığı, düşüncələri dünyanın fanilikləriylə deyil, söz, musiqi, sənət aləmiylə yoğurulub. Bəlkə, simasından duyulan izaholunmaz kədər məhz bununla bağlıdır? Bəlkə elə buna görə Blokun həmin məşhur şeiri onun dilindən daha gözəl səslənir:

Bataqlıq yer vardı şəhərdən kənar,
Şairlər yaşardı burda bir zaman.
Görüşəndə zorla gülümsərdilər,
Etinasız süzüb bir-bir yaman…


...Yəqin ki, hörmətli «Lent.az» oxucuları bu yazını Baba Vəziroğlunun yaradıcılıq gecəsinin keçirildiyi ərəfədə oxuyurlar. Bu mənim böyük dostum haqqında ilk yazımdır. Ancaq bu yazıya qədər şairlə çox dərdləşmişik deyə, onun sənətə, sənətkarlığa, hətta özünün yaradıcılığına belə qərəzsiz, şişirtməsiz fikirlərinin, söhbətlərinin qulaq şahidiyəm. Mən şairimizi dünyanın əzəli-əbədiliyinə, insana, sevgiyə, ruhaniyyata bağlı bir insan kimi gördüm, tanıdım, sevdim. Hamının da onu məhz bu cür görməsini, tanımasını istəyirəm. Baba Vəziroğlu tanınmağa, sevilməyə layiq insan və sənətkardır. Ən azından, Blok yazdığı kimi, «göydə bulud, yerdə tək çiçək» görüb kövrələn insan, «dünya qəmindən sərxoş sənətkar» olduğu üçün…

İlham Tumas
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1747

Oxşar yazılar