Tahir Məmmədov: “Bizim müsabiqəyə 10 milyon xərcləməyimiz...” - MÜSAHİBƏ
31 may 2010 11:15 (UTC +04:00)

Tahir Məmmədov: “Bizim müsabiqəyə 10 milyon xərcləməyimiz...” - MÜSAHİBƏ

İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov müsabiqə ətrafında yaranan sullara aydınlıq gətirib.

İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İctimai TV) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov Lent.az-a müsahibəsində “Eurovision-2010” Mahnı müsabiqəsində Azərbaycanın qazandığı nəticə və müsabiqə ətrafında yayılan bəzi məlumatlara aydınlıq gətirib.

- Neçə aydır əziyyət çəkirsiniz, bu qədər əziyyətin qarşısında beşinci yer qənaətbəxşdirmi?

- Beşinci yer qənaətbəxşdir. Hər il “Eurovision”da demək olar ki, bir, ya iki favorit ölkə auditoriyanın diqqət mərkəzində olurdu. Səsvermədə çox yüksək nəticələr, rəqəmlər əldə edirdilər. Lakin bu il bütün ölkələr yaxşı hazırlaşmışdılar. Çox yaxşı nömrələrlə çıxış etdilər. Bunu adi tamaşaçılar belə anladılar. Ona görə də favorit sayı çox olduğundan hətta normal performansla səhnəyə çıxan ölkələrin bir çoxu arxada qaldı. Finala çıxanda az xal topladılar və geridə qaldılar. Güclü çıxışların siyahısında Azərbaycanın ilk beşliyə düşməsi çox ciddi bir rəqabətin nəticəsidir. Buna görə də biz fikirləşirik ki, gözəl uğurdur.

- Avropa mətbuatı yazdı ki, Azərbaycan “Eurovision”a 10 milyon avro pul xərcləyib, Səfurə ən bahalı iştirakçıdır...

- Suala sualla cavab verərək soruşmaq istəyirəm: elə bir ölkə varmı ki, öz “Eurovision” mahnı müsabiqəsinin büdcəsini açıqlasın? “Eurovision” mahnı müsabiqəsinin büdcəsini hər ölkə özü üçün gizli saxlayır. Bu, yarışın təşkili ilə bağlı məsələdir. Piar işi hər bir ölkədə müxtəlif cür təşkil olunur. Hər bir ölkə çalışır ki, öz reklamlarını yığsın. Piar işinin bir çox gizli elementləri var. Təbliğat prosesi çox böyük bir prosesdir. Demək olar ki, yarım il davam edir. Buna görə də ölkələrin bu rəqəmi açıqlaması onların təbliğatının növbəti ili üçün müxtəlif cür rəylər yarada bilər. Ona görə də heç kim demir.

O ki qaldı bahalı iştirakçı məsələsinə, ola bilsin, bunu ona görə ehtimal edirlər ki, Səfurə ilə ən tanınmış xoreoqraflardan biri çalışırdı, klipini tanınmış klipmeyker çəkdi. Onun ətrafında çalışan komanda, mahnı və s. kifayət qədər professional və dünyada tanınan simalar idi. Təbii ki, buna görə ehtimal edə bilərlər.

- Axı Norveç öz büdcəsini açıqlayıb.

- O ev sahibidir. Və ev sahibi kimi hər bir ölkə büdcəsinə görə hesabat verməlidir. Ötən il bildiyiniz kimi, Risiya 40 milyon xərclədiyini demişdi. Ev sahibliyi edən ölkə bunu açıqlamalıdır.

- Rusiya mətbuatı da 10 milyon məsələsini qabartdı.

- Bizim müsabiqəyə 10 milyon xərcləməyimiz... Rusiya mətbuatı Azərbaycanın təbliğatı və iştirakı ilə bağlı çox dezinformasiyalar yaydı. Bəzən bu dezinformasiyalara istinadən müxtəlif yazılar yazıldı. Rusiya mətbuatına istinadən digər ölkələrin mətbuatı yazırdı ki, Azərbaycan birinci yeri satın alıb. “Eurovision”un ədalətli mübarizə meydanı olduğu sübut olundu. Bunun özü onu ortaya çıxarır ki, Rusiya mətbuatı dezinformasiya yaratmaqla məşğuldur. Real həqiqəti əks etdirən informasiyanı yaymaqda maraqlı deyil.

- Ədalətli seçim dediniz. Bu bizim beşinci olmağımızla öz təsdiqini tapdı?

- Auditoriyanın səsverməsində Səfurənin ifasına qiymət ədalətli idi... Münsiflərin rəyində... Hər halda, biz nəticədən razıyıq.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1579

Oxşar yazılar