“Get Sarı Şəmistana de ki, Gəray bəyi güllələdim”
27 may 2010 15:30 (UTC +04:00)

“Get Sarı Şəmistana de ki, Gəray bəyi güllələdim”

Həsənağa Turabov ölüm anında gənc yaşda itirdiyi oğlunu çağırıb

“Yeddi oğul istərəm” - IX yazı


“Yeddi oğul istərəm” filminin 40 illik yubileyi ilə əlaqədar olaraq hazırladığımız silsiləni Həsənağa Turabovla tamamlamaq qərarına gəldik. Düşündük ki, Cəlaldan, Şahsuvardan, Uzun Qasımdan, Zalımoğludan, Mirpaşadan, Qəzənfərdən və başçı Bəxtiyardan yazıb, Gəray bəyi xatırlamamaq günah olardı. Odur ki, Lent.az “Yeddi oğul istərəm” silsiləsindən Gəray bəyə – Həsənağa Turabova həsr olunmuş sonuncu yazını təqdim edir.


...Əslində onun ölümü hələ 1997-ci ildən başlamışdı. Sevimli oğlunu - Daşqınını əbədi olaraq itirdiyi gündən. Və elə o gündən həyatının bütün mənası yoxa çıxdı. Və elə o gündən etibarən özü də zərrə-zərrə, addım-addım ölümə doğru yaxınlaşmağa başladı. Ölümünü səbirsizliklə gözləyə-gözləyə. Və elə o gündən – Daşqının ölümündən sonra onun da həyat şamı əriməyə başladı. Əridi, əridi və nəhayət söndü...


“Sən komik yox, dramatik rollar yaratmalısan”

1938-ci il martın 24-də Səttar kişinin evi böyük sevincə qərq olur. Ailənin ilk övladı, oğul payı dünyaya gəlir. Bu oğlandan qabaq bir neçə uşaq da anadan olmuşdu, lakin heç biri sağ qalmamışdı. Xoşbəxtlikdən bu bahar oğlunun ayağı sayalı olur, imam eşqinə adını Həsən qoyurlar. Həsəndən sonra isə daha bir qardaşı dünyaya gəlir. Beləcə, iki qardaş sadə və ziyalı ailədə böyüməyə başlayır. Evləri “Azdrama”nın yanında olduğu üçün atası onları tez-tez teatra aparırdı. Bütün premyeralara, tamaşalara birlikdə gedirdilər. Amma nədənsə Həsəndə bu sənətə istək özünü daha qabarıq büruzə verir. Uşaqlıqdan teatrda böyüyən Həsəndə elə o illərdən aktyorluğa həvəs və maraq oyanır. Hələ məktəbdə oxuduğu illərdə teatr dərnəklərinə getməyə başlayır. Yaşıdlarından da fitri istedadı, biliyi və dəcəlliyi ilə seçilir. Əlaçı olduğuna görə də müəllimləri tərəfindən sevilir. 18 nömrəli məktəbi bitirəndən sonra isə həyatını tamamilə sənətə bağlamaq qərarına gəlir. Və İncəsənət İnstitutuna daxil olur.


Bir gün institutda “Hacı Qara” tamaşasını oynayırdılar. Tamaşanı izləyənlər arasında Adil İsgəndərov da vardı. Adil İsgəndərov tamaşada rol alan tələbələrdən birinə – Həsənə diqqətlə baxır və ona həyatını dəyişəcək bir məsləhət verir: “Sən komik rollar yox, dramatik rollar yaratmalısan”.
Elə bununla da gənc aktyor fikrini dəyişir. Sənət həyatı boyunca demək olar ki, ancaq dramatik obrazlar yaradır.


Ağa Məhəmməd şah Qacar obrazını yaratmaq arzusu ürəyində qalır

İnstitutu bitirəndən sonra isə uşaqlıqdan ən çox sevdiyi məkan olan böyük sənət məbədində - “Azdrama”da aktyor kimi çalışmağa başlayır. Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilir. Aktyorun böyük məharət və sənətkarlıqla yaratdığı obrazlar sənətsevərlər və tamaşaçılar tərəfindən də məhəbbətlə qarşılanır. Gözəl diksiyası, aktyorluq məharəti, səhnə hərəkətləri, obrazı özününküləşdirmək qabiliyyəti onu çoxlarına sevdirmişdi. “Mahnı dağlarda qaldı”da Kamran, “Kəndçi qızı”nda Vahid, “Yaxşı adam”da Azər, “Hamlet”də Hamlet, “Orman qızı”nda Lioneli, “Ölülər”də İsgəndər, “Xəyyam”da Xəyyam obrazları teatr tarixində öz yeri olan rollar idi.


Həsənağa Turabov ömrünün sonlarına qədər bu teatrda işləyir. 1987-2001-ci illər ərzində isə teatrın direktoru və bədii rəhbəri olur. 2001-ci ildə səhhətindəki problemlərə görə öz ərizəsi ilə tutduğu vəzifədən ayrılır. Teatrın direktorluğundan çıxsa da, həyatının son gününə qədər Teatr Xadimləri İttifaqının sədri olur. Doğma teatrına da tez-tez baş çəkir. Hətta son vaxtlar yeni bir rola da hazırlaşırdı. Məşqlərini də etməyə başlamışdı. Arzusu idi, Ağa Məhəmməd şah Qacarı oynayacaqdı. Ancaq qismət olmur. Arzusu ürəyində qaldı.


Rejissor dəyişdirilməsəydi, Gəray bəy roluna Mehdi Məmmədov çəkiləcəkdi

Həsənağa Turabovun teatrla yanaşı, kinonun da inkişafında əvəzsiz xidmətləri olub. Kinonu da teatr qədər sevirdi. Heç birinin arasında fərq qoymurdu, birini o birindən üstün tutmurdu. Onun bədii filmlərdə yaratdığı maraqlı və yaddaqalan obrazlar aktyor həyatının böyük hissəsini təşkil edir. Aktyor müsbət rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi. Həsənağa Turabov “Babək”, “Yeddi oğul istərəm”, “Axırıncı Aşırım”, “Ürək... Ürək...”, “Sevinc Buxtası”, “Çarvadarların İzi ilə”, “Qəm pəncərəsi”, “Dantenin yubileyi”, “Bəyin oğurlanması” filmlərində unudulmaz obrazlar yaradıb. “Qaçaq Nəbi”ni isə Əbdül Mahmudovla birlikdə rejissor kimi çəkib. Son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovun “Ailə” və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olub.

Azərbaycan kinosunun şedevrlərindən biri olan “Yeddi oğul istərəm” filmində Həsənağa Turabovun ustalıqla yaratdığı Gəray bəy obrazı əbədi olaraq tarixə həkk olunub. Bu rol elə bil onun boyuna biçilmişdi. Filmə çəkiləndə aktyorun 32 yaşı vardı. Əslində filmin ilk rejissoru Kamil Rüstəmbəyov bu obraza Mehdi Məmmədovu çəkmək fikrində idi. Lakin sonradan Kamil Rüstəmbəyovu Tofiq Tağızadə əvəz edir. O zaman bu rola yaşlı aktyorlar axtarırmışlar. Lakin Adil İsgəndərov buna etiraz edir: “Məgər Azərbaycan bəyləri qoca, yekəqarın kişi olublar? Onlar at miniblər, igidliklər, mərdliklər nümayiş etdiriblər”.
Bu sözlərdən sonra sınaq çəkilişlərinə gənclər də cəlb olunur. Onların sırasında 32 yaşlı Həsənağa Turabov da vardı. Adil İsgəndərov aktyoru qrimli vəziyyətdə görəndə “əsl Gəray bəy budur”, - deyir. Elə ilk sınaqdan Gəray bəy obrazını cavan aktyora həvalə etmək qərarına gəlirlər.


“Get Sarı Şəmistana de ki, Gəray bəyi güllələdim”. Bu sözlər yəqin ki, çoxuna tanışdı. Bolşevik ideyasını qılınclayan, bəyin yıxılmayaraq ayaq üstə öldüyü bu səhnə filmin demək olar ki, bütün taleyini həll edən epizodlardandı. Bu səhnənin çəkilişi asanlıqla başa gəlsə də, qorunub saxlanması böyük çətinliklə rastlaşıb. Məhz Adil İsgəndərov böyük mübarizələr nəticəsində həmin səhnənin qorunub saxlanmasına nail olur.


“Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb”

“Yeddi oğul istərəm” filmindən sonra hamı onu Gəray bəy kimi tanımağa və sevməyə başlayır. Həsənağa Turabovun qızı Sevinc Turabova (Bakı Slavyan Universitetində alman dili müəlliməsidir) deyir ki, atası Gəray bəy obrazı ilə həyatını yaşayıb: “Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb. Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyniydi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy deyə çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7 yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə dayanıb həyətdə oynayan uşaqlara baxırdım. Məni görən uşaqlar başlayırlar qışqırmağa: “Komsomolu güllələyib öldürən Gəray bəyin qızı Humaydı”. Bu, məni o qədər qəzəbləndirdi...”


Əslində o, atasına həqiqətən də bənzəyir. Özü bu bənzərliyi hiss etməsə də, çoxları bu oxşarlığı asanlıqla sezir. Deyir ki, hətta indi də bəzən tanımadığı biri ona yaxınlaşıb Həsənağa Turabovun qızı olduğunu soruşur. Söhbət əsnasında bir xatirəni də yadına salır Sevinc xanım: “Bir dəfə atamla oturub “Yeddi oğul istərəm” filminə baxırdıq. Son səhnələrdən biri gedirdi. Komsomol Bəxtiyarla Gəray bəyin dialoqu. Ona baxanda atama dedim: “Onu çox istəmirəm, səni vurdu, mən də onu öldürəcəm”.
Atam nə qədər başa salmağa çalışdı ki, artistik, bu kinodu, həyatda belə deyil, yenə də başa düşmədim. Bir dəfə məni kinostudiyaya apardı. Həsən Məmmədov çıxdı qarşımıza. Onu görəndə duruxdum. Atam bizi tanış etdi. Dedi, “qızım, bu, komsomol Bəxtiyardı”. Gözlərim bərəldi ki, orda vuruşurdular, indi öpüşüb görüşürlər. Həsən müəllim gəlib əlimdən tutdu, məni başa saldı: “Biz aktyoruq. Kinoda çox şey ola bilər, amma həyatda dostuq”. Ondan sonra hər şeyi başa düşdüm. Onu da deyim ki, atam özü də Gəray bəy rolunu çox sevirdi”.

Aktyor olduğuna görə, sevdiyi qızı ona vermək istəməyiblər

Sevinc xanım atasıyla anasının məhəbbət hekayətini də danışdı. Demə, Solmaz xanımla Həsən Turabov bir məktəbdə təhsil alıblar. Həsən ondan bir sinif yuxarıda oxuyurdu. Məktəb illərindən bir-birlərini sevirdilər. O qədər bağlanmışdılar ki, onları heç kim və heç nə ayıra bilməzdi, ölümdən savayı. Bəlkə də çoxları elə düşünürdü ki, bu uşaq sevgisidir. Bir azdan hər şey unudulacaq. Amma yox, məktəbdə oxuduqları müddətdə və ondan sonrakı illər də onlar öz məhəbbətlərinə sadiq qalırlar. Solmaz xanım Xarici Dillər İnstitutuna daxil olan kimi gənclər ailə qurmaq qərarına gəlirlər. Həsənağa Turabov elçilərini göndərir. Amma əvvəl rədd cavabı alır. Solmaz xanımın valideynləri qızlarını aktyora vermək istəmirlər. Ancaq mübariz aşiqlər öz sevgilərindən dönmürlər. “Biz mütləq ailə quracağıq”, - deyib inadını göstərir. Solmaz xanım da əhdinə vəfasız çıxmır: “Mən ancaq onu sevirəm və onunla ailə quracam”, - deyir. Nəhayət, Solmaz xanımın valideynləri bir-birini çox sevən bu iki gənci ayırmamaq qərarına gəlir və onların ailə qurmasına razılıq verirlər. 1960-cı ildə sevənlər qovuşur və bu izdivacdan Daşqın, Yalçın, Sevinc adlı övladları dünyaya gəlir: “Daşqın məndən 10, Yalçın 6 yaş böyük olub. İki oğuldan sonra qız övladının olmasını çox arzulayıb atam. Qızı olduğunu biləndə o qədər sevinib ki, adımı Sevinc qoyub. Nəsildə birinci qız demək olar ki, mən idim. Bizim üçümüzü də ərköyün böyüdüb. Bir dəfə də olsun əl qaldırmayıb, döyməyib. “Olmaz” sözünü deməyib. Hara gedirdisə, bizi də özü ilə aparırdı. Çəkilişlərinin çoxunda biz də olmuşuq. Çəkilişlərdə məni qardaşlarıma bərk-bərk tapşırırdı. Maraqlıdır ki, atam gözəl aktrisalarla tərəf müqabil kimi çıxış etsə də, anam onu qısqanmırdı. Ancaq anamın əvəzinə atamı hamıya mən qısqanırdım. Hətta buna görə davaya da çıxırdım”.

“Bizim ailədə sizin səsiniz gələndə, sizi göstərəndə o saat televizoru söndürürlər”


Sevinc xanım maraqlı bir hadisəni də xatırlayır: “Atam təzə ev almışdı, ora mebel aparırdı. Yük maşınında da sürücünün yanında oturmuşdu. Yolda sürücü atama diqqətlə baxır və soruşur: “Siz Həsən Turabovsuz?” Atam “bəli”, - deyə cavab verir. Sürücü ona qəribə bir söz deyir: “Bizim ailədə sizin səsiniz gələndə, sizi göstərəndə o saat televizoru söndürürlər”. Atam da fikirləşir ki, hərənin öz zövqü var, hamı eyni aktyoru sevə belə bilməz axı. Sürücü görəndə ki, atam bunun səbəbini soruşmur, başlayır özü danışmağa. Demə, bu sürücünün qardaşı ölən qardaşının arvadını alıb. Bir dəfə də televizorda “Ölülər” tamaşasını göstərirmişlər. Kefli İsgəndərin “siz ölmüsüz, arvadlarınızı qardaşlarınız alır” sözlərini eşidən qardaş dəli kimi olur. Aparırlar xəstəxanaya müalicə olunur, normallaşır, gətirirlər evə. Ancaq atamın televiziyada, radioda səsini eşidən kimi yenə özündən çıxır, vəziyyəti pisləşir. Məsələni həkimə danışanda məsləhət görür ki, atamın hansısa kinosunu, tamaşasını göstərəndə, radioda səsini eşidəndə tez söndürsünlər. Çünki aktyorun səsini eşidən kimi həmin sözlər onun yadına düşür, halı yenidən dəyişir. Sürücü bunu danışandan sonra atamdan üzr də istədi”.

Oğlu Daşqının vəfatı aktyoru həyatdan küsdürür

Həyatında da, sənətində də hər şey yaxşı gedirdi. Amma 1997-ci ilin mart günlərindən birində bunların hamısı alt-üst olur. Övladlarının ilki olan Daşqının ölüm xəbəri gəlir. Heç kim buna inana bilmir. Axı bu necə ola bilər? Elə dünən gəlib anasının, bacısının bayramını təbrik etmişdi. Sonra da çalışdığı Siyəzən rayonuna qayıtmışdı. Səhərisi evə zəng vurub qara xəbər vermişdilər – “Daşqını əməliyyat vaxtı güllə ilə vurublar”.
Bu xəbər bütün ailəni sarsıdır. Rayona həkim göndərmək istəsələr də, artıq gec idi. Ölüm Daşqını öz ağuşuna almışdı. Oğlunun ölüm xəbəri atasına da pis təsir etmişdi, onu həyatdan küsdürmüşdü sanki. Saatlarla heç nə demədən oğlunun divardan asılmış şəklinə baxırdı.


İrandakı əməliyyatı üçün bağ evini satır


Elə bu faciədən sonra onun da ürəyi xəstəlik tapır. Nə qədər müalicə olunsa da, heç bir xeyri olmur. Həkimlər burda əməliyyatın mümkünsüz olduğunu deyirlər. Nəhayət aktyora İrana əməliyyata getməyi məsləhət görürlər. Həsənağa Turabov bağ evini sataraq əməliyyat pulunu düzəldir və ora yollanır. İranda da həkimlərin çoxu əməliyyata boyun olmur. Çünki aktyorun sağ qalacağına 100 faiz zəmanət vermirdilər. Ancaq Amerikada təhsil alan iranlı gənc həkim bu əməliyyatı öz üzərinə götürür. Beləliklə, Həsənağa Turabovun ürəyində aparılan şuntlama əməliyyatı uğurla başa çatır. Həkimlər əməliyyatdan sonra hələ 3 il yaşayacağını deyir. Amma dərmanlar və xüsusi pəhriz sayəsində aktyor 2 il də artıq yaşayır. Və bu 5 il ərzində bütün meylini oğlunun ölümündən bir neçə ay sonra, noyabrda dünyaya gələn nəvəsi Daşqına salır. Çox istəyirdi nəvəsini. Onunla nəfəs alırdı sanki. Ərköyün böyüdürdü onu. Nə qədər dəcəllik etsə də, ona toxunmağa icazə vermirdi. “Əl vurmayın uşağa, nə istəyirsə, qoy eləsin, ona bir şey edəndə ürəyim ağrıyır. Gözündən bir damla yaş gəlsə, ürəyim parçalanar. Mənim də uşaqlığım belə olub, əsl mənim xasiyyətimdi”, deyirdi. Daşqın da babasını çox istəyirdi. Həmişə gəzməyə babası ilə gedirdi. Babasına soyuq olar deyə pəncərələri açıq qoymağa icazə vermirdi. Babası isə sentyabrı səbirsizliklə gözləyirdi. Çünki çox sevdiyi Daşqını məktəbə ilk qədəmlərini basacaqdı. Gözləyirdi ki, nəvəsini məktəbə özü aparıb gətirəcəkdi. Dərslərilə özü məşğul olacaqdı. Ancaq bu günü görmək ona qismət olmur. Bu arzusu da ürəyində qalır.



“Atam o an mənə baxdı və ürəyi dayandı”

Ölümündən hələ bir ay əvvəl dostu Azər Paşayla söhbət edəndə ona demişdi: “Nə Yalçından, nə də Sevincdən nigaranam, onlara azdan-çoxdan bir gün ağlaya bilmişəm. Amma bir nisgilim qalır - Daşqın. Onu böyüdə bilmədim. Nəsə hiss eləyirəm ki, tezliklə gedəcəyəm. Yarımçıq qalan bir işim oldusa, o da Daşqındı. Heyf ki, onu bir tərəfə çıxara bilmədim”.
Elə bil ürəyinə nəsə dammışdı. Ölümünə bir həftə qalmış isə başqa bir söhbət də olur. Televizor seyr edən zaman birdən oğlu Daşqının şəklinə baxıb qızına deyir: “Birdən mən ölsəm, məni oğlumun yanında basdırın. Başqa heç yerə qoymayın”.
Elə bil duyuq düşmüşdü. Amma özünü elə yaxşı hiss edirdi. Çox gümrah idi, elə bil heç xəstə deyildi. Ən azından belə bir vəziyyətdə onun vəfat edəcəyi heç kimin, xüsusən də ailə üzvlərinin ağlına belə gəlməzdi. Ancaq hər şey elə o zaman baş verir. Həsənağa Turabovun vəfat etdiyi günü qızı Sevinc xanım göz yaşları ilə yada salır: “Fevralın 23-ü idi. Oğlum otaqda oynayırdı. Atam da öz otağındaydı. Birdən yanımıza gəlib soruşdu ki, Daşqın hanı? Dedim “orda oynayır”. Elə “Daşqın” deyib ürəyini tutdu. İndiyə kimi də bizə müəmmalı qalıb ki, o, hansı Daşqını soruşurdu – oğlu Daşqını, yoxsa nəvəsi Daşqını. Halı pisləşən kimi dərhal təcili yardım çağırdıq. Həkimlər müayinə edib dedilər ki, artıq beyni funksiyasını dayandırıb, qalıb ancaq ürəyi. Deyirlər, adam komada olanda çox sevdiyi biri onu çağırsa, səsini eşidir. Mən həmin anda elə bir səslə “ata” çağırdım ki, səsimi bütün qonşular eşitdi. Atam o an mənə baxdı və ürəyi də dayandı. Həmin mənzərə heç vaxt mənim yadımdan çıxmaz. Üzündə bir təbəssüm vardı sanki. Axı çox sevdiklərindən ayrılıb, çox sevdiyi Daşqınına qovuşurdu. O gün Daşqının hərəkəti, sözlərisə məni lap dəhşətə gətirdi. Pəncərələri açıq görəndə hirsləndi ki, ”pəncərələri niyə açmısız, babama soyuq olar”. Mən uşağın üzünü hələ elə görməmişdim. Tabutu tutdu ki, “babam dursun ayağa. Baba, sən durmalısan axı, mən gəlmişəm. Babam məni istəmir bəyəm? Mənim səsim gəlir, amma o durmur”. Bir tərəfdən bu dərd, digər tərəfdən də uşağın bu sözləri, hərəkəti məni lap dəli etdi... Atamın ölüm xəbəri tez bir zamanda hər yerə yayıldı. Nazirlikdən gəlib dedilər ki, Fəxri Xiyabanda dəfn olunsun, yer də ayrılıb. Ancaq anam razılıq vermədi. Atamı öz vəsiyyəti ilə “Qurd qapısı”nda qardaşımın yanında torpağa tapşırdıq. Həmin gün xalqın onu necə sevdiyinin şahidi oldum. Tabutu əldən ələ getdi, maşına demək olar ki, qoyulmadı. Elə bil nümayiş idi, bütün yollar bağlanmışdı... Kim deyir ki, zaman hər şeyi unutdurur, bu, yalandır. Qardaşım da, atam da bir gün belə mənim yadımdan çıxmırlar. Onları itirəndən sonra ürəyimdə böyük bir nisgil yaranıb, heç nəylə özümü ovundura bilmirəm. Hər şeyə maraq itib. İçimdə bir boşluq var ki, onu heç nəylə doldura bilmirəm. Onların yerini heç kim verə bilmir. Yaxşı ki, oğlum Daşqın var. Bircə ona görə bu həyatda yaşamağa dəyər”.


Gələcəyin Həsənağa Turabovu


... İndi 7-ci sinif şagirdi olan Daşqın qazandığı uğurları ilə babasına və dayısına layiq olmağa çalışır. Fortepiano çalır. İdmanla məşğul olur. Teatr dərnəyinə gedir, tamaşalarda çıxış edir. Bacarığı müəllimlərin də təəccübünə səbəb olur. Hələ uşaq vaxtı ondan “böyüyəndə kim olacaqsan?” soruşanda “həkim olacam, babamı sağaldacam”, - deyirdi. İndi gələcək peşəsini hələ dəqiq müəyyənləşdirməsə də, seçimlər arasında aktyorluq da var. Babasının sənətinə olan həvəs və istedad indidən özünü büruzə verir. Bəlkə də 12 yaşlı Daşqın Turabov gələcəkdə Həsənağa Turabov məktəbinin layiqli davamçısı olacaq. Bəlkə də balaca Daşqın Turabov ikinci Həsənağa Turabov olacaq. Kim bilir?!

Xəyalə MURADLI
xeyalelentaz@gmail.com

Əvvəlki yazıları bu linklərdən oxuya bilərsiniz:


“Yeddi oğul istərəm” – I Yazı - http://www.lent.az/news.php?id=28101

“Yeddi oğul istərəm” – II yazı - http://www.lent.az/news.php?id=28161

“Yeddi oğul istərəm” – III yazı - http://174.133.36.186/news.php?id=28532

“Yeddi oğul istərəm” – IV yazı - http://www.lent.az/news.php?id=28842

“Yeddi oğul istərəm” – V yazı - http://lent.az/news.php?id=29148

“Yeddi oğul istərəm” – VI yazı - http://lent.az/news.php?id=29516

“Yeddi oğul istərəm” – VII yazı - http://lent.az/news.php?id=29749

“Yeddi oğul istərəm” – VIII yazı - http://lent.az/news.php?id=30348
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1786

Oxşar yazılar