“O ağsaqqalın indi də məni görməyə gözü yoxdur” - MÜSAHİBƏ
Lent.az-ın müsahibi dünya şöhrətli Alim Qasımovun tələbəsi, xanəndə Elbrus Niftəliyevdir (Abdulzadə).
- 2005-ci ildə Eldar Mansurovun “Bəhramnamə” layihəsində olduqca yaddaqalan çıxışınız oldu və sevildi. Amma ondan sonra başqa bir səs-küylü layihəniz olmadı. Niyə susub kənara çəkildiniz?
- “Bəhramnamə” Eldar Mansurova məxsus idi. Müqayisə baxımından elə bir layihənin yenidən təkrarlanacağına inanmıram. Əslində sözlə musiqi vəhdət təşkil edir. Amma “Bəhramnamə”də söz yox idi. Söz olmadığına görə, bir az çətindir. Muğam, musiqi, səs nə qədər gözəl olsa da, onu sözsüz dinləyiciyə çatdırmaq çətindir. Çünki orda zəngulələr, xırdalıqlar var. 2007-ci ildə bu layihənin ikinci variantını mənə təklif edəndə qəbul etmədim. Bunun də səbəbləri vardı. Layihə 2005-ci il dekabrın 1-də tamaşaçılara təqdim olundu. 2006-cı ildə Eldar Mansurova, Elxan Mansurova, bir az sonra isə Mananaya da fəxri ad verildi. Amma mənə verilmədi.
- Yəni demək istəyirsiz ki, digər layihə iştirakçıları ilə sizə ayrı-seçkilik qoyuldu?
- Əlbəttə.
- Ümumiyyətlə, təqdimatınız getmişdi?
- Mən 10 ildir ki, Dövlət Uşaq Filarmoniyasında dərs deyirəm. Biz birbaşa Mədəniyyət və Turizm Nazirliyinə tabeyik. Mənim də adım mütəmadi olaraq müdiriyyət tərəfindən göndərilir. Amma hələ də nəticə yoxdur. Qeyd edim ki, mənim “Bəhramnamə”dəki səsim Azərbaycanın birinci xanımı, hörmətli Mehriban Əliyevanın təşkil elədiyi tədbirdə müntəzəm səslənir. Amma çoxları bilmir o səs kimə məxsusdur.
- Sizcə, niyə sizin kimi geniş diapazonlu xanəndəyə fəxri ad verilmir?
- Nə bilim, vallah, onu deyə bilmərəm. Mən bu vaxta qədər səsimlə, ifamla xalqıma xidmət etmək, bacarığımı göstərmək niyyətində olmuşam. Bir dəfə də olsun fəxri ad söhbəti etməmişəm. Amma indi baxıb görürəm ki, daha susmaq vaxtı deyil. Yaşım keçir. Bu yaşda da fəxri ad almasam, daha sonra onu neynirəm ki? 60 yaşımda çənəm əsəndə bu adın mənə nə köməkliyi olacaq? Hər şey göz qabağındadır. Oxuya bilməyənlərə fəxri ad veriblər. Oxuyanlarsa qalıb kənarda, onları irəli çəkən yoxdur. Əvvəl deyirdilər yaxşı səsi olanlara, istedadlılara kömək etmək lazımdır, istedadsızlar özləri özlərinə yol tapacaq. İndi tərsinə olub. İstedadlının başından basırlar ki, bu elə hardan olsa çıxacaq. Amma istedadsızı çıxarırlar üzə, efirlərdən düşmürlər, ad verirlər. Bunu da hara fırlayırsan fırla, yenə gəlib maliyyəyə bağlanır. Ya gərək adamın olsun, ya da pulun.
- Heç fikirləşmirsiz ki, sizin özünüzdə də günah ola bilər? Yetərincə gözə girə, istedadınızı göstərə bilməmisiniz?
- Mən həddən artıq sadəlövh, hər şeyə inanan, abır-həya gözləyən adamam. Sənətkar ailəsindən çıxmışam. Atam qara zurna, balaban ustası olub. Gözümü açıb sənət görmüşəm. Ona görə də yekəxana olmaram və yalan danışmaram. Bunları gözlədiyimə görə çərçivədən çıxmıram.
- İkinci dəfə Eldar Mansurovun təklifini qəbul etməməyinizin səbəbi fəxri ad almamağınızla bağlı idi?
- 2007-ci ildə Filarmoniyada solo konsert verdim. Səhnəyə çıxanda 39 dərəcə qızdırmam vardı, xəstəydim. Amma məcbur idim, çünki afişalar asılmışdı, reklam getmişdi və uğurlu da alındı. Konsertdən sonra Eldar Mansurov təklif etdi ki, “Bəhramnamə”ni başqa formatda həyata keçirmək niyyətindədir. O konsertə nə qədər xərc qoyulmuşdu. Şəxsən mən bir manat da götürmədim. Mənə də vədlər verilmişdi. Amma vədlər boşa çıxdı.
- Kim və nə vədlər vermişdi sizə?
- Fəxri ad söhbəti olmuşdu. Eldar müəllim də deyirdi ki, birgə konsert versək, yaxşı olacaq, təqdimatın yazılacaq. Belə məlum olur ki, mənim təqdimatım verilməyib. Necə olur ki, Eldar Mansurovun özü, qardaşı, Manana ad alır, amma mən yox? Konsert də mənim üzərimdə qurulmuşdu. Mən oxumasaydım, səs diapazonu baxımından ikinci belə bir şəxs yox idi. Məndən sonra başqa bir nəfərlə efirə çıxdılar, çox biabırçı alındı. Yeni muğam ifaçılarından idi, dəqiq adını bilmirəm. Ondan sonra mənə yenidən təklif olundu. Mənsə qəbul etmədim.
- Bəs bundan imtina etməyiniz, Eldar Mansurovla münasibətinizdə soyuqluq yaratmadı?
- Yox. Eldar Mansurova sənətkar və şəxsiyyət kimi böyük hörmətim var. Sadəcə olaraq insan geriyə baxanda nə qədər boşluqların olduğunu görür və zərbələrin hardan dəydiyini bilmir. Bəlkə də Eldar Mansurovun günahı yoxdur. Mən bütün günahı onun üzərinə yıxmıram. Çünki o ərəfədə bizim məqsədimiz ancaq konserti layiqli şəkildə təqdim etmək idi. Qarşıma şərt qoyulmamışdı, müqavilə imzalamamışdıq. Sadəcə söhbət olmuşdu. Mən 1999-cu ildən peşəkar sənətdəyəm. O vaxtdan 2005-ci ilə qədər Bakı kəndlərinin toylarında mütləq olurdum. Saat yarım “Çahargah”, “Humayun” oxuyurdum. “Bəhramnamə”ni oxuyandan sonra mənim toylarım da azaldı. Məni estrada müğənnisi kimi qələmə verdilər. Bu da məni sıxdı. Son 1-2 ildə yenidən efirlərə çıxmağa başlamışam. Çünki tamamilə küsmüşdüm, sənəti atmaq fikrindəydim. Səsi olmayanlar, oxuya bilməyənlər elə bir səviyyəyə gəlib çıxdılar ki... Mənim səsim ola-ola heç nə edə bilmirəm. 3-4 aylıq müsabiqələrdə iştirak edən uşaqlar gəlib çıxırlar irəli. Efirləri də onlar zəbt edir, bizi isə salırlar qrafikə. Kanalların birində 5 aydır adım qrafikə salınıb, hələ də efirə çağırmırlar. Elə şeylər var ki, onları demək olmur...
- Sözünüzdən belə çıxır ki, muğam müsabiqələrindəki iştirakçıları o qədər də bəyənmirsiz.
- Muğam müsabiqələrinin keçirilməsi çox yaxşıdır. Çünki muğam itib batırdı. Bircə Alim Qasımovla muğam dünyaya tanınırdı. Amma Mehriban Əliyevanın təşəbbüsü ilə muğam müsabiqələri keçiriləndən sonra muğama maraq, diqqət artdı, ikinci həyat verildi. Amma orada əyləşən münsiflər düzgün seçim etmirlər, tərəfkeşliyə yol verirlər. Hərə özününkünü irəli çəkir, istedadlılar qalır kənarda. Bundan da heç kimin xəbəri olmur.
- Yeri gəlmişkən, keçən ilki beynəlxalq muğam festivalında da bu məsələ ilə bağlı narazılıq olmuşdu.
- Bu məsələ ilə bağlı bir neçə qəzet də yazdı, ondan sonra ağsaqqal münsiflərdən biri mənimlə düşmən oldu, indi də məni görməyə gözü yoxdur. O müsabiqədə məni ikinci mərhələyə buraxmadılar. Mən bu barədə heç kimə heç nə demədim. 15 gün əsəbimdən üzüqoylu yataqda yatdım. Sonra arayıb-axtardılar. O ağsaqqal da elə bildi ki, məlumatı mən demişəm. Necə olur ki, ritmi, səsi olmayanlar, qaval çala bilməyənlər ritmik muğam müsabiqəsindən keçirlər? Mənim ritmim, zil, bəm səsim də var, əruzu da düzgün bilirəm. Amma ortalığa çıxartdıqları bunların heç birini bilmir.
- Sonradan Səbuhi İbayevlə Arzu Əliyevanı da müsabiqəyə daxil ediblər.
- Əvvəl hər ikisi kəsilmişdi. Sonradan necə oldu bilmirəm. Amma eşitdiyimə görə, Səbuhi həmin ağsaqqalın qohumudu.
- Bayaqdan ancaq problemlərdən danışırıq. Bir az da yaradıcılığınızdan danışaq. “Bəhramnamə”dən sonra ona bərabər olacaq hansısa layihəniz var?
- Elə bir layihə tək adamın işi deyil. Eldar müəllim kimi bəstəkarın işidir. O cür layihəni hansısa bəstəkar mənə təklif etsə, təmənnasız oxuyaram. Günü bu gün Eldar müəllim də desə ki, elə bir layihə var, mən yenə oxuyaram.
- Amma 2007-ci ildə o sizə yenidən təklif edəndə qəbul etmədiniz.
- O vaxt mənə dəyən tərəfləri açıqladım sizə. Nəyə görə oxuyaram? Çünki məndən başqa elə bir adam tapmayacaqlar. Mən yenidən göstərəcəm ki, sənətim var. Ancaq buna görə.
- Sizin danışığınızdan küskünlük, pessimizm hiss olunur. Bu qədər bədbinliklə sənətdə nəyəsə nail ola bilərsiniz?
- Küskünlüyüm mənə olan biganəliklə bağlıdı ancaq. Mənim danışdıqlarımdan elə çıxmasın ki, söhbət ancaq ad uğrunda gedir. Mən bircə şeyi istərdim ki, fəxri adlar yığışdırılsın. Heç yerdə ad söhbəti olmasın. Sadəcə düzgünlüyə yer verilsin. Xalq kimi sevirsə, onu da efirə buraxsınlar. Kiminsə day-dayı, adamı, pulu ilə ölçülməsə, yaxşıların yaxşısı ortaya çıxar.
- Adətən muğamı Qarabağ, Şirvan muğamına bölürlər. Muğamda ayrı-seçkilik nə dərəcədə doğrudur?
- Muğam tamdır, birdir. Qarabağ, Şirvan məktəbi anlayışı düzgün deyil. Rəqabət sənətdə olmalıdır. Amma onu da danmaq lazım deyil ki, Şirvan ifaçıları fərqli olur. Çünki şirvanlılarda ritm də güclüdür, qəzəliyyat da.
- Elə özünüz də ayrı-seçkilik salaraq Şirvan muğamını üstün tutdunuz.
- (gülür) Özüm şirvanlıyam axı. “Şirvan ki var, hər tərəfdən ülviyyətin anasıdır”...
- Eşitdiyimizə görə, “Sarı gəlin” studiyası yaratmısız, onunla bağlı bir az məlumat verərdiniz.
- “Sarı gəlin” studiyasını yaradan kəsə - Zöhrab Əmirxanlıya öz təşəkkürümü bildirirəm. Mən həqiqətən də çox küsmüşdüm, amma yavaş-yavaş məni özümə qaytarırlar. Hər tərəfli küsmüşdüm, bəlkə də aylarla kitab üzü açmırdım. Amma hər şey düzəlir. Əsas işimiz silsilə konsertlərdir. Birinci konserti vermişik. Türkiyə, İran, Rusiya ilə danışıqlar gedir. Təkliflər də var, işlər də çoxdur. Hər halda nə ediriksə, xalqımız üçün edirik.
Xəyalə Muradlı

1512