“...Bununla da kinonun kitabı bağlandı” – MÜSAHİBƏ
15 may 2010 12:00 (UTC +04:00)

“...Bununla da kinonun kitabı bağlandı” – MÜSAHİBƏ

Tanınmış kinoaktrisa, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Kinoaktyorlar Gildiyasının sədri, xalq artisti Həmidə Ömərovanın Lent.az-a müsahibəsi.

- Artıq Kann festivalı start götürdü. Həmişə olduğu kimi, bu il də Azərbaycandan bir film belə ora qatılmadı. Azərbaycan kinosu nə vaxta qədər geriləməkdə davam edəcək?

- Gəlin hər şeyi əvvəldən başlayaq. Biz müstəqillik qazanandan sonra başqa sahələrdə olduğu kimi kinematoqrafiya da yavaş-yavaş inkişaf etməyə başladı. Amma Kann festivalı Avropanın ən məşhur festivalıdır. Burda seçim də, ənənə də illərlə formalaşıb. Azərbaycanda həm Şərq, həm də Qərb mədəniyyəti toplanıb. Mən bilmirəm, biz bir Şərq ölkəsi kimi bu festivalda iştirak edə bilərik, ya yox? Bu, başqa sualdır. O ki qaldı Azərbaycanın hər hansı bir beynəlxalq kinofestivalda iştirakına, bu proses çoxdan başlayıb. Sadəcə, bizdə heç vaxt reklam olmayıb. İndi hansısa müğənni klip çəkdirəndə 5-6 ay əvvəldən və sonradan reklam etdirir, bir az keçəndən sonra da unudulur. Amma reklam öz rolunu oynayır. Reklamlaşma audiovizual sənətin bir növü kimi çox gec formalaşmağa başlayıb. İndi reklama ehtiyac duyduğumuz vaxtda isə filmlərimizin sayı azdır. Sovet vaxtında ən çox film “Mosfilm”də çəkilirdi. Məsələn, 100-140 adda film çəkilirdi, onlardan 2-3 dənəsi seçilib festivallara göndərilirdi. Azərbaycanda o vaxtlar ildə 8-10 film çəkilirdi. Onlardan 4-ü bədii film idi. Mən indi birinci kurs kinoşünaslarına Polşa kinosunun səssiz mərhələsini keçirəm. Deməli, 1929-cu ildə dünyada iqtisadi böhran Polşa kinosuna böyük zərbə vurdu və filmlərin sayı azalaraq ildə 12-yə çatdı. Və o vaxtlar Polşada cəmi 800 kinoteatr vardı. İndi 2010-cu ildi. Bizdə nə qədər film çəkilir? O vaxtın Polşa kinosuyla indinin Azərbaycan kinosunu müqayisə etsək, onda hansı Kann festivalından danışa bilərik? Gərək əvvəl film olsun ki, sonra da festivala göndərilsin. Düzdür, çəkilir, amma çox az.

- Kəmiyyət azdır, bəs keyfiyyət necə?

- Kəmiyyətin az olmasının keyfiyyətə birbaşa zərəri var. Çünki 140 filmdən ikisi seçilib festivala göndərilirdisə, gərək heç olmasa 50 film çəkilsin ki, onlar arasından seçim aparılsın. Bir neçə il bundan qabaq ən yaxşı Azərbaycan filmlərinin seçən zaman mən də münsiflər heyətinin tərkibindəydim. Seçim yox idi. Bilmirdik hansı filmləri seçək. Çox böyük çətinlik qarşısında qalmışdıq ki, baxdığımız 3-4 film arasından yaxşısını necə seçək. Heç olmasa 20 film olsa, ondan 3-4 yaxşısını seçirsən. Ondan da biri sənət əsəri olur. Çox primitiv bir misal göstərim. Bir sinifdə oxuyan 35-40 şagirddən 20-si normal oxuyur, amma 5-i əlaçıdır. O 5-dən də biri sırf əlaçıdır. Film də elədir. Heç olmasa 15-20 film olmalıdır ki, onun arasından da bir-ikisini seçib hansısa beynəlxalq kino festivala göndərilsin.

- Son illər çəkilən filmlər arasında beynəlxalq festivala çıxacaq səviyyədə film var?

- Təqdirə layiq filmlər var. Məsələn, “40-cı qapı”...

- Amma Kann festivalına çıxacaq səviyyədə deyil?!

- Nə Kann festivalı, nə Oskar ən yaxşı filmlərin göstəricisi deyil. Oskarlar tarixində elə filmlər olub ki, sadəcə adı qalıb. Uilyam Oaylerin 1959-cu ildə çəkdiyi “Benqura” filminə 11 mükafat verildi. O filmdən yalnız bir səhnə tamaşaçının yadında qalıb. O da 4 təkərli atlıların yarış səhnəsidir. O səhnə həmin dövrün texnikası üçün çox güclü çəkilmişdi. O da texnikanın qələbəsi idi. Sonradan o filmin rekordunu Kameronun “Titanik” filmi qırdı. Məgər “Titanik” həqiqətən 11 Oskara layiq filmdi? Texniki səviyyəsinə görə, bəzi aktyor oyununa görə, bəli. Musiqisi də gözəl idi. Amma mən deyərdim ki, “Yaşıl zona” səviyyə etibarilə onunla müqayisə edilməz dərəcədədir. Yaxud Bernardo Bertaluçenin “Sonuncu imperator”, Mileş Formanın “Amadey” filmləri beynimə həkk olunub. Yüksək, sanballı, peşəkarlıqla çəkilmiş, tamaşaçını həyəcanlandıran, uzun müddət öz məngənəsində saxlamağı bacaran filmlərdir. Yəni demək istəyirəm ki, bu festivalda qalib gələn filmlərin heç də hamısı yaxşı deyil.

- Siz bircə “40-cı qapı” filminin adını çəkdiniz.

- Mən bu filmə maraqla baxmışam. Bu yaxınlarda gənc rejissor Samir Kərimoğlunun “Niyyət” filmini də izlədim. O da birinci iş üçün çox səviyyəli alınmışdı. Ona baxanda fikirləşirsən ki, bu oğlan nəsə yaradacaq. Yəni ümid var. Mən demirəm ki, o filmi göndərək hansısa festivala mükafat qazansın. Amma kinonun ümumi səviyyəsini qaldırmaqda belə filmlər kömək edir.

- Bəs bu gün bizim kinomuzda nə çatışmır?

- Çatışmayan cəhətlər var. Birincisi kadr axını getdi. Kino durğunluğu dövründə biz çox kadrları, peşəkarları itirdik. Elə nadir kino peşə sahiblərini itirdik ki, indi onları yetişdirmək qeyri-mümkündür. Mən bir qadın tanıyırdım – Ədilə xanım. O, plyonkanın aşkarlanması sexinin rəisi idi. Onun kimi peşəkarı itirdik. Ya da texniki işçilər, işıqçılar vardı. Ondan sonra bu nəsli yetişdirmək çətindir. Çünki yetişdirilən tələbələr əsasən telekanallarda işləyirlər. Kinoya çox az adam cəlb olunur. Kinomuz hələ elə bir səviyyədədir ki, gənclərin harasa cəlb olunması üçün demək olar ki, yer yoxdur. Tutaq bir gənc gəlib film çəkdi. Bir də görəsən o neçənci ildə film çəkəcək?! Bu problem var axı. Qocaman, peşəkar rejissorlarımız da var ki, onlar da film çəkmək istəyirlər. Onların arasında 10-15 ildir film çəkməyən rejissorlar var. Növbəyə dayanıblar. Bu nöqteyi-nəzərindən Azərbaycan kinosunda böyük boşluqlar var. Digər tərəfdən Azərbaycanda kino bazarı deyilən anlayış yoxdur. Yəni, lap tutaq ki, Kann səviyyəsində bir film çəkdik. Həmin filmə qoyulan vəsaiti ölkə daxilində çıxara bilməyəcəyik.

- Başqa bir problem də var ki, az sayda çəkilən filmləri heç tamaşaçı da görə bilmir.

- Çünki bunu təşkil edən prokat sistemimiz yoxdur. Kinoprokat, yəni kinonu tamaşaçılara çatdıran sistem artıq mövcud deyil. Ona görə də indi çəkilən lap pis filmdən də tamaşaçı xəbərsizdi. Bir dəfə Heydər Əliyev Sarayında, bir dəfə də kino evində filmə baxış keçirilir, vəssalam. Geniş tamaşaçı auditoriyası bunu görmür. Film rəflərdə qalır. Rejissor da məcbur olub əvvəl-axır hansısa televiziya kanalına verir. Bir dəfə də orada göstərilir. Bununla da kinonun kitabı bağlandı. Bizdə kinoprokat sistemi olmadığından tamaşaçılar kinoteatrlara gedib həmin filmlərə baxa bilmirlər.

- Heç kinoteatrlar da fəaliyyət göstərmir axı.

- Mən bayaq misal çəkdim ki, 1929-cu ildə Polşada kinoteatrların sayı azalıb 800-ə çatmışdı. Düzdür, Polşa Azərbaycandan ərazi etibarilə böyükdür. Amma qoy heç olmasa bizdə də 400-ə çatsın. Varmı bu qədər kinoteatr? Bizdə heç kinoprokat sistemi yoxdur, siz isə Kann festivalından danışırsız. Hər şey bir-birinə zəncirvari şəkildə bağlıdır. Yaxşı rejissorlarımız da, aktyorlarımız da, ssenari müəllifləri də var. Amma bir rejissor 4-5 ildən bir film çəkir. Aktyora bir neçə ildən bir filmə çəkilmək qismət olur. O şeyi ki, 4-5 ildən bir gözləyirsən, o nəticə verə bilərmi?

- Bunun nəticəsində nə qədər aktyor sənətdən getdi, neçəsi ürək xəstəliyinə tutuldu.

- Bəli, ümumiyyətlə aktyorlar çox acınacaqlı vəziyyətdədirlər. Bu barədə mən saatlarla danışa bilərəm. Çünki Kinoaktyorlar Gildiyasının sədri olaraq onların dərdi, fikirləri mənə yaxşı tanışdır. Mən həmişə deyirəm ki, bütün xarici ölkələrdə aktyorlar maaş etibarilə ən yüksək yerdədirlər. Xüsusən də kino aktyorları. Çünki məhz onlara görə tamaşaçı kinoya gedir. Orda ulduzlar sistemi mövcuddur. Amma bizdə aktyor, istəyir ulduzun ulduzu olsun, fərqi yoxdur. Bizdə baş rolun ifaçısı xaricdə epizodik rolun ifaçısından 20 qat az pul alır. Üstəlik, şkala sistemilə götürsək, orada ən yüksək qonorarı birinci aktyor alır, sonra rejissor, prodüser, ssenari müəllifi və s. Bizdə isə əksinə, ən axırda nəsə qalırsa, o da baş rolun ifaçısına verilir. O ki qaldı ikinci dərəcəli və epizodik rolların ifaçılarına, onlar barədə ümumiyyətlə danışmaq istəmirəm. Elementar bir misal çəkim. Evimdə təmir işləri gedir. Mala çəkən deyir ki, “mən sizə hörmət edib evi demək olar ki, havayı təmir edirəm”. Mən də qulaq asıram və deyirəm ki, sən bunu havayı hesab edirsən? Bir ay işləyib tutaq ki, 4 min manat alacaqsan. Amma mən bir ay dublyaja getmişəm. “İsa” filmində Maqdalena, “Yusif və Züleyxa”da Züleyxa rolunu yazmışam. Bir ay sən burda çalışmısan, bir ay da mən obraz yaratmışam. Mən 800 manat almışam, sənsə 4000 manat. Sənin işin bir neçə ildən sonra xarab olub gedəcək. Amma mənim səsim tarixdə qalacaq. İndi gör kim havayı işləyir? Yəni onu demək istəyirəm ki, aktyor sənəti çox dəyərsizdir.

- Aktyorlarımızın ən böyük problemi nədir, sizcə?

- Aktyorların mənəvi cəhətdən də vəziyyətləri pisdir. Amma mən elə aktyorlar tanıyıram ki, hətta havayı çəkilməyə də razıdırlar. Deyirlər, “onsuz da ölüb gedəcəm, heç olmasa bilim ki, aktyor kimi xalqım üçün nəsə yaratdım”. Bu, çox böyük problemdir. Aktyor o dərəcəyə çatıb ki, maddi rifahını düşünmür, pulsuz çəkilməyə də razı olur.

- Siz kinoda böyük boşluqların olduğunu dediniz. Necə düşünürsüz, bu boşluqları heç olmasa bir az doldurmaq üçün əsas nə etmək lazımdır?

- Əsas boşluq nəsillər arasında yarandı. 10-15 illik durğunluq dövründə başladı və hələ də davam edir. Sağ olsun Mədəniyyət və Turizm Nazirliyi, hər il gənclər arasında müsabiqə keçirir. Bunun nəticəsində istedadlılar üzə çıxmaqla yanaşı eyni zamanda qaliblər də öz ssenariləri əsasında film çəkirlər. Bu, o boşluğu doldurmağa müəyyən qədər kömək edən addımdır. Çünki durğunluq dövründə çoxlu istedadlar vardı, amma kinoya gələ bilmədilər. Məcbur olub televiziyaya gəldilər. Sovet vaxtı xüsusi mexanizm vardı. O mexanizm birdən-birə pozuldu. Aktyorlar dərd çəkməyə başladılar. Aktyor elə bir sənət sahibidir ki, başqa sahələrdə özünü tapa bilmir. Qalırlar lazımsız şəkildə.

- Bəs illərdir dublyajda olan bir sənətkar kimi, dublyajın bugünkü səviyyəsi sizi qane edir?

- Biz 70 il burnunda danışan bir rusun səsinə öyrəşmişdik və onu qəbul edirdik. Amma elə ki, öz dilimizdə tərcümələri eşitdik, başladıq nöqsanlar axtarmağa. Fikirləşmədik ki, kütləvi surətdə dublyaj artıq kinostudiyanın çərçivəsindən çıxıb, ayrı-ayrı kanallarda başlayıb. Bu, yaxşı prosesdir. İnkişafın başlanğıcını göstərir. Heç nə birdən-birə yaxşı ilə başlamır. Bir söz də deyim ki, bir-ikisini çıxmaq şərtilə hər kanal özünə dublyaj qrupu yığmağa başladı. Bu cür ögey-doğma münasibəti yarandı. Aktyorluq universal peşədir. Heç bir kanala aid edilə bilməz. Bu səs xalqa məxsusdur. Ancaq onu da deyim ki, elə kanallar var dublyajına qulaq asıram və qəbul da edirəm. Amma eləsi də var ki, kanalı dəyişirəm. Ümumilikdə götürdükdə isə dublyaj inkişaf edir. Xüsusən də gənclərin dublyajı məni sevindirir. Çünki onlarda daha sox təbiilik var, pafos yoxdur, səsləri ilə oynamırlar. Mən təbii dublyajın tərəfdarıyam.

- İllərdir Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsiniz. Potensiallı gənclər var?

- Bəli, var. Ola bilməz ki, bu cür istedadlı xalqın istedadlı gəncləri olmasın. Hər sahədə var. Aktyorluqda daha çox gülməli, məzəli şeyləri reklam edirlər. Dramatik nəsnələr təbliğ olunmur.

- Tamaşaçı özü də ona meyllidir axı.

- Çünki tamaşaçı zövqü ona yönəldilir. Bu, təkcə bizdə belə deyil. Başqa ölkələrdə də elədir. Yəqin kino yarananda da əsas maraq komediyalara və döyüş filmlərinə olub. Həyatımız o qədər problemlidir ki, öz günümüzə ağladığımız bəs deyil, hələ bir əsərə də baxıb ağlayaq? Daha ağlamağa da fiziki gücümüz çatmır. Amma klassik əsərlər lazımdır. İndi nəsillərin deqradasiyası, cılızlaşma prosesi gedir. İndiki birinci kurslarla 5 il əvvəlki birinci kurslar arasında böyük fərq var. Elə bil indi instituta bağça uşaqları gəlir.

- Siz sırf fiziki baxımdan cılızlaşmanı nəzərdə tutursunuz, yoxsa...

- Yox, elə düşüncə baxışından da. 5 il bundan qabaqkı tələbə Tolstoy, Çexov, Drayzer, Şekspir, Şillerdən danışırdı. İndikiləri bu maraqlandırmır. Henri İpsonu, Remarkı, Qabriyel Markezi tanımırlar. Onlar ancaq testə hazırlaşanda hər şeyi əzbərləyirlər, bir az sonra da yaddan çıxır. Potensial maraq yoxdur. Maraq dairələri internetin dar oyunlarında məhdudlaşır.

- Belə gənclərlə Azərbaycan incəsənətinin aqibəti necə olacaq?

- Nəinki incəsənətin, ümumilikdə cəmiyyətin. Yadımdadır, bizim vaxtımızda elə adamlar vardı ki, “Sovremennik” teatrındakı tamaşaya baxmaq üçün bir gün ərzində təyyarəylə Moskvaya gedib gəlirdilər. Belə sənət fədailəri vardı. indi belə adamı təsəvvürə gətirə bilərik? Heç burdan-bura teatra getmirlər. Teatr səhnələri bomboş qalıb. Teatr və kino çox acınacaqlı vəziyyətdədir. Əvvəllər kinoteatrda hansısa filmə baxmaq üçün camaat bilet növbəsinə dururdu. Düzdür, indi texnika əsridir, maraq da dəyişib. Amma niyə onda Amerika kinosu ölmür?! Niyə yenə həmin növbələr var?! Biz həmin o mexanizmlə tanış olmalıyıq.

- Tutaq ki, kinoprokat sistemi düzəldi, kinostudiya və kinoteatrların fəaliyyəti bərpa olundu, yüksək maliyyə vəsaiti də ayrıldı. Onda əvvəlki kimi maraq, növbə olacaq, sizcə?

- Tədricən, birdən-birə yox. Çünki bu, artıq bizim beynimizdə formalaşıb. Müxtəlif telekanallar vasitəsilə tamaşaçıların psixologiyasına təsir göstərmək lazımdır. Tamaşaçılar bizim filmləri çox sevir. Bir filmi yüz dəfə göstərirlər, amma yenə də baxırlar. Halbuki həmin filmlər Kann festivalına getməyib. Sadəcə, bizim öz filmimiz idi, doğmaydı, içimizdən gələn şeylər idi.

- Son illər istehsal olunan filmlərdə o doğmalığı, nostaljini duya bilirsiniz?

- Bugünkü Azərbaycan kinosunda bugünkü problemlər canlandırılır. Sovet vaxtında Gürcüstan kinosu vardı. Eyni sualı onlara da vermək olar. Gürcüstan kinosu 15 respublika arasında birinci yeri tuturdu. Bu gün Gürcüstan kinosu Kann festivalına göndərəcək səviyyədə film çəkə bilirmi? Bu, cəmiyyətin problemidir. Üstəlik biz heç olmasa Şərq-Qərb festivalında keçmiş sovet respublikalarının kino nümunələri ilə tanış oluruq. Amma xalq görmür axı həmin filmləri. Bizim xalqın qonşu dövlətlərin kinematoqrafiyası ilə olan əlaqəsi də itib.

- Aktyorların problemlərindən söhbət açdınız. Bəs siz özünüz bu problemlərdən bezib nə vaxtsa sənətdən uzaqlaşmaq fikrinə düşmüsünüzmü?

- Xeyr, buna görə sənətdən ayrılmaq istəməmişəm. Bu, ən azından acizlik olardı. Amma həyatımın çox çətin anları olub. Maddi cəhətdən ailəni təmin etmək lazım gəlib. Evdə, ailədə problemlərim olub, xəstələrim var. Mən onda fikirləşirdim ki, getməliyəm, bu sənəti tərk etməliyəm. Amma hara, hansı sənətə gedim? Təzədən sıfırdan başlayım? Müəyyən nailiyyətlər əldə edəndən, müəyyən yaş həddindən sonra bunu etmək çətin olar. Ona görə də ailə vəziyyətimə görə sənəti atmaq istəmişəm.

- Bəs nə yaxşı atmadınız?

- Çünki mən həmişə ümid etmişəm. Bir də ki, İncəsənət Universitetində dərs demişəm. Ən üzgün vaxtlarımda 5 il “Bizim əsr” qəzetində yazılarla çıxış etmişəm. O da həyatımın bir səhifəsi idi. Mən hətta ən kədərli vaxtlarımda öz faciəmə gülməyi bacarmışam. Belə olmasaydı, mən həyatımdakı çətinliklərə qarşı özümdə güc tapmazdım. Ümumiyyətlə, insan hətta ən çıxılmaz vəziyyətdə, son anda belə nəyəsə ümid edir. Mən də inanıram ki, hər şey yaxşı olacaq.


Xəyalə MURADLI

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1625

Oxşar yazılar