“Ölmə, Qəzənfər əmi, ölmə!”
Şahmar Ələkbərovun “Dağlarda döyüş”lə başlayıb “Qəzəlxan”da bitən sənətkar ömrü
Yeddi oğul istərəm” – VII yazı
... O, uzun bir yolun yolçusu idi. Bu yolun sonu ucu-bucağı görünməyən bir ümman kimi uzanırdı. Uzandıqca da bu yoldakı çətinliklər, əzab-əziyyətlər, maneələr artırdı. Bəlkə də hamı kimi ona da elə gəlirdi ki, bu dünya əbədidi, bu dünya bitməzdi. Amma o, bu yolun yarısına kimi çata bildi. Tanrının ona bəxş etdiyi ömür möhlət verənə qədər. O, bu uzaq yolun mənzil başına yetişə bilməyənlərindən oldu. Bu yolun yolçusu böyük şəxsiyyət, qayğıkeş insan, görkəmli aktyor Şahmar Ələkbərov idi.
Sərhədçi Fərrux obrazı ilə Şahmar Ələkbərovun yaradıcılıq məkanının sərhədi başlayır
1943-cü ilin qızmar yay günlərinin birində – avqustun 23-də əslən cəbrayıllı olan Zülfüqar kişinin evində körpə səsi eşidilir. Kökü-köməci Tiflisə bağlı İzulət xanım qayğı və nəvazişlə balaca Şahmarı böyütməyə başlayır. Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçür. Məktəbdə öz biliyi, savadı və tərbiyəsi ilə seçilən Şahmar 10-cu sinfi bitirdikdən sonra Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olur. Görkəmli aktyor Rza Təhmasibin sinfində təhsil alır. Həsən Əbluc, Tariyel Qasımov, Ağaxan Salmanlı və digər qrup yoldaşları ilə birlikdə unudulmaz xatirələrlə dolu tələbəlik illəri yaşayır. Hələ 3-cü kursdaykən Akademik Dram Teatrına işə götürülür. Teatrda ilk dəfə Şekspirin “Lope de Veqa” tamaşasında iştirak edir. Təhsilini başa vurandan sonra müəllim-assistent kimi institutda saxlanılır. 24 yaşı olanda isə taleyini kinoya bağlayır. İlk dəfə 1967-ci ildə “Dağlarda döyüş” filmində Fərrux roluna çəkilir. Bu filmə kinorejissor Kamil Rüstəmbəyov quruluş verib. Ssenarini mərhum yazıçı-jurnalist Əhmədağa Qurbanov özünün “Tikanlı məftillər” povesti əsasında yazıb. Şahmar Ələkbərovun da qəhrəmanı sərhəd qoşunlarında xidmət edən sıravi əsgərdir. Maraqlı macəra süjeti var filmin. Sərhədi keçən bir nəfərin izinə düşən Fərrux böyük çətinliklərdən sonra onu yaxalayır və məlum olur ki, bu, onun bir vaxtlar müharibə dövrü Vətəndən qaçaq düşmüş öz atasıdır. İlk rol, ilk çətinlik, ilk sınaq. Bunlar hamısı Şahmarın taleyində uğurlu alınır və onun qəhrəmanı Fərruxun bütün xarakterik cizgiləri məhz aktyor məharətinin nəticəsi olaraq, rəssam dəqiqliyi ilə yaradılır. Beləliklə, sərhədçi obrazı ilə Şahmar Ələkbərovun yaradıcılıq məkanının sərhədi başlayır. Və bu sərhəd onun rejissor kimi tamamladığı “Qəzəlxan” filminə qədər uzun və keşməkeşli bir yol keçir. Beləcə, kinoya Fərrux rolu ilə gələn Şahmar sonra Məzahir olur, Qəzənfərə çevrilir, Qatır Məmməd, İman, Gündüz Kərimbəyli kimi sevilir...
O, filmdə olduğu kimi, həyatda da Qəqənini – Fərhad İsrafilovu çox istəyirdi
Şahmar Ələkbərovun yaratdığı obrazlar sırasında “Yeddi oğul istərəm” filmindəki Qəzənfər xüsusilə seçilir və sevilir. Bu rolun sınaq çəkilişlərində Şahmar Ələkbərov demək olar ki, iştirak etmir. Çünki rol məhz Şahmar Ələkbərov üçün hazırlanmışdı. O yalnız oğullarla tərəf müqabili kimi çıxış edərkən aparılan sınaq çəkilişlərinə qatılır. Bu filmə tamaşa edəndə hamı Qəqəninin “Ölmə, Qəzənfər əmi, ölmə!” deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyir. Bu, çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb, təbəssümə qovuşdurur. Şahmar Ələkbərov bunu bacarırdı, bu, hər aktyora xas olan keyfiyyət deyildi. Filmin çəkilişləri isə çətinliklə başa gəlirdi. Bir tərəfdən yayın qızmar istisi, susuzluq, digər tərəfdən havaya uyğun olmayan geyimlər aktyorlara əziyyət versə də, onlar bu çətinliklərə məhəl qoymadan öz işlərini sevgilə davam etdirirdilər.
Şahmar Ələkbərov həyatda da oğullarla yaxından dostluq edirdi. İstiqanlı, gözəl insan, təmizürəkli dost idi. Filmdə çətin səhnələrdə köməyinə ehtiyacı olan hər kəsə əl tutardı. O, filmdə olduğu kimi həyatda da Qəqənini – Fərhad İsrafilovu çox istəyirdi. Qəqəni Fərhadın ilk roluydu. Ona görə də Şahmar Ələkbərov Fərhada demək olar ki, himayədarlıq edirdi. Ona aktyor sənətinin sirlərini öyrədir, çətin səhnələrdə əlindən gələn köməyi əsirgəmirdi.
Həyatda ən yaxın dostları Həsən Əbluc və Tariyel Qasımovuydu. O qədər yaxın dost idilər ki, hətta onlara üçlük də deyirdilər. Həsən Əblucu isə qardaş kimi çox istəyirdi, ailəvi yaxınlıq edirdi.
Niyə Xəlil yox, məhz İman?
Şahmar Ələkbərovun çəkildiyi filmlərdən biri də “Axırıncı aşırım”dı. Kamil Rüstəmbəyov “Axırıncı aşırım” filmini çəkərkən Şahmar Ələkbərov Həsən Turabovun iştirak etdiyi Xəlil roluna çəkilə bilərdi. Belə ki, bu ərəfədə Həsən Turabov başqa bir filmin sınaq çəkilişlərində iştirak edirdi. Əgər Həsən Turabov ikinci filmə təsdiq olunsaydı, İman roluna Rafiq Əzimov, Xəlil roluna Şahmar Ələkbərov çəkiləcəkdi. Lakin vəziyyət elə yaranır ki, Bədii Şura Həsən Turabovu hər iki filmə təsdiq edir. Ona görə də Şahmar Ələkbərov Xəlil yox, İman obrazını yaradır.
“Yaxşı, qadam, bundan sonra xırda xərclər sizin boynunuza”
“Arxadan vurulan zərbə” filmindəki Gündüz Kərimbəyli obrazı da Şahmar Ələkbərovun rolları sırasında özünəməxsus yer tutur. Filmin çəkilişləri zamanı baş vermiş bir hadisəni xatırlayır xalq artisti Rafiq Əzimov. Deyir ki, filmin Xaçmazda aparılan çəkiliş günlərindən biriydi. Adil İsgəndərov, Şahmar Ələkbərov və özü mehmanxananın həyətində oturub çay içirlər. Çayçı yanlarından keçəndə Şahmar Ələkbərov cibindən bir manat çıxarıb ona verir. Rafiq Əzimov bunu görsə də, Adil İsgəndərovun nəzərinə belə çarpmır. Getmək vaxtı çatanda Adil müəllim çayçını çağırıb, pulu ödəmək istəyir. “Artıq çatıb”, - deyə Şahmar deyəndə Adil İsgəndərov hirslənib özündən çıxır. “Mən oturduğum məclisdə heç kim əlini cibinə salmamalıdır”, - deyə məzəmmət edir. Aktyorlarsa heç bir qəbahət iş tutmadıqlarını deyib özlərinə bəraət qazandırmağa çalışırlar. Nəhayət, hirsi soyuyandan sonra dillənir: “Yaxşı, qadam, bundan sonra xırda xərclər sizin boynunuza”.
“Nə qədər ki maaşlarımızı verməyəcəklər, Eldar filmə çəkilməyəcək”
1972-ci ildə Tofiq Tağızadənin “Qızıl qaz” filminin çəkilişləri də yadda qalan olub. Lənkəranda dəniz qırağında filmin çəkilişləri gedirdi. Şahmar Ələkbərovun oğlu obrazını Rafiq Əzimovun 7 yaşlı övladı Eldar ifa edirdi. Baba ilə nəvənin söhbət etdikləri səhnə çəkilirdi. Eldarı çəkiliş meydançasına çağırılar. “Mən çəkilmirəm”, - deyə imtina etməyə başlayır. Bu zaman balaca aktyorun atasına şikayət edirlər. “Ola bilməz ki, mənim oğlum sizə qulaq asmasın”, - deyir Rafiq Əzimov. Ancaq atanın da səyləri boşa çıxır. Bundan əsəbiləşən Rafiq Əzimovu sakitləşdirməyə başlayırlar. Sonra filmin direktoru gəlib çıxır. O da nə illah edirsə, Eldarı fikrindən döndürə bilmir. Nəhayət, söz-söhbət Tofiq Tağızadəyə çatır. Rejissorun “çəkilmirsənsə, başqa uşağı çəkəcəyəm” sözü də ona kar etmir. Rejissor Eldarın əynindəki paltarları çıxarıb başqa uşağa geyindirmək və o uşağı arxa planda çəkmək qərarına gəlir. Bu zaman hirsli olan Rafiq Əzimov Həsən Məmmədovla Şahmar Ələkbərovun güldüyünü görür. Yanlarına yaxlaşıb deyir: “Mən nə hayda, siz nə hayda. Noolub nəyə gülürsüz?” Şahmar cavab verir: “Nə qədər ki maaşlarımızı verməyəcəklər, Eldar filmə çəkilməyəcək”.
Beləcə, bu oyunun iki aktyor tərəfindən qurulduğu məlum olur.
“Siz ayağa durun, gedin teatra”
Rafiq Əzimov xatırlayır ki, teatrda çalışdığı ilk illər vəziyyət heç də ürək açan deyildi. Maaşları az idi, yaxşı rollar olmurdu, inkişaf isə ləng gedirdi. Belə şəraitdə aktyorlar teatrdan getmək fikrinə düşürlər. Onda Sumqayıt teatrı təzə açılmışdı. Teatrın direktoru Nəsir Sadıqzadə Şahmar Ələkbərov, Hamlet Xanızadə və Rafiq Əzimova Sumqayıt teatrında işləməyi təklif edir. Üstəlik bir ilə ev, fəxri ad və gözəl obrazlar vəd verir. Aktyorlar bu təklifi müzakirə etmək üçün yığışırlar Rafiq Əzimovun evinə. Siqaret-siqaretə calanır. Gecə saat 1-i keçir. Sabah artıq cavab verilməlidir. Şahmar və Hamlet teatrdan getmək qərarına gəlir. Ancaq Rafiq Əzimov onlarla razılaşmır. “Çox vədlər verə bilərlər. “Azdrama” sənət məbədidir. Bu gün var, həmişə də olacaq. Sumqayıt teatrını isə bilmək olmaz. Aktyorlar onun sözünə qulaq asıb teatrda qalırlar”.
Eynilə belə bir vəziyyət kinostudiyada da yaranır. Adil İsgəndərov aktyor kursu açan zaman ora aktyorları cəlb edirdi. “Qadam, gəlin kinostudiyaya” deyə bu üç aktyora da müraciət edir. Bu təklifi yalnız Şahmar Ələkbərov qəbul edir və teatrdan çıxıb kinostudiyaya gedir. Digər iki aktyor isə bu təklifi qəbul etmədiyindən Adil müəllimin gözünə görünmürdü. Bu hadisədən artıq bir həftə keçmişdi. Kinostudiyanın böyük zalında filmlərə baxış keçirdi. Hamı da ora yığışıb Adil müəllimi gözləyirdi. Üç aktyor isə arxa sırada oturmuşdu. Bu zaman Adil İsgəndərov içəri daxil olur və zala göz gəzdirməyə başlayır. Arxa sıraya yaxınlaşıb Hamlet Xanızadəylə Rafiq Əzimova deyir: “Siz ayağa durun, gedin teatra”. Onlar da pərt halda zalı tərk edirlər.
Bir gün də Şahmar Ələkbərov Adil İsgəndərovun kabinetinə daxil olub deyir: “Adil müəllim, necə bilirsiz, fikrim var gedim Moskvada rejissorluq öyrənim”.
Adil müəllim uzun bir fasilə verir və Şahmarın üst-başına baxmağa başlayır. Şahmarsa öz növbəsində intizarla dayanıb cavab gözləyir. “Qadam, neçə “razmer” kostyum geyinirsən”. Şahmar bu sözləri eşidən kimi hər şeyi başa düşür və “çox sağ olun, Adil müəllim”, - deyib otağı tərk edir. Və xeyli müddət rejissorluq etmək fikrindən danışır. Ta ki...
“Hər özündən gedən filmin çəkilişini ləngitsə, onda kino özündən gedər ki”
1981-ci il idi. “Qaçaq Nəbi” filminin çəkilişləri gedirdi. Bir çox epizodlar Şamaxının kəndlərində aparılırdı. Bir gün aktyorlar avtobusla çəkilişdən mehmanxanaya qayıdırdılar. Eldəniz Quliyev Şahmar Ələkbərovla yanaşı oturmuşdu. Zarafatlaşır, deyib-gülürdülər. Qəflətən Şahmar elə bil donub qalır və ətrafdakılar bir şey anlamağa macal tapmamış qıc olub özündən gedir. Nə qədər çalışsalar da, onu ayılda bilmirlər. Avtobus keçən kəndin həkimini tələsik tapırlar və onun köməyi ilə Şahmarı həmin kəndin xəstəxanasına yerləşdirirlər. Eldəniz Quliyev gecə onunla xəstəxanada qalır. Aktyor özünə gələn kimi ilk sözü belə olur: “Deyəsən, çəkilişə getmək vaxtıdır”.
Eldəniz Quliyev təəccüblənir: “Ay allahsız, çəkiliş nədi, güclə özünə gəlmisən”.
Şahmarsa belə cavab verir: “Əzrayılla “daqavor” bağlamışam, narahat olma. Bir də ki hər özündən gedən filmin çəkilişini ləngitsə, onda kino özündən gedər ki...”
Eyni gündə anadan olan iki balasına Şahmar Ələkbərov elə eyni gündə də toy çaldırır
Bax, beləydi Şahmar Ələkbərov. Kinonu canından, həyatından da çox istəyirdi. Və bir də ailəsini çox sevirdi, həyat yoldaşını, əkiz qızlarını.
… Kəmalə xanımla hələ tələbə vaxtı bir-birlərini çox sevirdilər. İkisi də eyni institutda təhsil alırdı. Amma fərqli fakültələrdə. Şahmar aktyorluqda, Kəmaləsə teatrşünaslıqda. Ailə qurmaq qərarına da gəlmişdilər. Lakin Kəmalənin atası (professor Məcid Kərimli) buna əsla razılıq vermirdi. Aktyora qız vermək istəmirdi. Böyük çək-çevirdən sonra məhəbbət hər şeyə qalib gəlir və bu iki sevən nəhayət bir-birinə qovuşur. Toylarında bütün sənət adamları iştirak edir… Sonra iki qızları olur. İkisi də bir gündə - İzulət və Ləman. Deyirlər, Şahmar Ələkbərov kənardan mülayim görünsə də, evdə bir az sərt olub. Qızlarına qarşı da ciddi ata idi. Buna baxmayaraq, onların arasında yalnız ata-övlad münasibəti yox idi. Onlar həm də möhkəm dost idilər. Analarından çox, ataları ilə yaxın idilər. Eyni gündə anadan olan iki balasına Şahmar Ələkbərov elə eyni gündə də toy çaldırır. İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov hazırda Azərbaycanın Hollandiyadakı səfiridir. Ləman xanımın həyat yoldaşı isə generaldır. Şahmar Ələkbərovun ailə üzvləri Hollandiya olduqlarından təəssüf ki, onların heç birilə görüşüb söhbətləşə bilmədik.
Aktyor kimi işləməkdən məhrum olandan sonra rejissorluq etməyə başlayır
Sənət yoldaşlarıyla söhbət zamanı hamısının dediyi bir şey vardı. Şahmar Ələkbərov həm teatrda, həm dublyajda, həm də kinoda yüksək səviyyədə iştirak edib və sənətini hər şeydən çox sevib. Xüsusən də kinonu, aktyorluğu. Ancaq ölüm ona möhlət vermədi. Yaşasaydı, hələ çox rollar yaradacaqdı. Düçar olduğu ağır xəstəliyi (çənə xərçəngi) də ona aman vermirdi . Yaxşı danışa bilmədiyinə görə artıq filmə çəkilmirdi. Ancaq təslim olmaq istəmirdi. Nəyin bahasına olursa olsun işləmək arzusundaydı. Aktyor kimi çıxış etmək imkanından məhrum olandan sonra rejissorluğa başlayır. “Sahilsiz gecə”, “Qəzəlxan” filmlərini çəkir. Yenə də çəkəcəydi, ömür vəfa etsəydi.
Əslində sərbəst film çəkmək arzusu neçə illərdir, onu rahat buraxmırdı. Səhhətində problemlər yaranandan sonra isə bu arzunu daha tez gerçəkləşdirmək fikrinə düşür. Beləliklə, o rejissor kimi işləməyə qərar verir və ilk dəfə Gülbəniz Əzimzadə ilə birgə “İmtahan” filmini çəkir. Bu ictimai motivli filmdə Şahmar Ələkbərov çox böyük həvəslə işləmişdi. Hər şey ona tanış idi. Kamera da, operator işi də, dekorasiyaların qurulması da, aktyor oyunları da ki, öz peşəsi idi. Amma narahatçılığı vardı. Ssenarini Anar özünün “Şəhərin yay günləri” povesti əsasında yazmışdı. Amma Gülbəniz xanımla elə rahat işləyirdi ki, elə bil uzun illər rejissorluq etmişdi. Film ekranlara çıxanda artıq bütün təşvişlərə son qoyulur. Ssenari müəllifi də, Gülbəniz xanım da, tamaşaçılar da filmdən razı qalırlar.
“Sahilsiz gecə” rejissor kimi ilk sərbəst işi olur
Sonra isə Elçin özünün “Toyuğun diri qalması” povesti əsasında ssenarisini yazdığı “Sahilsiz gecə”ni çəkir, 1989-cu ildə. O vaxt dəhşətli xəstəlik ona əzab versə də, işləyirdi. Elə bil tələsirdi. Filmi çox az müddətə çəkdi. Amma film hazır olanda çox ciddi münaqişələrlə qarşılandı. Səbəb isə müharibə dövründə qadınların həyatında bəzi məqamların, onların pis yola düşməsinin göstərilməsi idi. Şahmarın ilk sərbəst işi idi “Sahilsiz gecə”. Hər kadrına diqqətlə yanaşırdı. Ancaq təəssüf ki, bu film televiziya ekranlarında demək olar, nümayiş olunmayıb və heç bir festivala göndərilməyib.
Quruluş verdiyi son film isə “Qəzəlxan”dır
“Sahilsiz gecə”nin xoş təəssüratları Şahmar Ələkbərovun ağrılı cisminə bir yüngüllük gətirsə də, bunlar da ötəri olur. Ürəyincə sevinə bilmir. Çənə sümüyündə cərrahiyyə əməliyyatı aparılmalı idi. Bunun üçün Almaniyaya gedir. Yaxşı da olur. Çoxdan qəlbində gəzdirdiyi bir arzunu da reallaşdırmaq istəyir. Və günlərin birində bu arzusunu da gerçəkləşdirir. Öz ssenarisi əsasında “Qəzəlxan”ı çəkməyə başlayır, 1990-cı ildə. Xəstəhal vəziyyətdə işləyirdi. Yenə də elə bil harasa tələsirdi. Baş rola gənc aktyor Loğman Kərimovu dəvət etmişdi. Çəkilişlər dayanmadan gedir, hər şey öz qaydasında davam edir. Film qurtarandan sonra materialın çox olduğu ortaya çıxanda Şahmar Ələkbərov filmi iki hissədə çəkməyi qərara alır. Və film ekranlara çıxır. Ancaq təəssüf ki, özü bu filmin ekran taleyini izləyə bilmir. Amansız ölüm onu aramızdan aparır. 1992-ci ildə, heç 50 yaşına çatmamış Şahmar Ələkbərovun ömrü əbədiyyətə qovuşur. Çox idi arzuları. Bir ssenari də yazmışdı, özü çəkmək istəyirdi onu. Məşhur Bakı milyonçusu Ağamusa Nağıyev haqqında. Ölümündən sonra bu ssenari çəkilir. 1995-ci ildə rejissor Rövşən Almuradovun quruluşunda.
Azərbaycan kinosunun yeddi oğulu arasında dünyasını ikinci dəyişən Qəzənfər – Şahmar Ələkbərov oldu. Azərbaycan kinosu, Azərbaycan incəsənəti Şahmarsız qaldı. Bu zərbə tək onun ailəsinə yox, bütün incəsənətə dəydi. Və bu zərbənin yaratdığı boşluğu heç kim heç nəylə doldura bilmədi.
... O, bu uzun yolda irəliləyənlərdən biri oldu. Bu uzun yoldu düz 67 il öncə addımlamağa başladı və bu yolun yolçusuna çevrilərək orada özünə məxsus bir cığır açdı. İndi Şahmar yolunun yolçusu olmaq, onun açdığı cığırla addımlamaq istəyənlər çoxdur. Amma nə qədər çalışsalar da, Şahmar yolunu heç kim eynilə gedə bilməz. Çünki Şahmar Ələkbərov kimi əvəzolunmaz sənətkarlar dünyaya bircə dəfə gəlir.
P. S. Növbəti yazı yeddi oğulun başçısı Bəxtiyar – Həsən Məmmədov haqqında olacaq.
Xəyalə MURADLI
[email protected]

1007