“Mirpaşa atın üstünə tullananda qorxdular ki, atın beli qırılar”
08 may 2010 13:30 (UTC +04:00)

“Mirpaşa atın üstünə tullananda qorxdular ki, atın beli qırılar”

Öz ölümünü təsvir edən Elçin Məmmədov məzarının üzərindəki şam ağacından da yazmışdı…


“Yeddi oğul istərəm” – VI yazı


… O, həyatda yaratdığı obrazdan tamam fərqlənirdi. Çünki böyük və gözəl Allahımızı çox sevirdi. Dini mükəmməl bilir, namaz qılır və Quranı mütaliə edirdi. Ancaq filmdəki rolunu elə yaratmışdı ki, hamı onu həqiqətən də dinsiz, Allahsız hesab edirdi. Həyatda o, heç vaxt iti hansısa pirə, ocağa bağlamaz, bunu heç ürəyindən keçirməzdi. Çünki qəlbi Tanrı eşqilə dolu idi…


… “Yeddi oğul istərəm” filmi ekrana çıxandan sonra o, məhz Mirpaşa kimi tanındı və sevildi. Baxmayaraq ki, bundan hələ illər öncə rəssam kimi fəaliyyət göstərirdi. Söhbət rəssam və aktyor Elçin Məmmədovdan gedir. O Elçin Məmmədov ki, Mehdi Məmmədov və Barat Şəkinskaya kimi azman sənətkarların ailəsində dünyaya göz açmışdı. Elçin hələ anadan olmamışdan 3 gün əvvəl Barat Şəkinskaya Mehdi Məmmədovun quruluşunda Şekspirin “On ikinci gecə” tamaşasının premyerasında iştirak edirdi. Kişi kostyumunda çıxış etdiyi üçün hamiləliyi o qədər də bilinmirdi. Premyeradan 3 gün sonra, 1946-cı il mayın 29-da Elçin dünyaya göz açır.


Onu özündən 14 yaş böyük bacısı saxlayıb


Valideynləri sənət adamı olduğundan səhər saat 10-da teatra gedir, günorta evə gəlib yemək yeyir, dincəlir, axşamlar isə tamaşa nümayişinə görə yenidən teatra qayıdırdılar. Ona görə də Elçini özündən 14 yaş böyük bacısı Solmaz böyüdür. Körpəni çimizdirir, geyindirir, yeməyini yedizdirirdi. Gecələr pis yatdığına görə gonbul qardaşını qucağına alıb hər axşam bulvara gəzməyə aparırdı. Bütün bunları o, böyük sevgi və qayğı ilə edirdi. İndi həmin illərə qayıdarkən Solmaz Həmzəyeva kədərini, göz yaşlarını saxlaya bilmir. Deyir ki, uşağa baxmağa dayə tapılmadığından 1 il məktəbə getməyib, qardaşını böyütməklə məşğul olub. Birlikdə olduqları vaxtlarda Elçinin başına gətirmədiyi oyunlar qalmazdı. Bəzən onu qız kimi geyindirər, başına “Vaqif” tamaşasında anasının taxdığı örpəyi bağlayar, dodaqlarını, boyayar, qrim edər, bəzək əşyaları taxar və bu libasda, görkəmdə şəklini çəkərdi…


“Sənə görə Barat xanımı hər gün məktəbə çağırmaqdan utanırıq”


… İllər ötür, anasından daha çox, bacısının zəhməti, qayğı və nəvazişi ilə böyüyən Elçin məktəb yaşına çatır. Əvvəlcə Bülbül adına musiqi məktəbinin skripka sinfinə gedir. Ancaq bir ildən sonra bu ixtisasa maraq göstərmədiyi üçün oradan çıxır. Çünki kiçik yaşlarından qəlbində gələcəkdə onun üçün başqa bir həyat olacaq sənətə – rəssamlığa sevgi və maraq oyanmağa başlayır. Məktəbə getdiyi vaxtlarda dərsliklərinin, not dəftərlərinin üzərinə müxtəlif şəkillər çəkirdi: “Ümumiyyətlə, Elçin çox nadinc uşaq idi. Məktəbdə etmədiyi dəcəlliklər qalmazdı. Dərsdə o qədər səs salırdı ki, müəllimləri boğaza yığırdı. 46 nömrəli məktəbdə mən də oxumuşdum. Ancaq biz bacı və qardaş arasında yerlə göy qədər fərq vardı. Ona görə də müəllimlər həmişə Elçinə “bacın burda oxuyanda ananın üzünə həsrət qalmışdıq. Arzulayırdıq ki, dəcəllik etsin, Barat xanımı çağıraq məktəbə. İndisə sənə görə Barat xanımı hər gün məktəbə çağırmaqdan utanırıq” deyərdilər”.


Sonuncu dəfə anası Barat Şəkinskayanın bütün sənədlərini itirdi


Elçin dərslərini də yaxşı oxumurdu. Müəllimlərinə də, ailə üzvlərinə də əziyyət verirdi. Sinifdən sinfə müəllimlərə yalvarmaqla keçirdi. Tənbəllik edib dərslərini oxumasa da, çox savadlı idi. Onun üçün dərsi bircə dəfə oxumaq kifayət edərdi. Xoşuna gələn mövzu olanda isə yalnız dərsliklə kifayətlənmir, başqa mənbələrlə də maraqlanır, mövzunu dərinliyinə qədər öyrənirdi. Nəyisə itirmək isə artıq adətinə çevrilmişdi. Dərsə gedərkən çantanı həmişə trolleybusda unudub düşərdi. Sonralar da bu vərdişi tərgidə bilməmişdi. Sonuncu dəfə anası Barat Şəkinskayanın bütün sənədlərini itirdi və nə qədər axtardısa da tapa bilmədi.


“Hamlet” Elçin Məmmədovun rəssam kimi son işi olur


Məktəbdə oxuduğu illərdə Elçin Əzim Əzimzadə adına rəssamlıq məktəbinə də gedirdi. Orta məktəbi qurtardıqdan sonra isə İncəsənət İnstitutunun rəssamlıq fakültəsinə daxil olur və çox tez bir zamanda tanınmağa başlayır. İlk dəfə uşaqlıq dostu Azər Paşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi “Mənim qardaşım klarnetdə çalır” tamaşasının rəssamı olur. Sonralar isə daha çox atası Mehdi Məmmədovla birlikdə çalışır. Azərbaycan Dövlət Akademik Dram Teatrının baş rəssamı olur. Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda Moskva, Arxangelsk, Serebrovskidə yüzdən çox tamaşada rəssamlıq edir. 1984-cü ildə “İblis” tamaşasına görə Dövlət Mükafatına layiq görülür. Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşası da Azər Paşa Nemətovla olur. Bu dəfə də “Hamlet” tamaşasının rəssamlıq işini öhdəsinə götürür. Ancaq ömür vəfa etmir və bu tamaşanın premyerasını görmək ona qismət olmur.


“Saqqalını tək imicə görə yox, təmizləməyə tənbəllik etdiyi üçün də saxlayırdı”


“Elçin çox maraqlı və qeyri-adi insan idi”, - söyləyir, Solmaz xanım. Qardaşının bütün keyfiyyətlərini sadalayır. Deyir, Elçin Məmmədov dini elmi tərəfdən bilirdi. Quranın ayələrinin təhlilini bacarırdı. Bütün pirləri, ocaqları ziyarət edirdi. Ağıllı, savadlı və hərtərəfli inkişaf etmiş biliyə sahib idi. Yaponların dördlük şeirlərini təhlil edirdi. Hind fəlsəfəsini gözəl bilirdi. İstənilən alimlə söhbəti yaxşı tuturdu. İngilis dilinə isə mükəmməl yiyələnmişdi. Amerika, Rusiya səfirləri ilə dostluq edirdi: “Çox xeyirxah, ötkəm insan olub Elçin. Heç kimlə düşmənçilik etməzdi. O, gözəlliyi görə və duya bilirdi. Hər şeydən zövq alırdı. Bəzən elə fotolar çəkirdi ki, baxanda şəklin fırça ilə işləndiyini düşünürdük. Ancaq bununla yanaşı, onda bir rəssam səliqəsizliyi vardı. Arxasınca yığıb-yığışdırmaq mümkün deyildi. Özü də bir az tənbəl idi. Saqqalını da tək imicə görə yox, təmizləməyə tənbəllik etdiyi üçün də saxlayırdı. Yaxşı yeməkləri xoşlayırdı. Anasının bişirdiyi ləziz xörəkləri daha çox sevirdi. Geyimi isə çox qəribə olurdu. Çiynindən həmişə torba asırdı. Sərbəst, rahat və boş geyimlərə daha çox üstünlük verirdi. Kostyum geyinməklə isə heç arası yox idi”.


Mirpaşa obrazı ilə kinoya debüt edir


Həyatda belə idi Elçin Məmmədov. O ki qaldı sənətə… Onun kinoda debütü “Yeddi oğul istərəm” filmində Mirpaşa rolu ilə olub. Mirpaşa roluna Elçin Məmmədovu filmin hər iki rejissoru dəvət etmişdi. Hələ film çəkilməzdən qabaq Kamil Rüstəmbəyov Solmaz xanıma deyib ki, filmdə bir əla rol var, ora Elçini çəkmək istəyir: “Obrazın görünüşü ilə Elçinin görünüşü bir-birinə uyğun gəlir. Amma Elçinin çox ziyalı sifəti var, ona görə bilmirəm necə alınar”.
Sonradan Tofiq Tağızadə də bu rolda məhz Elçini görmüş və dəvət etmişdi. Elçin Məmmədov filmə demək olar ki, sınaqsız çəkilib. Yalnız tərəf müqabilləri ilə birlikdə çəkildiyi sınaq çəkilişlərində iştirak edib. Rus dilli olmasına baxmayaraq, filmdəki rolunu da özü səsləndirmişdi. Və bunun öhdəsindən layiqincə gələ bilmişdi: “Hələ məşq zamanı dəfələrlə atdan yıxılma halları olurdu. Bu, artıq adi hala çevrilmişdi. Mirpaşanın damdan atın üstünə tullanma səhnəsi çəkilərkən qorxurdular ki, birdən atın beli qırılar. Sonradan Elçin danışırdı ki, görünməmək şərtilə atların qabağına nazik məftillər çəkirdilər. Heyvanlar çapanda ayaqları o məftilə ilişib yıxılırdı, bu zaman isə kənardan güllənin səsini verirdilər, guya ata güllə dəydi yıxıldı. Mirpaşanın məscidə it bağlamaq səhnəsi ssenaridə vardı. Amma yerdə qalan hərəkətlər, sözlər onun daxilindən gəlirdi. Rejissorun söz deməsinə heç ehtiyac qalmırdı. Çünki Elçin obraza girməyi bacarırdı. Və bunu o qədər məharətlə edirdi ki, baxan onun həqiqətən də iti məscidə bağlaya biləcəyini düşünür. Baxmayaraq ki, bu, pis hərəkət idi, amma Mirpaşa tamaşaçı qəlbində nifrət oyatmadı”.


“Sür-sür, elə görürəm ki, çoban kimi sürürsən”


Məhz bu obrazdan sonra Elçin Məmmədov tanındı. Hamının qəlbində və yaddaşında Mirpaşa kimi qaldı və sevildi. Hər yerdə onu Mirpaşa kimi tanıyırdılar. Küçədə də ona Mirpaşa deyirdilər. Bu roldan sonra yol polisi də onu saxlamırdı. Bir ara Elçin Məmmədov maşının nömrəsini vintlə bərkitmək əvəzinə, qalstuk və iplə bağlamışdı. Maşını isə həmişəki kimi pis vəziyyətdə idi. Ancaq polislər onu tanıdıqları üçün bunların heç birinə məhəl qoymur və onu cərimələmirdilər. Bir gün yol polislərindən biri Elçin Məmmədovu saxlayır. Görünür, cavan olduğundan aktyoru tanıya bilməmişdi. Elə bu səbəbdən də aktyorla polis arasında məzəli bir dialoq yaranır. Elçin Məmmədov soruşur, “tanımadın məni?” “Yox”, - deyə polis təəccüblə cavab verir. “Yaxşı bax”, - deyir aktyor. Polis yenə də tanımağa çətinlik çəkir. “Mirpaşa”. Polis heç nə başa düşə bilmir. “Qaraca çoban”. Bu ad da polisə tanış gəlmir. Nəhayət, bundan bezən polis aktyora deyir: “Sür-sür, elə görürəm ki, çoban kimi sürürsən”.


Çəkiliş zamanı Elçin Məmmədovun qolları yanıb

Mirpaşa obrazından sonra Elçin Məmmədov “Dədə Qorqud” filmindəki Qaraca çoban obrazı ilə də yaddaşlarda qalmağı və sevilməyi bacarır. Solmaz xanım xatırlayır ki, bu filmin çəkilişləri zamanı Elçin Məmmədovla yaradıcı heyət arasında narazılıq yaranmışdı. Buna səbəb isə Qaraca çobanın qoyunları qayadan atma səhnəsi ilə bağlı idi. Belə ki, aktyor qoyunları diri-diri atmağa razılıq vermirdi. Çünki qoyunlar qayadan atılarkən daşa dəyib parçalanacaq və öləcəkdi. Aktyorun inadını gördükdən sonra məcburiyyət qarşısında qalıb kukla qoyunlar düzəltmişdilər. Qaraca çobanın ağacı kökündən çıxarmaq səhnəsi də çətinliklə alınırdı. Çəkiliş başlamamışdan qabaq yüzillik ağacı kökündən çıxarıb, sonra həmin ağacı yenidən yerinə basdırırlar ki, Qaraca çobanı ağaca bağlayanda onu asanlıqla yerindən çıxara bilsin. Həmin səhnənin çəkilişi başlayır. Qaraca çobanı da ağaca bağlayırlar. Ancaq aktyor nə qədər tərpətsə də, əziyyət çəksə də, ağacı yerindən çıxara bilmir. Demə, ağacı yerinə o qədər bərk basdırmışdılar ki, çıxarmaqda çətinlik çəksin. Elə bu zaman da məşəlləri yandırmağa başlayırlar. Od parçaları da qolları bağlı olan Qaraca çobanın üstünə tökülür və qollarını yandırır. Göynədiyi üçün tez-tez qollarını üfürməyə başlayır. Bütün bunlar filmdə təbii olaraq çəkilmişdi.

Bu filmlərdən başqa Elçin Məmmədov daha bir neçə filmə çəkildi. “Dantenin yubileyi”ndə Səyavuş, “Çətirimiz buludlardır” filmində isə Məlik obrazları da aktyorun çox şaxəli yaradıcılığının ayrılmaz parçasıdır. 1991-ci ildə o, əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunur. 1999 və 2001-ci illərdə “Qızıl Dərviş” mükafatına layiq görülür.

12 yaşlı İbrahim üz cizgiləri, hərəkətlərilə babasına bənzəyir


Bütün bu mükafatlarla yanaşı, Tanrı ona bir mükafat da qismət etmişdi – baba adını. Elçin Məmmədov nəvə dadının da şirinliyini duymuşdu. Şirin-şəkər nəvələrinin hər bir sözü, hərəkəti gənclik ruhu, həyat eşqi aşılayırdı. Onların hər dəcəlliyini sevinclə qarşılayırdı. Nəvələrini çox sevirdi. Onlarla nəfəs aldığını deyirdi. Ancaq ən çox sevdiyi nəvələrinin böyüyüb boya-başa çatmasını, toy günlərini görmək qisməti olmadı… İndi Elçin Məmmədovun ailəsində 12 yaşlı bir İbrahim də böyüyür. Üz cizgiləri, hərəkətləri ilə daha çox babasına bənzəyən, məktəbdə hazırlanan səhnəciklərdə çıxış edən İbrahim bəlkə də Elçin sənətinin, Elçin yolunun davamçılarından olacaq. Onu da qeyd etmək yerinə düşər ki, Elçin Məmmədovun oğulları da onun sənətinin davamçılarından sayılır. Böyük oğlu Kərim Polşa Akademiyasını bitirib. Sevdiyi polyak qızla ailə qurub və elə oradaca yaşayır. Kompüter rəssamıdır. (Elçin Məmmədov özü isə Azərbaycanın ilk kompüter rəssamlarından sayılır – X. M.) 3 övladı var. Kiçik oğlu Mehdisə Musiqi Akademiyasını bitirib. 2 övlad atasıdır. Bir müddət öncə rejissor kimi ilk işi televiziya kanallarının birində nümayiş olunub. Lakin atasının adını yaşadan oğlunun bu sənət uğurunu görmək Elçin Məmmədova nəsib olmadı.


Öz ölümünü təsvir etmişdi


... O, hələ 33 yaşında ağır infarkt keçirmişdi. Ancaq bütün bu illər ərzində ürəyindən şikayət etməmişdi. Həmin gün o həmişəki kimi mikrorayondakı emalatxanasına gedir. Maşından düşüb qapısını bağlayır və gəlir blokun qabağına. Özünü pis hiss etdiyini görəndə oradakı uşaqların birindən qalxıb emalatxanadakı rəssamı çağırmağı xahiş edir. Otaq yoldaşı gələndə isə onun artıq dünyasını dəyişdiyini görür. 2001-ci il fevralın 18-də rəssam, aktyor Elçin Məmmədov ömrünün 55-ci baharında həyatla əbədi vidalaşır. Bu itki tək onun ailə üzvləri üçün yox, dostları, həmkarları, bütün xalqı üçün ağır oldu. Bu xəbərə heç kim inana bilmirdi. Hətta xarici ölkələrdə olan dostları da uşaq kimi ağlayırdılar. Maraqlı bir faktı da vurğulayaq ki, ölümündən bir neçə gün sonra Elçin Məmmədovun kompüterindən bir esse tapıldı. Özü öz ölümünü təsvir etmişdi. Ruhun Allahın hüzuruna çıxdığından, o yolu keçməyindən danışırdı. Hətta məzarının üzərində ucalan şam ağacı barədə də yazmışdı…


… Hələ neçə il öncə həyətlərinə balaca bir it gəlmişdi. Mənzil istismar sahəsinin işçiləri iti tutub aparmaq istəyirdilər. Onda Elçin Məmmədov buna mane olmuşdu. O gündən etibarən də it həmişə onların evinin qabağında oturdu. Elçin Məmmədovun və onun ailə üzvlərinin sevimlisinə çevrildi. Elçin Məmmədov dünyasını dəyişdiyi ilk gün it evin qabağında sakitcə uzandı. İki gündən sonra isə yoxa çıxdı. Və elə o gündən sonra o iti heç kim hey yerdə görmədi…


P. S. Növbəti yazımız Şahmar Ələkbərov haqqında olacaq.

Xəyalə MURADLI

xeyalelent@gmail.com
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1175

Oxşar yazılar