Dünyanın ən tərs sənətkarı
05 may 2010 10:30 (UTC +04:00)

Dünyanın ən tərs sənətkarı

Bu gün Adil İsgəndərovun 100 yaşı tamam olur


… Bayaqdan kinostudiyada iynə atsaydın, yerə düşməzdi. Kinostudiyanın həyəti də, dəhlizləri də işçilərlə dolu idi. Kimi iki-iki, üç-üç dayanıb söhbət edir, kimi gülüşür, kimisi də qeybətləşirdi. Bir sözlə, kinoya aid olan və olmayan hər cür söz eşitmək olardı. Amma birdən elə bil qurbağa gölünə daş atdılar. Bir anlığa hamı gözdən qeyb oldu. Həmin vaxt nə qədər axtarsan da, orada heç kimi tapa bilməzdin. Çünki artıq Onun işə gələn vaxtıydı...


Çoxu onun adi baxışından belə qorxurdu. Ancaq elə o zəhmli baxışların özündə də bir sevgi, bir nəvaziş vardı. Dediyi isə qanunuydu. Heç kim sözündən çıxmağa cürət belə etməzdi. Hətta inqilab etməyi fikrindən keçirmək istəyənlər belə o böyük aktyorun, o böyük insanın çox adi bir sözündən çıxmaqda acizdilər. Sənətə qarşı çox tələbkar, sərt, hətta bəzən kobuddu. Ancaq elə bu xüsusiyyətlərin özündə də bir humanistlik, bir xeyirxahlıq gizlənirdi. Və bir də Onun tərs olduğunu deyirdilər. Dünyanın ən tərs sənətkarlarından biri, bəlkə də elə birincisiydi. Adının qarşısında titullarını saymağa ehtiyac olmayan böyük sənətkar və böyük insan Adil İsgəndərov.


6 yaşında atadan yetim qalır


1910-cu ilin güllü-çiçəkli bahar günlərinin birində – mayın 5-də Gəncədə Rza bəyin evi sevincə qərq olur, ilk övlad dünyaya göz açır. Ata-anasının gözü önündə böyüməyə başlayır. Lakin çox keçmir ki, ailə sevinci kədərlə əvəzlənir. Arada olan düşmənçilik nəticəsində Rza bəyi Şəkiyə aparıb öldürürlər. Cəmi 6 il ata nəvazişi görən Adil ataya ən çox ehtiyac duyduğu vaxt yetim qalır. Sonralar düşmənləri qaçırmasın deyə, 4 oğul anası olan Ayna xanımı qohumlarından birinə ərə verirlər. O izdivacdan da daha üç övlad dünyaya gəlir.


Cəfər Cabbarlının təşəbbüsü ilə Teatr Texnikumuna daxil olur


Onun sənətə böyük həvəsi uşaqlıqdan baş qaldırmışdı. Hələ 10-12 yaşı olanda Gəncədə Pionerlər evində məktəblilər üçün tamaşalar hazırlamağa başlamışdı. Tamaşalarda oynamaq üçün hətta qardaşlarını, dostlarını da cəlb edirdi. Axırıncı sinifdə oxuyanda isə “Qaçaq Nəbi”ni “səhnələşdirir”. Tamaşa üçün lazım olan yapıncını, papağı və xəncəri evdəki sandıqdan gizlicə götürüb tamaşada istifadə edir (Anasına bunu çox sonralar etiraf etmişdi). Bu o zamanıydı ki, böyük dramaturqumuz Cəfər Cabbarlı bir neçə ziyalı ilə birlikdə Gəncəyə gəlmişdi. Onlar bu tamaşaya baxıb, çox bəyənirlər. Və bu istedadlı oğlana Bakıda təhsil almağı təklif edirlər. Beləliklə, Adil İsgəndərov Cəfər Cabbarlının təşəbbüsü ilə Teatr Texnikumuna daxil olur. Buranı əla qiymətlərlə bitirdiyindən imtahansız Moskva Dövlət Teatr Sənəti İnstitutuna qəbul olunur. Moskvada oxuya-oxuya eyni zamanda orada teatrda da işləyir. Vətənə qayıdandan sonra Akademik Dram Teatrında rejissor kimi işə başlayır. Çox keçmir ki, baş rejissor, sonra isə direktor seçilir və 25 ilə yaxın bu teatrda öz məktəbini yaradır. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını “Adil İsgəndərov teatrı” adlandırırdılar.

Ən böyük arzusu isə “Vaqif” əsərinin 2 seriyalı kino variantını çəkmək idi, lakin...

Burada işə başlayan kimi bir-birinin ardınca bənzərsiz tamaşalar səhnələşdirməyə başlayır. Rejissor debütü olan “Polad qartal” (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurur. Daha sonra “Platon Kreçet”, “Həyat”, “Vaqif” tamaşalarına quruluş verir. “Vaqif” milli teatr tariximizdə ən uğurlu tamaşalardan sayılır. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaradır. O dövrü xatırlayanlar deyirlər ki, bu tamaşaya düşmək əslində qəhrəmanlıq idi. Teatr aylarla anşlaqla tamaşalar göstərirdi. Bəlkə də bu möhtəşəm sənət ocağı tarixində bu qədər qələbəlik görməmişdi. Ələsgər Ələkbərovun şaqraq səsi və bənzərsiz oyunu bu quruluşa özünəməxsus bir ovqat gətirirdi. Ən böyük arzusu isə “Vaqif” əsərinin 2 seriyalı kino variantını çəkmək idi. Filmin ssenarisi də yazılmışdı. Bircə qalmışdı Vaqifi tapmaq. Bunda isə o çətinlik çəkirdi. Çünki Ələsgər Ələkbərovdan sonra Vaqifi oynayacaq aktyor tapa bilmirdi. Ona görə də rejissor bu arzusuna çata bilmir.

Quruluş verdiyi “Otello” tamaşası dünyada sayca üçüncüydü


Adil İsgəndərovun tamaşaları orijinallığı ilə fərqlənirdi. “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqin səhəri”, “Otello”, “Türkiyədə” və digər əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə yeni nəfəs, yeni ruh gətirirdi. Quruluş verdiyi “Otello” tamaşası dünyada sayca üçüncüydü. Otello – Ələsgər Ələkbərov özünəməxsus oyunu ilə tamaşaya ucalıq gətirmişdi. Ümumiyyətlə, Adil İsgəndərovun bütün tamaşaları qısa müddətdə şöhrət qazanırdı. Moskvanın da teatrşünasları, sənətşünasları yazırdılar ki, Adil İsgəndərovun sənətdə böyüklüyü kütləvi səhnələrinin olmasındadı. Elə təkcə “Vaqif” tamaşasında 150-yə yaxın aktyor oynayırdı. Bir rol üçün 4-5 dublyor hazırlayırdı. Və elə edirdi ki, onların bir-birindən xəbəri olmurdu, ayrıca məşqlər keçirirdi. Onun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. İlk görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi. Aktyorların yaradıcılıq potensialına çox yaxşı bələd idi.

Beləcə, Adil İsgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni, coşqun bir mühit formalaşmağa başladı. Bu, ənənəvi teatr deyildi. Hər şeydə yenilik vardı. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaratmışdı.


Öz ərizəsi ilə Akademik Dram Teatrından ayrılır


O vaxtlar teatrda birinci katibin, baş rejissorun öz lojası vardı. Hər gün məşqdə baş rejissor öz lojasında otururdu. Oturan kimi də xoruldamağa başlayırdı. Xorultusunun səsi bütün teatrı bürüyürdü. Ancaq bircə səhv belə gözündən qaçmazdı. Danışırlar ki, bir dəfə iclasda Mircəfər Bağırov çıxış edən zaman Adil İsgəndərovun yatdığını görür və onu oyadaraq nə barədə danışdığını soruşur. Adil İsgəndərov onun dediklərini nöqtəsinə kimi təkrar edir. Çox təəccüblənir, Mircəfər Bağırov.


Adil İsgəndərov 1962-ci ilə qədər “Azdrama”da çalışır. Lakin öz ərizəsi ilə teatrdan ayrılır. Sənətkarın qardaşı oğlu Elxan İsgəndərovun dediyinə görə, Xruşşovun fərmanı ilə bir şəxs iki vəzifəni icra edə bilməzdi. Ona da ya bədii rəhbər, ya da direktor olmaq təklif olunur. Lakin Adil İsgəndərov bununla razılaşmır.


“Ələsgər Ələkbərov axıra kimi onun teatrdan getməsinə görə ürəkdən yandı”


Maraqlısı odur ki, bunu Adil İsgəndərovun hazırda çox tanınan sənətkarlar olan tələbələrinə deyəndə hamısı eyni cavabı verdi: “Bunun kökündə başqa məsələlər vardı”. Ancaq o qaranlıq məqamın nədən ibarət olduğunu, gizlində nələrin yaratdığını demək istəmədilər. Yalnız şofer Əhməd kimi tanınan xalq artisti Elxan Qasımov məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışdı. Aktyorun dediklərini olduğu kimi təqdim edirik: “İnciklik oldu. Bir dəstə adam vardı. İndi dünyalarını dəyişiblər. Şəxsi münasibətlər vardı. O, çox sərt adam idi. Sərtliyi barədə deyilən sözlərin hamısı həqiqətdi, hələ bəlkə də azaldırlar. Adil müəllimi uzun illər tanıyan yaxın tələbəsi, mənəvi oğlu kimi deyirəm ki, tənbəlliyi, yalanı, istedadsızları bağışlamırdı. Güzəştə getməyi bacarmırdı. O istedadsız, başqa vasitəylə, başqa yollarla sənətə gələn adamlara qarşı qəti sərt mövqedəydi. Onlar da düşdülər bunun üstünə. O vaxtlar Mərkəzi Komitədən gəlib yerlərdən iclas keçirirdilər. Nöqsan aşkarlanan kimi işdən qovurdular, ya da çıxardırdılar. Onu elə bir şəraitə saldılar ki, Mircəfər Bağırov gəldi. O düşmənlər – hazırda məşhur adamlardır – hamısı bayram edirdilər ki, “Adil İsgəndərovu yıxdıq, indi özümüz keçirik hakimiyyətə”. İclas qurtarandan sonra nəticəsi belə oldu. O vaxtlar 4-5 nazirdə qara maşın olurdu. Söhbətdən, tamaşaya baxandan sonra Adil İsgəndərova həmin maşından bağışladılar.



İkinci dəfə yenə düşdülər üstünə. Rejissorun əsas işi odur ki, tamaşası oynasın və tanınsın. “Vaqif”, “Otello” və digər tamaşaları anşlaqla gedirdi. Belə bir rejissoru nəyinsə üstündə çıxarmaq istədilər. Ailəsinə, əxlaqına bir şey edə bilmədilər. Dedilər, guya nəsə danışıb. O da ərizəsini yazıb getdi və sevindilər. Sevinəndən sonra da başlarına döydülər. Deyirdilər ki, Adil İsgəndərovun ən böyük konflikti Ələsgər Ələkbərovladır. Amma Ələsgər Ələkbərov axıra kimi onun teatrdan getməsinə görə ürəkdən yandı.
Kinostudiyada da həmin şey oldu. Həmin adam kinoya rəhbərliyə gəldi. Atasının qisasını almaq üçün düşdülər üstünə. O cür filmlər çəkilən dövrdə Adil İsgəndərovu kinostudiyadan uzaqlaşdırdılar. Yenə həmin səpkidə. Dedilər, guya yeyinti olub. Adil müəllim adamın üzünə baxan kimi onun kim, nə olduğunu bilirdi. Onun o vaxtlar teatrdan qovduğu adamlar indi xalq artisti, rejissordurlar”.


“Azdrama”dan sonra kinostudiyada rəhbərlik edir


Elxan İsgəndərov deyir ki, əmisi Nazirlər Soveti yanında Kino Komitəsinin sədri Romanovla dost olub, tez-tez məktublaşıbdılar. Adil İsgəndərovun teatrdan uzaqlaşmasından xəbər tutan Romanov Adil İsgəndərova ixtisasdəyişmə kurslarına gedərək teatrdan kino sahəsinə keçməyi təklif edir. Təklif qəbul olunur və Adil İsgəndərov 1 il Moskvada kinorejissorluq kursuna gedir. Bakıya qayıdandan sonra “Azərbaycanfilm” kinostudiyasında baş rejissor ştatı yaradılır və o vəzifəni icra etməyə başlayır. 1964-cü ildə kinostudiyanın direktoru Məhərrəm Haşımov rəhmətə gedəndən sonra Adil İsgəndərov bədii rəhbər təyin olunur.


Azərbaycan dilində danışmayan görəndə hirslənirdi


Onun rəhbər vəzifəyə gəlişilə ermənilərin, yəhudilərin çoxunun ayağı kəsilir kinostudiyadan. Vətənpərvəriydi Adil İsgəndərov. Xalqını, millətini çox sevirdi. Elə o sevgidən idi ki, mili kadrların, milli sənətkarlarının yetişməsinin vacibliyini düşünürdü. Ona görə də hazırda Azərbaycanın tanınmış sənətkarlarını Moskvaya oxumağa göndərir. Azərbaycan dilini də çox sevirdi. Bu dildə danışmayan görəndə hirslənirdi və ana dilində danışmağa məcbur edirdi. Bir gün Şahmar Ələkbərov 2 nəfərlə kinostudiyanın dəhlizində dayanıb rusca söhbət edirmiş. Bu zaman Adil İsgəndərov yanlarından keçir və birdən çevrilib “ey Şvinqişteyn” deyə səslənir. Bu sözə üçü də təəccüblənir və bir-birinin üzünə baxır. Özünü itirən gənc aktyor deyir: “Mən Şahmar Ələkbərovam”. Adil müəllim isə narazılığını kinayə ilə bildirir: “Mən də elə bildim Şvinqişteynsən. Bəs niyə rus dilində danışırsan? Şahmarsansa, Azərbaycan dilində danış da”.



Amma həyat yoldaşı rus əsilliydi...


Maraqlıdır ki, bu qədər vətənpərvər, millətini, Azərbaycan dilini çox sevən sənətkarın həyat yoldaşı rus əsilliydi. İki qızı da rus dilində təhsil almışdı. Ümumiyyətlə, ailədə rus dilində danışırdılar.

… Hələ illər öncə məktəblərdə özfəaliyyət dərnəkləri üçün istedadlar sorağına çıxırdılar. Və bu axtarışların birində Adil İsgəndərov öz məhəbbətini, gələcək ömür-gün yoldaşını tapır. Onda Zinaida Fyodorovnanın 18-19 yaşı olardı. Adil müəllimin 27, Zinaida xanımın 20 yaşı olanda onlar ailə qururlar. Bir ildən sonra ilk övladları dünyaya gəlir. Adını Nigar qoyur, Nigar Rəfibəylinin şərəfinə (Hazırda Nigar xanım ailəsi ilə birgə Almaniyada yaşayır – X. M.). Hələ Moskvada oxuyanda gözəlliyinə, yaradıcılığına heyran olduğu Nigar Rəfibəyli ilə yaxın dost idilər. 6 ildən sonra isə ikinci qızı Dilarə anadan olur. Sonradan Adil İsgəndərov həyat yoldaşını da teatra cəlb edir. Rus Dram Teatrında işləyir, əməkdar artist adını alır. Lakin səhnədən tez ayrılır. Səbəblərini siması ilə Adil İsgəndərova çox bənzəyən qızı Dilarə xanım danışır: “Anam səhnədən çox tez ayrıldı. Atamın daxilindəki o müsəlmançılıq istər-istəməz özünü göstərirdi. İmkan vermirdi, anam aktrisa kimi tam özünü göstərsin. Düzdü, ona konkret olaraq gəlib nəsə demirdi. Amma istər-istəməz qəlbinin dərinliyində nəsə hiss olunurdu. Ümumiyyətlə, anam özü də ciddi qadın idi. Heç deməzdin, rusdu. Ciddi, gözəl, heç nə tələb etməyən xanım idi. Bizim evdə o cür söhbətlər olmurdu ki, bunu mənə al, ya da mən bunu istəyirəm. Atam zarafatla deyirdi ki, həyat yoldaşını tək ürəklə yox, həm də ağılla seçib. Anam 42 yaşında təqaüdə çıxdı. Bir tərəfdən Nigarın uşaqları dünyaya gəlmişdi, ona kömək edirdi. İkinci tərəfdən isə ayağında tromb yaranmışdı. Səhnədəki fəaliyyətinə mane olurdu. Ancaq atamdan fərqli olaraq anam uzun ömür yaşadı, 87 yaşında vəfat etdi”.




“Atam əsl müsəlman kişisiydi”


Dilarə xanım Adil müəllim ailədəki rəftarından, necə ata olmasından da danışır. Deyir, o, əsl müsəlman kişisiydi. Ailədə bir az ciddi olsa da, uşaqlarla mülayim idi, nəvələrini çox sevir, hətta onları ərköyün böyüdürdü: “Amma bizimlə arada həmişə pərdə olurdu. Çox işləyirdi. Teatrda işlədiyi vaxt mən uşaq idim. Yadımdadır ki, evə gec gəlirdi. Axırda qapıları həmişə o bağlayırdı. Evdə çox az tapılırdı. Heç vaxt evdə nəyisə müzakirə etmirdi, problemi barədə, kiminsə haqqında danışmırdı. Təbii ki, hansısa paxıllıqlar olurdu ona qarşı. Çünki çox istedadlı rejissor idi. Amma heç nə demirdi. Bizim heç nədən xəbərimiz olmurdu. Çox güclü şəxsiyyət olub atam. Məsələn, teatrdan ayrılan vaxtlar bunu məğlubiyyət kimi qəbul etmədi. Narahatlıq da keçirmədi ki, bu qədər ilini teatra həsr edib. O vaxt həyatımızın çətin mərhələsi idi. Çünki bir müddət işləmədi. Biz artıq böyük qızlar idik. Son puluyla Moskvaya getdi. Kursda oxuya-oxuya rejissor kimi də çalışdı. 1 ilə yaxın orda qaldı. Biz burda, o orda... Amma bu çətinliyi də keçdi. Bircə onu deyim ki, onun barədə danışılanların hamısı həqiqətdi. Ona çoxları hörmət edirdi. Çox nadir şəxslər var ki, onlara bu cür hörmətlə yanaşırlar. Mən bu hörmətin şahidi olmuşam”.


Şər, böhtana dözməyərək kinostudiyadan da öz istəyi ilə ayrılır


Həm də çox tərs idi Adil İsgəndərov. Dünyanın ən tərs sənətkarlarından birincisiydi bəlkə də. Əgər bir aktyor sənətinə səhlənkar yanaşsaydı, dırnaqarası baxsaydı, ona rol verməzdi. Mərkəzi Komitədən desəydilər belə... Haqsızlığı sevmirdi, yalan da danışmırdı. Elə bu tərsliyinə görə “Azdrama”dan ayrılmışdı. Və elə ikinci dəfə də tərsliyinə görə kinostudiyadan uzaqlaşır.

Kinostudiyanın lentlər saxlanan laboratoriyasında erməni və yəhudilər işləyirdi. Adil İsgəndərov da onların işini tez-tez yoxlatdırır, sıxışdırırdı. Məhz onların əlilə “İzvestiya” qəzetində Adil İsgəndərov haqqında yazı çıxır. Əslində məqalədə hansısa cinayət işindən də söhbət açılmırdı. Hətta belə şayiələr də yayırdılar ki, guya Adil İsgəndərov 4-cü mərtəbədəki evinin ortasında fəvvarə qurub. Yoxlayırlar, heç bir sübut tapa bilmirlər. Bütün şayiələrin əsassız olduğu ortaya çıxır. Ancaq Adil İsgəndərov haqsızlığa dözə bilmir və 1974-cü ildə ərizə yazaraq kinostudiyadan çıxır.


“Əgər heç bir əsas olmadan haqqımda belə yazılırsa, buna da göz yumulursa, daha işləyə bilmərəm”


Kino komitəsinin sədri Məmməd Qurbanov, yaxın dostu və qonşusu Mirzə İbrahimov onu fikrindən daşındırmağa çalışsalar da, heç bir xeyri olmur. “Əgər heç bir əsas olmadan haqqımda belə yazılırsa, buna da göz yumulursa, mən daha işləyə bilmərəm”, - deyir. Adil İsgəndərov tərsliyindən dönmür. Yalnız İncəsənət İnstitutunun pedaqoqu kimi çalışır və aktyor kimi filmlərə çəkilir.


Kərbəlayı obrazına görə “ən yaxşı kişi rolu” mükafatını qazanır


Aktyor kimi ilk işi hələ 1956-cı ildə olur. Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filmində Qoçu rolunu ifa edir. Əslində bu çox kiçik, epizodik bir roldur və filmdə biz onu bircə dəfə görürük. Ancaq bazar səhnəsində onun görünməsi ilə filmə xüsusi bir ovqat gəlir. Elə həmin ili “Qara daşlar”da Xəlilov, 1958-ci ildə “Uzaq sahillər”də Rosselini, 1963-cü ildə “Romeo mənim qonşumdur”da Quliyev, 1968-ci ildə “Qanun naminə”də Kamilov obrazlarını yaradır. Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi 1971-ci ildə çəkilən “Axırıncı aşırım” filmində yaratdığı Kərbəlayı İsmayıl sayılır. Bu obraz mürəkkəb tarixi dövrün qəhrəmanı idi. Torpaqları, var-dövləti ilə yanaşı, ləyaqətinə, şəxsiyyətinə də təcavüz edilən Kərbəlayı yeni cəmiyyətə müharibə elan edir. Abbasqulu bəyin “elçi” kimi barışığa çağırması belə, onu bu yoldan döndərə bilmir. Adil İsgəndərov bu obrazı daxilən yaşayır. Bu rolda da, o, bütövdür, obrazın bütün çalarlarını tamaşaçıya ustalıqla çatdırır və əsil Azərbaycan kişisi obrazı yaradır. Bu rola görə Adil İsgəndərov 1972-ci ildə Tbilisidə keçirilən 5 Ümumittifaq Kinofestivalında “ən yaxşı kişi rolu” mükafatını qazanır. O zaman festivalın münsiflər heyəti bu mükafatın iki aktyora verilməsini təklif edir. Abbasqulu ağa – Həsən Məmmədova və Kərbəlayı – Adil İsgəndərova. Onda Adil İsgəndərov mükafatdan imtina edir: “Qəmlo obrazı gözəl yaradılıb. Mükafat Məlik Dadaşova verilsin”.
Amma münsiflər heyəti fikrindən dönmür.


Adil İsgəndərov kinodakı ilk və son işi olan “Əhməd haradadır?” filmini bəyənmirdi


Adil İsgəndərov kinostudiyadan ayrılandan sonra 1976-cı ildə “Dərviş Parisi partladır” filmində Hətəmxan ağa, 1977-ci ildə “Arxadan vurulan zərbə”də Dadaşlı obrazlarını yaradır. İfa etdiyi rolların əksəriyyətini Yusif Vəliyev səsləndirirdi. Yalnız “O olmasın, bu olsun” filmində öz səsidir. “Dərviş Parisi partladır” filmində isə Əliağa Ağayev səsləndirmişdi. Çoxlarının fikrincə, bu, uğursuz alınmışdı. Çünki Qarabağ xanı Qarabağ ləhcəsi ilə danışmalıydı, Bakı ləhcəsi ilə yox.


Adil İsgəndərovun rejissor kimi quruluş verdiyi ilk və son işi isə “Əhməd haradadır?” filmi olur. Amma bu filmdən razı qalmır


Səssizcə yerində uzanıb ağ mələfəni üstünə çəkdi və...


... Amma nədənsə həyatda həmişə tərslik edən Adil İsgəndərov Əzrailə sərt üz göstərmədi. Səssizcə yerində uzanıb ağ mələfəni üstünə çəkdi və əbədi yuxuya getdi. Dilarə xanım deyir ki, əslində atasının səhhətində o qədər də ciddi problemlər olmayıb. Amma görünür, daxilən keçirdiyi sarsıntılar ürəyinə təsir etməmiş deyildi: “Atam vəfat edən gün mən anamla bağda idim. Evə gələndən sonra özünü pis hiss etdiyini görür. Təcili yardım çağırır. Qəribədir ki, təcili yardımın gec gəldiyini bilə-bilə “Leçkomissiya”ya yox, ora zəng vurur. Qapının da cəftəsini açır. Görünür, ürəyinə nəsə dammışdı. Gəlib yerində uzanır, ağ mələfəni də üstünə çəkib elə oradaca həyatla vidalaşır. Tromb onun ürəyini tutmuşdu”.


Beləcə, 1978-ci il sentyabrın 19-da Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti böyük bir sənətkarını itirdi. İkinci Fəxri Xiyabanda dəfn olundu. Deyilənlərə görə, Brejnevin Bakıya səfərlərinin biri Adil İsgəndərovun vəfatı ilə eyni vaxta düşüb. Brejnevin bütün respublikada təmtəraqla qarşılanması üzündən Adil İsgəndərovun dəfni çox təmtəraqsız, xəlvəti olub.

... Və sonda


Bu gün Adil İsgəndərovun 100 yaşı tamam olur. Yubileylə əlaqədar olaraq, sənətkarın qızı yalnız bir istəyini dilə gətirir: “Artıq ayrı-ayrı təşkilatlar atamın yubileyi ilə bağlı tədbirlər keçirəcəyini bəyan edib. Eşitdiyimə görə, “Azdrama”nın əsaslı təmiri başa çatandan sonra orada yubileyin dövlət səviyyəsində qeyd olunması da planlaşdırılır. Belə olsa, əlbəttə ki, çox sevinərik. Ancaq mənim bir böyük istəyim də var. Nə dərəcədə realdı bilmirəm. Çox istərdim ki, “Azdrama”ya Adil İsgəndərovun adı verilsin. Bütün xidmətlərini nəzərə alaraq, teatra adı verilsə, çox yaxşı olardı. Axı necə də olmasa, bir vaxtlar ora elə həqiqətən də “Adil İsgəndərov teatrı” deyirdilər. Axı necə də olmasa, o, bütün həyatını teatra, kinoya, aktyorların yetişdirilməsinə sərf edib. Məncə, onun Azərbaycan mədəniyyəti qarşısında gördüyü xidmətləri sadalamağa ehtiyac yoxdur. Aydın olan bircə həqiqət var ki, Adil İsgəndərov sözün əsl mənasında böyük sənətkar olub, vəssalam. Başqa şərhə ehtiyac yoxdur”.


Xəyalə MURADLI

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893

Oxşar yazılar