Hardasan, yoxa çıxan Zalımoğlu?
Quşbaz, içki düşkünü, 37 yaşında sevgilisinə qovuşmadan ölən Ələsgər İbrahimovun məzarının harda olduğunu bilən yoxdur...
“Yeddi oğul istərəm” – V yazı
... Bəlkə də o alnına yazılan qara yazıdan xəbərdar idi. Ona görə də bu dünyanın özü və qanunları ilə barışa bilmirdi. Bəlkə də o, yaxın gələcəkdə onu haqlayacaq faciəni əvvəldən görürdü. Ona görə də tərki-dünya olmuşdu. Bu dünyanı çox tezliklə tərk edəcəyi onun ürəyinə dammışdı sanki. Elə bil bu dünyada yox, qısa zaman müddətində yeni sakinlərdən biri olacağı o dünyada yaşayırdı. Başqa bir aləmdi onun dünyası. Qəlbindən keçirdiklərini, düşündüklərini, hisslərini heç kimə demirdi, heç kim bilmirdi. Bilən ancaq özü və ürəyi idi. Həyatda əsas üç həmdəmi, üç dostu vardı. Çox sevdiyi göyərçinləri, aludəçisi olduğu içki və...
... Nədənsə özünü tənha və kimsəsiz sayırdı. Dərdləri ilə baş-başa qalıb, faciələri ilə bacara bilməyəndə çıxış yolunu, əlacı içkidə tapırdı. İçirdi. İçdikcə də elə bil dərdlərini unudurdu, müvəqqəti olsa da. Sonra hər şey yenə öz axarı ilə davam edirdi. Yenə dərdləri, faciələri, problemləri ilə baş-başa qalırdı. Bəzən də qəlbində baş verən fırtınalardan qurtulmaq üçün dama çıxır və sevdiyi göyərçinlərini uçururdu. Elə bil bununla da özünə toxtaqlıq verir, rahatlıq, sakitlik tapırdı.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının icraçı prodüseri Adil Qulamovla söhbətləşirəm. Ələsgər İbrahimovun mikrorayon qonşusu olub. Bu dünyada Ələsgər adlı bir insanı, bir aktyoru hamıdan yaxşı o tanıyır. Bu yazı da məhz onun bildikləri, köməkliyi sayəsində ərsəyə gəlib. Çünki çox qısa ömür yaşayan Ələsgər İbrahimov haqqında məlumatlar demək olar ki, yox səviyyəsindədir. Lent.az “Yeddi oğul istərəm”in “Zalımoğlu”su Ələsgər İbrahimovun qısa həyat hekayətini təqdim edir...
Kinostudiyanın mexanika sexində mühəndis işləyir
Ələsgər İbrahimov 1942-ci ildə İçərişəhərdə dünyaya göz açıb. Uşaqlığı müharibə və ondan sonrakı bərpa illərinə təsadüf edib. Müharibənin ağrı-acıları onların ailəsində daha qabarıq hiss olunub. Atası alın təri və halal zəhməti ilə çalışar, əllərindəki qabara belə əhəmiyyət vermədən ailənin ruzi payını gətirmək üçün dəridən-qabıqdan çıxardı. Sadə müsəlman qadını olan anası min bir əzab-əziyyətlə, çətinliklərlə övladlarını böyüdüb boya başa çatdırır. Yeməyib övladlarına yedirdir, geyinməyib övladlarını geyindirirdi. Beləcə qara saçlarını canından çox sevdiyi iki oğlunun yolunda ağardırdı. Ələsgər hələ məktəbdə oxuyarkən istedadı, bacarığı və savadı ilə yaşıdlarından seçilirdi. Rus bölməsində təhsil alan Ələsgər ədəbiyyatı çox sevirdi. Rus şairləri ilə yanaşı, Azərbaycan klassiklərini də mütaliə edirdi. Füzulini, Hafizi, Ömər Xəyyamı rus dilində saatlarla əzbər deyə bilərdi. Ancaq texniki fənlərə daha çox maraq göstərdiyindən məktəbi qurtarandan sonra indiki Dövlət Neft Akademiyasına daxil olur. Oranı bitirdikdən sonra maddi çətinlikləri olan ailəni dolandırmaq üçün müxtəlif yerlərdə çalışır. Ən çox sevdiyi iş yerlərindən biri mühəndis kimi çalışdığı kinostudiyanın mexanika sexi idi. Bəlkə də “çörək ağacı” hesab etdiyi kinostudiyaya olan sevgi sonradan kino aləminə gəlişində də özünü büruzə verdi.
Onu Jan Mareyə, Alen Delona bənzədirdilər
Kinoya gəlişi isə təsadüfən olmuşdu. İçərişəhərdəki evlərində görkəmli kinorejissor Arif Babayevlə qonşu idilər. O zamanlar filmə çəkilmək üçün gözəl xarici görünüşlü, boylu-buxunlu aktyorlara ehtiyac çox idi. Ələsgər İbrahimovun da çox yaraşıqlı siması vardı. Çinar kimi hündür boyu, enli kürəyi, gözəl sifət cizgiləri ona daha çox yaraşıq verirdi. Çox vaxt onu məşhur fransız aktyoru Jan Mareyə bənzədirdilər. Bəzən də Azərbaycanın Alen Delonu adlandırırdılar. Həddindən artıq yaraşıqlı olduğuna görə hətta ona paxıllıq edən aktyorlar da tapılırdı. Adil Qulamov deyir ki, Ələsgər İbrahimov yeriyəndə elə bil hər addımında böyük bir dağı yerindən tərpədirdi. Gözəl zövqü vardı. Geyimi də həmişə qəşəng, zövqlü və səliqəli olardı. Bütün bu cəhətlər rejissor Arif Babayevi də cəlb etməmiş deyildi təbii ki. Və nəyin bahasına olursa olsun o, bu gənci mütləq filmə çəkəcəkdi.
Ramiz rolu ilə kinoya debüt edir
Çox keçmir ki, rejissor fikirləşdiklərini həyata keçirir. Kinostudiyaya gəlir və “İnsan məskən salır” filminin çəkilişlərinə başlayır. Əlbəttə fürsəti fövtə verməyən rejissor əsas obraza kinoya çəkmək arzusunda olduğu yaraşıqlı gənci – Ələsgər İbrahimovu dəvət edir. Məhz Ramiz rolu ilə Ələsgər kinoya debüt edir. Kinostudiyada mühəndis işləyə-işləyə Adil İsgəndərovun axşamlar açdığı kino aktyor kursuna getməyə başlayır. Bu gəncin kinoya olan həvəsi və istedadı Adil İsgəndərovun da gözündən yayınmır. Sonra gənc aktyor Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq, dəniz, od, səma” filminə çəkilir. Bir neçə televiziya filmində də epizodik rollarda iştirak edir. Sonuncu filmi və yaratdığı obraz “Arxadan vurulan zərbə”də polis rolu olur. Lakin o kino aləmində və yaddaşlarda “Yeddi oğul istərəm” filmində yaratdığı Zalımoğlu obrazı ilə əbədi qalır və ölməzlik qazanır.
At çapmaq səhnələrində Zalımoğluna çox bənzəyən mehtərdən dublyor kimi istifadə olunurdu
Zalımoğlu roluna aparılan sınaq çəkilişlərində iştirak edən onlarla aktyor arasında o da vardı. Xoşbəxtlikdən o, bütün sınaqlardan uğurla keçir və filmə çəkilməyə vəsiqə qazanır. Filmin çəkilişləri zamanı Zalımoğlunun ən çox qorxduğu at minmək idi. Ona görə də kadrlarda həmişə yeddi oğuldan ən axırda o gəlirdi. Çox vaxt isə at minmək və çapmaq səhnələrində dublyorlardan istifadə olunurdu. Dublyorsa Zalımoğluna çox bənzəyən mehtərlərdən biri idi. Ümumiyyətlə, Ələsgər İbrahimov məsuliyyətli adam olub. Ona görə də hər çəkilişdə məsuliyyətlə iştirak edirdi. Aktyorların istirahət saatları da maraqlı keçirdi. Günün qızmar vaxtlarında yeddi oğul çəkilərdi bir küncə. Ələsgərdən də xahiş edərdilər ki, onlara şeir desin. Ələsgərsə Füzulidən, Ömər Xəyyamdan elə qəzəllər deyərdi ki, onlar bu bənzərsiz ifadan zövq alardılar. Ələsgər oğulların hamısı ilə yaxşı münasibətdə idi. Çəkiliş zamanı onlarla birlikdə qalar, yeyər, gəzər bir sözlə hər yerə birlikdə gedərdilər.
İçkiyə meylli olması onu çənə xərçənginə düçar etdi
Ancaq buna baxmayaraq çox qapalı idi Ələsgər. Sirrini heç kimə deməz, dərdini qəlbinin dərin guşələrinə gömərdi. Öz yerini bilər, heç kimin işinə qarışmaz, qeybət etməzdi. Zarafatı da çox sevməzdi. Xasiyyəti də görkəmi kimi ciddi idi. Üzündə o qədər zəhm olurdu ki, çoxları ondan ehtiyatlanardı. Qürurluydu, heç vaxt haram pul, haram çörək yeməzdi. Heç nəyə görə də özünü alçaltmazdı. Qürurunu hər şeydən üstün tutarda, mərd idi. Nə sözü olurdusa, hamının üzünə deyirdi. İkiüzlü, yaltaq adamlar kimi kiminsə arxasından danışmazdı. Bəzən elə vaxtlar da olurdu ki, kinostudiyada pis bir iş görən adamı saxlayıb ona şillə vurardı. Belə idi Ələsgər İbrahimov. Mədəni, tərbiyəli, savadlı və qürurlu. Ancaq bu xasiyyətlərinə görə onu sevməyənlər də vardı. Ona paxıllıq edənlər, badalaq vuranlar tapılırdı.
Bütün yaxşı cəhətləri ilə yanaşı, Ələsgər İbrahimovun zəif cəhəti də vardı. O da son illər içkiyə qurşanması idi. O, bu meylindən ömrünün sonuna kimi qurtula bilmədi. Ən pisi isə məhz bunun nəticəsində sağalmaz xəstəliyə - çənə xərçənginə tutuldu.
Bir dostun iki həmdəmi...
... Özünə dost bildiyi nəsnədən biri idi içki. Onunla üz-üzə qalanda qəlbini ona boşaldırdı, təsəllini onda tapırdı. Elə bil sirlərini, faciələrini, dərdlərini ona açırdı, saatlarla içirdi, içirdi...
... Özünə dost bildiyi nəsnədən biri də göyərçinləri idi. Həyatı idi onun göyərçinlər. Onları özü kim, canı kimi, həyatı kimi sevirdi. Quşbaz Ələsgər deyərdilər ona. Adil Qulamov deyir ki, onu aktyor Ələsgər kimi yox, daha çox quşbaz Ələsgər kimi tanıyırdılar. İki quşxanası vardı. Biri sonradan köçdükləri mikrorayonda yaşadıqları evin önündə, digəri kinostudiyanın qazanxanasının yanında. Özünü tənha hiss elədiyi vaxtlarda, kiminləsə dərdini bölüşmək istəyəndə göyərçinləri uçurardı. Sülh rəmzi olan bu quşu əllərinin arasına alar, qulağına nələrsə pıçıldayar, öpər və göyə buraxardı. Bununla da sanki təskinlik tapardı. Kinostudiyandakı quşxanasının yanından adamlar əskik olmazdı. Daha çox kasıblarla oturub-durardı. Sadə adamlarla söhbəti yaxşı tutardı. Quşxananın arxasındakı bağa avaralar, siqaret, içki aludəçiləri yığışardılar. Oturub orda içki içər, səs-küy salardılar. Ələsgər onların heç birini qovmazdı. Ancaq onu gözü götürməyənlər, qonşular zəng vurub polisə şikayət etmişdilər. Onda polis rəisi özü tapşırmışdı ki, Ələsgərin quşxanasına əl vurmasınlar. Ancaq səs-küy yenə də davam edirdi. Bundan sonra kinostudiyanın istehsalat şöbəsinin o zamankı rəisi Robert Sinanyan guya istehsalat ritmini pozduğu üçün quşxananın yığışdırılması əmrini verdi. Bu əmrdən sonra quşbaz Ələsgərin quşxanasını kinostudiyanın həyətindən yığışdırdılar. Bəlkə elə bu haqsızlıq da onu həyatdan küsdürən məqamlardan biri oldu.
... Və üçüncü həmdəmi
… Və bir də həyatından çox sevdiyi, uğrunda canını qurban verməyə hazır olduğu sevgilisi vardı. Ona nə qədər yaxın olsa da, bir o qədər də uzaqda qalan sevgilisi. Vüsalına çatmadığı gözəli. Onlar qəlb sirdaşı idilər. Baş-başa verib o qədər dəniz qumlarının üstündə oturub pıçıldaşmışdılar ki. Öz dünyası vardı onların. Hamıdan qaçıb kimsəsizliyə çəkildikləri sevgi, məhəbbət, ülfət dolu bir dünya. Amma bu dəfə də tale Ələsgərin üzünə gülmədi. Onu sevgilisinə qovuşdurmadı. Lakin o qız da taledən qisasını başqa cür aldı. Ələsgərə qismət olmayan o qız heç kimə könül vermədi. İlk məhəbbətini ilk sevgisi ilə birlikdə dəfn etdi. Bəlkə də gəncliyini Ələsgərsiz illərə qurban vermiş o xanım hərdən görüşdükləri o sahilə gəlib, ötən ömrün dolaylarına boylanır, kim bilir?! Əbdül Mahmudbəyov bir maraqlı faktı da açıqladı ki, bu xanım hazırda Azərbaycanın tanınmış bəstəkarı, xalq artistidir. Amma onun adını sirr kimi saxlamağı üstün tutdu. Onların konkret olaraq, hansı səbəbdən ailə qurmadıqları da sirr olaraq qalır.
Onun hansı qəbiristanlıqda uyuduğu belə məlum deyil
İlk və son məhəbbətinin vüsalına çatmaması, düçar olduğu və müalicəsi mümkün olmayan xəstəliyi, həyatda qarşılaşdığı çətinliklər, aldığı zərbələr onun ölümünü yaxınlaşdırdı. Ələsgər İbrahimov heç 37 yaşını tamamlamamış dünyasını dəyişdi. Bu itkidən çoxunun xəbəri olmadı. Son mənzilə hərbi “UAZ” markalı maşında səssiz-səmirsiz getdi. Onun üçün nə mağar quruldu, nə də yas mərasimi keçirildi. Bu dünyadan səssiz-səmirsiz, sakitcə köçdü. Əvvəldən artıq hazır olduğu, xəyallarında canlandırdığı dünyasına. İndi onun hansı qəbiristanlıqda uyuduğu belə məlum deyil. Ona digərləri kimi nişanəsi ola biləcək bir məzar daşı da qoyulmadı. Bu itkidən çoxları duyuq düşmədi. Bəlkə də onun ölümünə ürəkdən acıyanlardan biri də o oldu. Gəncliyinin şaqraq gülüşləri dodaqlarında donmuş o qız bəlkə də vüsalına çatmadığı nakam sevgilisinin ölümünə ürək dolusu hönkürtü ilə ağlaya bilmədi. O yalnız doğmalarının gözündən uzaq bir küncə çəkilib isti göz yaşlarını ürəyinə axıdaraq ağladı. Bu ağır itkinin əzablarını təpədən dırnağa, yana-yana duydu. Bu itkidən sonra hər şey, bütün sevgi, istəklər buz parçasına döndü.
... İndi yolunu tanımadığımız qəbiristanlıqların birində tənha və kimsəsiz bir məzar var. Görəsən, o məzarın ziyarətçisi varmı? Görəsən, indi o soyuq məzarda uyuyan, nə vaxtsa bir qızın məhəbbəti, həmdəmi olan Ələsgər yada düşürmü?! Ziyarət olunurmu? Kim bilir, bəlkə də?!
... İndi yolunu tanımadığımız qəbiristanlıqların birində tənha bir məzar var. Taleyi qara yazılmış aktyor Ələsgər, quşbaz Ələsgər və yeganə sevgilisinə qovuşa bilməyən sevən Ələsgərin məzarı. İndi qəbiristanlıqda bir məzar var. Sevgilisinin, göyərçinlərinin təmasına tamarzı məzar...
P.S. Növbəti yazı Mirpaşa rolunun ifaçısı Elçin Məmmədov haqqında olacaq.
Xəyalə MURADLI
[email protected]

2610