Alqışlar, alqışlar, alqışlar, Telman...
15 aprel 2010 18:30 (UTC +04:00)

Alqışlar, alqışlar, alqışlar, Telman...

Hamını güldürən Telman Adıgözəlov son mənzilə göz yaşları və alqışlar altında yola salındı

...Yeni ilin ilk günlərində ondan özünü necə hiss etdiyini soruşanda digər müsahiblərimin cavablarından tamamilə fərqlənən sözlər eşitdim: “Hələ ki yaxşıyam. Günün çıxmasına, küləyin əsməsinə, yazın gəlməsinə baxıb sevinə biliriksə, deməli, yaxşıyıq”...

O vaxt bu sözlər mənə bəlkə də adi görünmüşdü. Amma indi...

...Deməli, hələ ki yaxşıydı (yəni, sonrasını bilmək olmazdı?!). Yaz da artıq gəlmişdi. Təbiətin oyanışına, ağacların çiçəkləməsinə, günün çıxmasına baxıb sevinirdi. Amma sənətə baxanda bu sevinci duya bilmirdi nədənsə. Filmlərin, tamaşaların azlığından, ssenari, dramaturgiya qıtlığından narazıydı. Aktyor sənətinin asılı sənət olmasından şikayətlənirdi. Və ən əsası bir şeydən çox heyfsilənirdi – saatın əqrəbləri irəlilədikcə, zaman axıb getdikcə daxilinə, özünə uyğun obraz yaratmamaqdan, daxili potensialını açıb göstərə bilməməkdən. Ona qarşı edilən haqsızlıqlarısa qabarıq şəkildə dilə gətirmirdi. Çünki kiminsə bostanına daş atmaq istəmirdi. Kimisə özündən incik salacağına qorxurdu. Axı, bütün bunlar onun xasiyyətinə yad idi. Onu hamı həmişə gülən, güldürən görmüşdü. Onun olduğu bütün məclislərdən ancaq gülüş, qəhqəhə səsləri eşidilərdi. Amma bu gün...

...Bu gün o, tamam fərqli, özünə xas olmayan, özünə yaraşmayan bir ampluada idi. Nə gülüş səsləri eşidilirdi, nə də sevinc duyulurdu. Hamı kədərə bələnmişdi, göz yaşı axıdırdı. Gülüş əvəzinə, ağlaşma eşidilirdi. Bu gün o, son rolunu oynayırdı. Səssiz, səmirsiz. Ağladaraq, düşündürərək. Bu gün Azərbaycanın bütün sənətsevərləri, mədəniyyət, incəsənət xadimləri, adi tamaşaçılar Onun qəfil ölümünə, yoxluğuna ağlayırdı – Azərbaycan teatrının unudulmaz, özünəməxsus nümayəndəsi, daha çox komik obrazların ifaçısı kimi tanınan böyük aktyor və insan, xalq artisti Telman Adıgözəlovun.

...Bu gün Telman Adıgözəlovun qəfil ölüm xəbəri hamını sarsıtdı. Onu sevən hər bir kəsi. Amma çoxlarını sarsıdan daha bir nəsnə vardı. Aktyorun adına layiq şəkildə vida mərasiminin təşkil olunmaması. Bu gün Telman Adıgözəlov şikayət etməkdən çəkindiyi o darısqal, eyni zamanda ona əziz olan sevimli evindən son mənzilə yola salındı. Onunla vidalaşmağa kimlər gəlməmişdi ki. Həyətdə əsl izdiham yaşanırdı. Bütün mədəniyyət, incəsənət, musiqi əhli, dostları, tanışları, qohum-əqrəbaları, hətta onu sevən adi tamaşaçıları belə. Heç kim onun yoxluğuna, ölümünə inana bilmirdi...

Yaşar Nuri Nazim Hikmətin deyimiylə nəslinin yarpaq tökümünün başlanmasından təəssüflənirdi. İki gün öncə görüşdüyü dostunun qəfil ölümündən böyük sarsıntı keçirmişdi, kədərini, göz yaşını gizlədə bilmirdi: “Telman kimi insan, dost, Telman kimi aktyor... İnanmaq çox çətindir. Onun sənətkarlığını xalq bilir. İndi ölərlər məgər? Özü də heç bir şikayəti, ağrısı yox idi. Gərək olmayaydı belə şey. Çünki onun çox işləri vardı. Qarşıda oğul, qız toyu vardı. Hələ deyilməmiş zarafatları, sözləri, kəlamları qalırdı. Nə deyə bilərik. Allah rəhmət eləsin. Bizə təkcə bunu demək qalır. Bir də onun çəkilişləri, lent yazıları, xatirələri. Amma... axı biz indi evə qayıdıb tək oturacağıq. Bax onda...”.

İlham Əsgərov əziz dostundan, yoldaşından ayrılmağın çox çətin olduğunu deyirdi: “Telman özü bütün dərd-sərimizi bizdən uzaqlaşdıran idi. Onu görəndə bütün problemlər arxa planda qalırdı. Qoymazdı bizi dərd çəkməyə, sevindirirdi, güldürürdü. Amma özünün yükü çox idi. Telman səhnədə işıq saçırdı. İrili-xırdalı obrazları hamının yaddaşındadır. Adi bir səhnəcik olanda da onu necə ürəklə hazırlayırdı. Böyük insan idi, qardaş idi. Onun ürəyində arzuları çox idi. Çox arzusuna çata bilmədi. Həm sənət, həm ailə baxımından. Övladlarının toyuna hazırlaşırdı. Dedik, “Telman, day bəsdi, artıq uşaqlar böyüyüb, toya hazırlaşmaq lazımdır”. Elə sənətdə də öz sözünü deyə bilmədi. Axırıncı dəfə işçimizin övladının toyunda görüşdük. Söz verdim ona. Çıxdı təbriklərini yetirdi, yaxşı çıxış etdi, deyə-gülə hamıyla oynadı, gözəl bir rəqs etdi. Səhərisi gün rayona – Masallıya gedəcəkdi. Soruşdu ki, “səhər neçədə çıxsam 12-də ora çataram?” Dedim “saat 8-də çıxsan, 12-nin yarısı orda olarsan”. Yol boyunca da neçə dəfə mənə zəng etdi. Dedim “gecə qayıtma. Bizim evimizdə qal”. Razılaşmadı ki, “yox, qayıdacam, işim var sabah”. Bəlkə də o gərginlik, uzaq yol, yorğunluq da təsir etməmiş olmadı. Dünən də danışdıq. Masallıdakı dostu da zəng vurdu ki, “Telman, yayda gəl, istirahət edək, gözləyəcəm səni”. Gülə-gülə dedi “gələcəm qardaş, qoy istilər düşsün”. Amma qismət olmadı. Nə deyim?! Ayrılmaq çətindi ondan. Hamımız üçün çox çətindi”.

Rasim Balayev hələ də bu gözlənilməz ölüm xəbərindən özünə gələ bilməyib: “Telman çox şirin aktyor idi. O olan yerdə həmişə gülüş olub, zarafat olub. Amma özü ciddi adam idi. Həm də özünə baxan idi. Sənət adamları içində bəzən cızığından çıxan, içkiyə meyllənənlər olub. O isə əksinə onları bu yoldan çəkindirərdi. Telman Adıgözəlovun ölümü həm teatr, həm də kino və televiziya üçün böyük itkidir. Bütün tamaşaçılar onu çox sevirdi. Onda xüsusi yapışıq vardı. Bu da hər kəsə Allah tərəfindən verilən pay deyildi. Allah o dünyasını versin”.

Afaq Bəşirqızı Telman Adıgözəlovla dünən axşam telefonla düz bir saata qədər danışıb. Ona da heç nədən şikayət etməyib, həmişəki kimi deyib, gülüb: “Heç cür inana bilmirəm. Biləydim ki, xəstədir, harasısa ağrıyır, əziyyət çəkir. Amma onu bilirəm ki, Telman – çox nadir sənətkarlara Allah bu vergini verir – həm gözəl sənətkar idi, həm də gözəl insan. Uşaqla uşaq idi, böyüklə böyük. Heç kimin xətrinə dəymək istəmirdi. Bayaq qəribə bir hadisənin şahidi olduq. Biz səhərdən burdayıq. Səməndər Rzayevin yoldaşı dedi ki, “mən ikinci dəfə tək qaldım. Səməndərin yoxluğunu daha çox hiss etdim. Çünki Telman yeganə adam idi ki, bizimlə hal-əhval tuturdu”. Bu qədər el şənliklərinin, toyların şəriki, şahidi olan Telmanın kaş heç olmasa bir balasının toyu olaydı, o xoş günü görəydi. Çox mütəəssirəm. Allah hamıya səbir versin. O yeganə adamdır ki, heç vaxt heç bir problemini, dərdini heç kimə deməzdi. Ümumiyyətlə, onun problemini də bilmirdim. Amma indi gəlib evini görəndə, görəndə ki belə bir mənzildə Telman Adıgözəlov yaşayır... Bir dəfə də deməmişdi ki, mənzilim şəraitsizdi. O, insanlara həmişə yaxşılıq diləyirdi. Cümləsinin əvvəli də, sonu da qurban olum, qadan alım idi. Çox heyf. O ki qaldı onun vida mərasiminə, ikinci Fəxri Xiyabanda belə dəfn olunmamasına, bircə onum deyə bilərəm ki, Telman Adıgözəlovun basdırıldığı qəbiristanlığın özü elə Fəxri Xiyabandır”.

Nuriyyə Əhmədova isə göz yaşlarını saxlaya bilmirdi, danışmağa, söz tapmağa çətinlik çəkirdi: “O gün “kinoklub”da bir yerdə idik. Dedi “sənətə cavanları cəlb etmək lazımdır ki, biz öləndən sonra davamçılarımız olsun”. Elə bil ürəyinə nəsə dammışdı. Yatıb ayılmayıb. Nə yaşı vardı ki. Hələ iyulda 57 yaşı olacaqdı. Bir sütun da yoxa çıxdı. Artıq bizim nəsil bir-bir getməyə başlayıb”.

Naibə Allahverdiyeva isə tərəfmüqabili və dostuyla srağagün danışıb: “Soruşdum necəsən? Zarafatla dedi ki, “atanşik, qoz kimiyəm”.

Qeyd edək ki, alqış sədaları və göz yaşları ilə son mənzilə yola salınan Telman Adıgözəlov Fatmayidə ailə qəbiristanlığında dəfn olundu.

Qardaşı Vaqif Adıgözəlov isə vida mərasiminin ona layiq şəkildə təşkil olunmamasından təəssüflənirdi. Amma indi onun üçün ən böyük dərd qardaş itkisiydi.

...Bu, tək Telman Adıgözəlovun ailəsinin itkisi deyil. Bütün teatrın, Azərbaycan xalqının itkisidi. Artıq Telman Adıgözəlov yeni-yeni sözləri ilə tamaşaçılarını güldürə bilməyəcək. Bizə qalan yalnız onun lent yazıları, xalqın yaddaşında əbədi qalan deyimləridi – “əncir yarpağı”, “Yarım ştat”da yerli-yersiz işlətdiyi “amma, lakin” sözləri...

...İndi Telman Adıgözəlovun sonuncu müsahibəsindəki (son müsahibəsi yanvarın 18-də Lent.az saytında işıq üzü görüb) sözlərini xatırlayıram. Deyirdi ki, nədənsə başı həmişə dərdli olub. Əməkdar artist adını da, xalq artisti adını da gec alıb. Amma bu dəfə gec qalmadı Telman müəllim. Heç lazım olmayan bir məqamda irəli çıxdı. Kaş bu dəfə də gecikəydi. Yenə çoxlarından geri qalaydı.

Amma, lakin... Bu dəfə qəfil əcəl sizə qalib gəldi.

Amma, lakin... Siz onsuz da uduzmuş sayılmırsınız. Çünki sənət mübarizəsində qalibsiniz. Çünki heç vaxt unudulmayacaqsınız. Zaman-zaman tamaşaçıların mehmanı olacaqsız. Yenə ekrandan bizə boylanacaq, gülüşünüzü bəxş edəcəksiniz. Bax onda, bu sözlər indi də deyildiyi kimi yenidən təkrarlanacaq – Telman Adıgözəlov ölməyib, o, həmişə yaşayacaq.

Allah rəhmət etsin! Qoy heç olmasa o dünyada ruhu rahatlıq tapsın.

Amma, lakin... Kaş bu ölüm yalan olaydı...

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1087

Oxşar yazılar