Habil Əliyev: “Gözümü qaldırıb qadınlara baxdım, biri xoşuma gəldi” -  MÜSAHİBƏ
07 aprel 2010 12:00 (UTC +04:00)

Habil Əliyev: “Gözümü qaldırıb qadınlara baxdım, biri xoşuma gəldi” - MÜSAHİBƏ

Lent.az-ın “Persona” rubrikasının qonağı məşhur kaman ustası, xalq artistimiz Habil Əliyevdir. Habil Əliyev bizimlə söhbətdə həyat yolundan, sənətdən, arzularından söz açdı...

- Habil müəllim özünü necə hiss edir?

- Qocalar kimi. Mən artıq qoca statusu almışam, mayın 28-də 84 yaşım olacaq. İndi çox şükür olsun, hələ yataq xəstəsi deyiləm. Ümumi vəziyyətim pis deyil, yaxşıdır. Sağ olsun prezidentimiz, bizi yaşadır, dolandırır. Qalan şeylərə gəlincə, bayaqdan şəhərə gedib-gəlirdim. İndi şəhər olub gəzməli, qocalıqla əlaqədar gedib gəzə bilmirəm. Hamı tam rahat ola bilməz. Bir tərəfdən nə isə çatışmazlıq olur. Məndə də qocalıq öz sözlərini deyir.

- Kamança ilə münasibətləriniz necədir?

- Mən 10 ildir ki, kamançadan istefa vermişəm. Ancaq bir məqamı deyim. Gənclər arasında ən çox iki oxuyan xoşuma gəlir, böyük gələcəkləri var. Onlardan biri Babək Niftəliyev, digəri Ehtiram Hüseynovdur. Dünən mən kamançada çalıb, onların hər ikisini oxutmuşam. Radio və televiziya üçün lentə də yazdıq, efirə veriləcək. Oxuyan çoxdur, bu iki gənc xoşuma gəlir.
Mən “Mənsuriyyə” çalıb, Yaqub Məmmədovu oxutmuşam, dillərdə gəzir.

- Bəs kamança ilə ilk tanışlığınız necə başlayıb?

- Uşaqlıqdan musiqini çox sevirdim, böyük həvəsim vardı. Valideynlərim məni hansı alətə qoysaydılar, mən həmin alətdə çalacaqdım. Çünki musiqiyə həvəsim vardı. Gecə-gündüz ağlayırdım, musiqi üçün ölürdüm. Anam məni 6 yaşımda Ağdaşda musiqi məktəbinə apardı. Tarı əlimə verdilər, gördülər ki, gücüm çatmır. Kamançanı gətirdilər, kamançanı da dizimin üstünə yox, stolun kənarına qoydular. Elə kamança ilə başladım. Mən hər nə çalsaydım, yaxşı çalardım. Eləcə də musiqiyə gəldim, sonra özüm də çıxmaq istəyəndə çıxa bilmədim.

- İlk müəlliminiz kim olub?

- Bakıdan Ağdaşa Ağəli adlı bir müəllim göndərmişdilər. İlk müəllimim olub, notları tanıdıb. Musiqidə müəllim də gərək özün olasan. Əgər içində musiqi varsa, müəllim də var. Müəllim öyrətdikləri ilə sənətkar olmaq olmaz. Müəllimin öyrətdikləri ilə ancaq alətə bələd ola bilərsən. Hər şey özündən asılıdır, gərək öz üzərində çalışasan.

- Bakı mühitinə gəlişiniz necə oldu?

- Ağdaşda musiqi məktəbinin müdiri anamın qohumu idi. Müdir bacısı oğlunu məktəbə müəllim götürmüşdü, o da cavan uşaq idi, elə mən yaşda idi. Müdir dedi ki, bacım oğlunu müəllim qoymuşam, sürünür, bacarmır, Habil Bakıya getsin, orta ixtisas Musiqi Məktəbində oxusun, məktəbimizin də, rayonumuzun da xeyrinədir. Dedi ki, Habil 2 il oxusun, notu öyrənsin, sonra Ağdaşa gəlsin. Anam da razılaşdı. Elə o gələn oldum, qayıtmadım. (gülür) Heç kim qayıtmır, mən də onların biri oldum. Gördüm ki, Bakı Ağdaşdan həm böyük, həm də yaxşıdır.

- Ağdaşda olduğunuz dövrlərdə musiqiçi kimi toylara gedirdiniz?

- Gedirdim. Toy olmasa idi, dolanmaq olmazdı ki... Çünki o vaxt məni heç kəs tanımırdı, toy getməsəm mən nə ilə yaşayardım? Sənət elə toy üçündür, amma indiki toylar üçün yox. Bizim toylarımız o qədər gözəldir ki! Bir vaxt Azərbaycan toyunu filarmoniyada çəkib qoymuşdular. Dünyanın harasına getsələr, ansamblla onu aparırdılar. Gəlin gətirmək, ta şabaşa qədər orada verilirdi. Dünya toyumuzu elə qəbul edirdi ki, elə bil, elə konsert, elə bir musiqi verilişi ola bilməzdi. Amma indi toyun adını çəkəndə adam xəcalət çəkir. Oxuyanlara fikir verin, kimlər oxuyurlar, toylarda nələr edirlər? Toy o yana dursun, KVN teatrı düzəldən Süleymanın nəvələri deyirdilər ki, yası qonaqlığa çeviriblər, az vaxtdan sonra şabaş-zad da verəcəklər, yaslarda musiqi, oynamaq olacaq. Sərbəstlik olanda, şərait yaxşı olanda insanlar yaxşı tanınırlar ki, yaşamağa layiqdirlər, yoxsa yox. Bizim millətdən elə şeylər çıxır ki, adam xəcalət çəkir. Yası da qonaqlıq edərlər?! Yasda uzaqdan gələnlərin ac qalmaması üçün əvvəllər pendirlə şirin çay verərdilər. Xeyrat verirsənsə, mal, qoyun kəsirdin. Daha bir neçə cür yemək olmaz. Bir cür yemək olardı ki, uzaq yoldan gələnlər ac qalmasınlar. İndi o yaslardan adam xəcalət çəkir.
Mən toylarımızın belə olmasını istəməzdim. Bu, artıq Azərbaycan toyundan çıxıb, Avropa toyu olur. Avropa ilə bizim çox fərqimiz var. Bizim dinimiz, adətlərimiz tamam başqadır. Bu cür toy etməyimiz müsəlmançılıqdan çıxmağımız deməkdir. Mən də istəməzdim, pis-yaxşı müsəlmanam, istəyirəm ki, müsəlman kimi də qalam, dəyişməyəm.

- Yeri gəlmişkən, dinə, dini rituallara münasibətiniz necədir?

- Allaha çox inanıram. Mən rəhmətlik Bəxtiyar Vahabzadənin yasında bir söz dedim, bəzilərinin xoşuna gəldi, bəzilərinin xoşuna gəlmədi. Dedim ki, mən Allaha inanan adamam, amma mən Bəxtiyarın kitablarını “Quran” əvəzi oxumuşam. Özü də Bəxtiyar Vahabzadə şairliyi ilə harada durursa, o durduğu yer mənim qibləm olub. Mən Bəxtiyar Vahabzadəni sevirdim, nəfəs alanda başa düşürdüm. Mən Allahı sevirəm, Allah öz yerində. Ancaq mən namaz da qılmıram, oruc da tutmuram. Çünki səhhətimlə də düz gəlmir. Baxıb görürəm ki, namaz bir yana baxanda idman etməyi əvəz edir. Oruc tutmaqla bədən, qan təmizlənir. Bu, namaz qılan, oruc tutan insanın özünə xeyirdir, ona görə də peyğəmbər deyib ki, bunu edin. Peyğəmbər deyib ki, dəstəmaz alın. Ərəblərin o zaman iydən yanlarından keçmək mümkün olmurmuş, ayaqları, bədənləri tərləyirmiş. Amma namazla əlaqədar çimməli, hər gün neçə dəfə dəstəmaz almalıdırlar. Mənə belə gəlir ki, namaz qılmaq, oruc tutmaq, dəstəmaz almaq belə şeylər üçündür, Allahdan çox, insanın özünə xeyri var. Ona görə də peyğəmbər bunları buyurub. Mən də görürəm ki, imkanım yoxdur, bunları etməmişəm, etmirəm də. Amma bu o demək deyil ki, mən Allaha inanmıram. Bəlkə də namaz qılan, oruc tutanlardan da çox inanıram.

- Söhbətimizin əvvəlinə qayıdaq. Bakı sizdə hansı təəssüratları oyatdı, nələri ilə cəlb etdi, kimlər yolunuzu açdı?

- Etiraf etmək lazımdır, həmişə də deyirəm. Bakıda gördüyüm şeylərin hamısı görmədiyim şeylər idi. Mən rayonda böyümüşəm, özü də ev uşağı olmuşam, evdə hər şeyə yaramışam. Bir də gözümü açandan kamançadan yapışmışam, kamança ilə məşğul olmuşam. Mənim atam, böyük qardaşım İkinci Dünya Müharibəsinə getdilər, qayıtmadılar. Mənə deyirlər ki, sənin çalğında çox lirika var, insanı ağladır, bu lirika haradan gəlir. Mən kamançanı götürüb həyətimizdə oturardım, özüm üçün çalar, hazırlaşardım. Bu arada görürdüm ki, qonşudan bir ağı səsi gəldi, oğlundan, ərindən, qardaşından qara kağız gəlib. Bir az sonra o biri qonşudan ağı səsi gəlirdi. O qara kağız bizim də evimizə gəlib. Bu lirika mənim çalğıma uşaqlıqdan hopan həmin ağı səsləridir...
Mən Bakıda tamam fərqli həyat gördüm. Rayonda işığımız yanandan yanana evdə bayram olardı. Bakıda gördüm ki, işığın yanmağı adi şeydir, bayram etmirlər. Şəhər mədəniyyəti başqa məsələdir. Rəhmətlik Seyid Əzim Şirvani deyir ki, bir quşun başı kəndə ola, arxası şəhərə, arxası başından şərafətlidir. Çox böyük sözdür. Yəni şəhər şəhərdir.
Yeri gəlmişkən, may ayı idi, rəhmətlik Bəxtiyar Vahabzadə və böyük ədəbi tənqidçi Maqsud Əlioğluya zəng etdim, dedim ki, havaya çıxaq. Çıxdılar, bulvarda bir az gəzdik, hava aldıq, axşam üstü idi. Köhnə “İnturist”in də yaxşı vaxtı idi. Bəxtiyar dedi ki, eyvana stol qoyun, oturaq. Dedilər ki, kefləniblər, eyvandan 1 nəfər atıblar. Ona görə də eyvanda oturmağa qoymurlar. Dedim ki, biz heç eyvandan adam atana oxşayırıq? Nə isə, stolu eyvanla qoydular, oturduq. Özümüz də o vaxt içirdik. Biri böyük şair, biri də böyük tənqidçi. Dedim ki, bu şəhərə baxın, Bakı iki dənə görünür. İşıq dənizə düşür, dənizdən də bir Bakı görünür. Dənizə, Bakıya baxın, deyilməmiş bir söz deyin. Maqsud dedi ki, ay Habil, bütün dünya bilir ki, Bakı gözəl şəhərdir, amma özümüzün olaydı. Gözəl sözdür. Maqsud bunu deyən kimi rəhmətlik Bəxtiyar Vahabzadə qayıtdı ki, Bakı özümüzün olaydı, amma boşaldıb təzədən dolduraydıq, şəhərə kim layiqdir, burada onlar yaşayaydı. İkisi də böyük sözdür. O gecə çox yadımda qalıb. Hərdən kamança çalanda o sözləri yadıma salıram, qəhərlənirəm, o sözlər mənə güc verir.

- Asəf Zeynallı adına orta ixtisas Musiqi Məktəbində ilk dəfə istedadınızı kim gördü, necə oldu ki, parladınız, sizi bütün respublika tanıdı?

- Bayaqkı sözümün arxasına onu deyim ki, mən Bakıya gələndə artıq kamançada çala bilirdim, amma çalğımın dalı-qabağı yox idi. Hələ o çalğı ilə mən dərsə gələndə müəllimim deyirdi ki, bir az çal, yorğunluğumuz çıxsın. Yəni mən Bakıya tam tələbə kimi gəlməmişdim, çalğı vardı, amma formalaşmamışdı. O çalğı ilə mən dünyaya çıxa bilməzdim. Bir il keçmişdi, artıq yaxşı tarçalan kimi məktəbdə tanınmışdım. Tarçalan Hacı Məmmədov vardı, rəhmətlik çox böyük sənətkar idi. Mənə dedilər ki, Hacı Məmmədov səni soruşur. Görüşdük, mənə dedi ki, səni Filarmoniyaya aparmağa gəlmişəm. Şəmsi Bədəlbəyli Filarmoniyanın müdiri, Soltan Hacıbəyov da bədii rəhbər idi. Hacı Məmmədov dedi ki, mənə deyiblər ki, Habili bura gətir, qulaq asaq, yaxşı çalsa, işə götürək. Mən də getdim. Qulaq asdılar, dedilər səni götürək, işlə. Dedim ki, mən oxuyuram. Axşam işləyəcəyimi, hələ qastrollara göndərilməyəcəyimi bildirdilər. O zamandan ta Filarmoniya dağılana qədər işlədim.

- Kimlərlə işlədiniz?

- Xan Şuşinski, Şövkət Ələkbərova, Fatma Mehrəliyeva, Sara Qədimova, Əbülfət Əliyev, o cümlədən tarçalanlardan Qurban Pirimov, Hacı Məmmədov, Allahyar Cavanşirov, Məmmədağa Muradov. Filarmoniyanın solistləri bunlar idi. Mən də bunların içərisinə düşdüm. Onların adı çəkiləndə əvvəllər fikirləşirdim ki, mən onları görə bilərəmmi?! İndi çalırdım, onlar oxuyurdular. Gördüm ki, boynumda nə qədər böyük yük var. Axı gərək tərəzinin gözü düz gəlsin, yoxsa göydə qalacam. Gərək mən də o qədər çalışam ki, tərəzinin gözü düzəlsin. Gecə-gündüz yatmırdım, az qalmışdı ki, yoldaşım boşansın. Yoldaşım deyirdi ki, belə şey olar, gecə-gündüz kamançada çalır, bəs mən nə vaxt yaşayacam. Məsələ o səviyyəyə çatmışdı, indi qovuram, getmir (gülür)...

- Yoldaşınızla həyatınızın hansı dövründə rastlaşmısınız, ananızın tövsiyəsi oldu, yoxsa özünüz qoçaqlıq etdiniz?

- İsmayıllı rayonunda Qəmərvan kəndi var. Hələ mən Ağdaşda olanda o kəndə bizi toya aparmışdılar. Mənim də artıq evlənən vaxtım çatmışdı. Toyda arxada qadınlar dayanmışdı. O qadınlara gözümü qaldırıb baxdım, biri xoşuma gəldi. Atası vəkil idi, prokuror işləmişdi. Əsilləri İrəvandandır, Ağdaşa gəliblər. Yaxşı, görmüş ailədirlər. Anam dayıma da deyər. Dayım deyər ki, aclığını orada göstər ki, qarnın doysun. Dayım deyir ki, oturub fikirləşək, getsək o qızı verərlərmi, Habil yetim uşaqdır. Evimiz-eşiyimiz atamdan qalmışdı, yaxşı idi. Amma dolanacaq o səviyyədə deyildi. Artıq özüm də toylara gedirdim, dolanacaq da düzəlirdi. Elə oldu ki, elçiliyə gedəsi oldular. Dayım Sədi Əfəndiyev rayonda xətri-hörməti çox olan insan idi. Qızın atası demişdi, ailəmiz fikirləşsin. 10-15 gün vaxt qoymuşdular. Xəbər çatdı, böyük bacıma demişdilər ki, qızı verirlər.

- O vaxta kimi heç qızla danışmamışdınız?

- Xeyr. Qız sonra Bakıda oxumağa başladı, universiteti qurtarıb. Mən ondan qabaq Bakıya oxumağa gəldim. Elə universitetdə oxuya-oxuya toyumuz oldu. Yoldaşım yazıq universiteti bitirəndən evdə bozbaş bişirən, paltar yuyan olub.

- Neçə il nişanlı qalmısınız?

- Deyəsən, 1 il birtəhər dözdük. Toy etdik. Onun üçün də ailə qurandan sonra oxumaq çox çətin oldu. Sonra uşaq oldu. Amma mən yavaş-yavaş tanınırdım, dərs deyən müəllimlər buna görə hörmət edirdilər. Deməli, oxuya-oxuya da evlənmək olur, evləndik. Kirayədə yaşayırdıq, amma mən balaca bir ev aldım. Dedim ki, qoy özümün olsun. Bir az özüm pul topladım, artıq qastrollara gedirdim, Bakıda da yavaş-yavaş tanıyırdılar, toylara dəvət olunurdum. Qohum-əqrəba da kömək etdi. O vaxt ev də baha deyildi, 1 otaqlı ev aldım. İndiyə kimi yadımdadır, 8 min manat verdim. Həyətimiz də çox kiçik idi. Dava-şava ilə şüşəbənd etdik. Tanınmağımın çox böyük köməyi dəydi. Həyətdə məndən başqa 3-4 nəfərin ailəsi vardı, “xozeyn” həyətdəki balaca otaqları satmışdı. Həyətə qaz, telefon çəkdirdim. Telefon üçün hamı bizə qaçırdı. Sonra daha da məşhurlaşdım, hökumət özü mənə ev verdi. Bakı Sovetinin sədri Əliş Ləmbəranski çox yaxşı adam idi, “Montin”də 2 otaqlı ev verdi. Mənə “Sovetski”də mənzil verib, evi paylayan mənim mənzilimi öz adamı ilə dəyişmişdi. Bundan Ləmbəranski sonra xəbər tutdu. Filarmoniyada konsertdə görüşəndə soruşdu ki, evin necədir? Dedim ki, yolum bir az uzaqdır, “Montin”dən gəlirəm. Təəccübləndi, dedi ki, mən sənə “Sovetski”də tikilən 9 mərtəbəli binada ev vermişdim. Dedi ki, dəyişərik. Amma “Montin”də qaldım, pulum-zadım oldu, o həyətə də öyrəşdim. Həmin həyətdə 2 otaqlı mənzilimi bir erməni ilə 3 otaqlı mənzillə dəyişdim. Üstündə pul da verdim. Sonra da prezidentimizin canını Allah sağ eləsin, bu evi mənə verib, çox genişdir. Ancaq uşaqların da hamısı çıxıb gedib, tək qalmışıq. Arvada deyirəm ki, 50-ci ildə Bakıya gəldik, ikimiz idik, yenə ikimizik. Gördüm ki, qəhərləndi. Mənim 3 qızım, 1 oğlum var. Qızlarımın hamısı həkimdir. Oğlumun da adı Rəvandır.

- Rəvan Habiloğlunu müğənni, bəstəkar kimi tanıyırdıq, amma son vaxtlar o da görünmür.

- Görünmür, istefa verdi. Gördü ki, bu sənətə kimlər gəldi, kimlər var. Bəstəkar kimi həm çox gözəl mahnılar yazır, həm də müğənni kimi oxuyurdu. Çox böyük xətir-hörməti vardı, qəfil dayandı, dedi ki, bu sənətdən gedirəm, sənəti xaraba qoyublar, musiqidə olmaq artıq ayıbdır.

- Oğlunuz indi nə işlə məşğuldur?

- İndi öz sahəsində bir yüngül iş var, onunla məşğuldur. Hüququ qurtarıb.

- Sənətdə oğlunuzun davamçınız kimi bu yolu getməməsi sizə necə təsir etdi?

- Onun sənətdən getməyi mənim də ürəyimcə oldu. Xalqımızın 60-70 faizində bağışlanmayan bir səhv var. Öz musiqisində kimin yaxşı, kimin pis olduğunu tanıya bilmir, musiqiçilərini seçməyi bacarmır. Bütün dünyada millətləri dilinə və musiqisinə görə tanıyırlar. Bizim musiqimizi xalqımız tanımayandan sonra başqası nə qiymət verəcək? Başqası düzgün qiymət verir, amma xalqımızın içərisində əksəriyyət qiymət verə bilmir. Ona görə 10 il əvvəl mən bu sənətdən istefa verdim. Ola bilsin, hərdən köhnə lentləri verirlər. Oğlum da məndən sonra 3-4 il bu sənətdə işlədi, axıra kimi getdi, gördü ki, düz deyirəm, sənətdən getdi. Bu sənətdə o adamlar ki, sevilir, gərək sevilməsin. Oxuyanlar var ki, telekanalların efirindən düşmürlər, onları gərək ora qoymasınlar. Oğlum gözəl musiqiçidir, gördü ki, onunla o birilərə fərq qoymurlar, qərarını verdi.

- Sonda bir sualımızı da cavablandırmağınızı istərdik. Habil Əliyevin hansı dostları olub, o dostlar həyatınızda necə rol oynayıblar?

- Mən ata-bağamdan da eşitmişəm ki, dost yaxşı şeydir. İndi o ata-babalar deyən dost yoxdur. Mən öz təcrübəmdə görürəm ki, dost sözünün içində bir boşluq var. Var, dost kimi görüşürük, amma dost kimi bir-birimizə yaramırıq. Salam-əleyklə görüşməklə dostluq olmaz. Dostun gərək bir-birinə köməyi dəysin, arxa olsunlar. Dədə-baba deyən dostlar elə olublar. Fikir verirəm, görürəm ki, bu gün dost deyirlər, sabah düşmən olurlar. Mənə elə gəlir ki, bu saat əvəzolunmaz dost yalan sözdür. Yalançılıq aləmi başına götürüb. Yalandan bir-biri üçün ölür, öpüşürlər. Elə vaxt olur ki, yalandan qohum da olurlar, amma tez də ayrılırlar.

- Böyük sənətkarımızın arzularını da bilmək maraqlı olardı.

- Mənim arzum xalqın arzusudur. Mən xalq adamı olmuşam. Xalqın musiqiçisi olmuşam, xalqın musiqisini daşımışam, bütün dünyaya yaymışam. İstərdim ki, birincisi, torpaqlarımız azad olsun. Bu yersiz-yurdsuz qalmış millətimiz öz yerlərinə qayıtsın. Ata-babaların qəbri ermənilərin ayaqları altında qalıb, bu, dərddir. Qeyrətli azərbaycanlıların hamısı üçün dərddir. Oğul, mənim bundan böyük arzum ola bilməz. İkincisi də, Allahın əlindədir, istəsə edər, istəsə, etməz. Allah mənə bir az ömür versin, yaşayım, görüm ki, gələcək nə göstərir, gələcəkdə nələr olacaq. Yarımçıq qoyub getmək istəmirəm, görüm bu işlərin axırı necə olur...

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2415

Oxşar yazılar