ŞOK! Barış Manço ilə Cem Karaca qardaş imişlər
27 mart 2010 20:00 (UTC +04:00)

ŞOK! Barış Manço ilə Cem Karaca qardaş imişlər

65 illik sirr bu yaxınlarda ortaya çıxıb


Anadolu rok musiqisinin iki əfsanəsi - Barış Manço ilə Cem Karacanın ata bir ana ayrı qardaş olduqları ortaya çıxıb.


Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, uzun illər sonra bir məktubla ortaya çıxan bu sirri Cem Karacanın həyat yoldaşı da təsdiqləyib. Bu iddia Cem Karacanın Almaniyada olduğu illərdə yanında qaldığı ev yoldaşı İbrahim Hızlının qələmə aldığı özəl bir məktubda irəli sürülüb.


15 Fevral 2007-ci il tarixli 6 səhifəlik məktub Almaniyanın Köln şəhərindən göndərilib. Məktub Cem Karacanın 1979-87-ci illərdə Almaniyada keçirdiyi günlərə şahidlik edən, evində qaldığı yaxın dostu, ev yoldaşı İbrahim Hızlı tərəfindən qələmə alınıb. Hızlının iddiasına görə, Cem Karacadan 2 yaş böyük bir qardaşı olub və bu adam da bütün Türkiyədə tanınıb.


“Aşağıda Cem Karaca ilə bağlı bəzi xatirələrimi çatdırıram” deyə başlayan məktubda qeyd olunub: “Bunlar bəzi şeylərin bilinməsi üçün izah etmək istədiyim xüsuslardır. Mən Cem Karaca ilə 1965-ci ildə Antakyadakı Saray Prospektində tanış oldum. Mən hərbçi idim, o isə əsgərliyə yeni gəlirdi. Təhsil alayını axtarırdı. Məni əsgər geyimində görüncə soruşdu və ölənə qədər davam edən tanışlığımız başlamış oldu. Əsgər ocağında Cemin yoldaşlar arasındakı ləqəbi böyük eynəklərinə görə “həkim” idi”.


İbrahim Hızlı məktubunda işləmək üçün Almaniyaya getdiyini, Cem Karacanın Almaniya konsertlərində tez-tez görüşdüklərini yazır: “1979-cu il fevral sonu, ya da martın əvvəllərində qəzetlərdə Cemin Almaniyada olması xəbərini oxudum. Yenidən görüşdük. Mənə “artıq Türkiyəyə dönmək istəmirəm. Türkiyədə sənətlə, musiqilə məşğul olmaq asan deyil. Lakin ən azı 10 adamın qala biləcəyi bir yer lazımdır”, - dedi. O zaman mənim evim 120 kvadrat metr idi. O gündən etibarən bütün qrup evimdə qalmağa başladı. Cem Karacanın Almaniyada 9-10 il ərzində rahat yaşamasını təmin edən əsas adam Münihdə yaşayan xanım M. K. idi. Yəni, 10 il boyunca Cem Karacanın ayaqda qala bilməsini təmin edənlər mən, M. K., Yağmur Atsız və Orsan Öymendir. Başqa heç kimdən hər hansı bir kömək və yaxınlıq görməmişdi. Bir gün Cemə “Cem, sənin bacın-qardaşın yoxdu?”, - deyə soruşdum. “Bilirsən, mən əslən Azərbaycanlıyam. İstanbulda çox qohumum var, amma hamısı tacirdir. Atamdan başqa, sənətlə maraqlanan olmayıb. Bayramlarda qohumlarımla anam atam görüşər. Mənimlə yaşıd olan Yılmaz Karaca adlı əmim oğlu ilə əlaqəm var. Görünüşdə bacım, qardaşım yoxdur. Amma atamın danışdıqlarından deyə bilərəm ki, məndən iki yaş böyük qardaşım var. Onunla daim təmasdayam, bir-birimizi çox istəyirik, hörmət edirik. Mən onun qardaşı olduğumu bilirəm, ancaq onun bunu bilib bilmədiyindən xəbərdar deyiləm”.


İbrahim Hızlı məktubunda bu şəxsin adını açıqlamasa da, onun Türkiyə miqyasında tanınmış biri olduğunu söyləyib.


Bu adamın kimliyini bilmək üçün İbrahim Hızlıyala telefon əlaqəsi saxlanılıb. Lakin o “bəli, o məktubu mən yazmışam. Ancaq Cemin böyük qardaşının adını mən açıqlaya bilmərəm. Bunu bilən başqa şəxslər də var. Qoy, onlar açıqlasın”, - deyə cavab verib.


Daha sonra bu sualla Cem Karacanın həyat yoldaşı İlkim Karacaya da müraciət olunub. “Bəli, bu haqda bəhs etmişdi. Sizə də ancaq Cemin mənə dediklərini söyləyə bilərəm. Cemin bir böyük qardaşı vardı. Söylədiyinə görə, o adam da Barış Manço idi. Cem 1945, Barış Manço isə 1943-cü ildə anadan olublar. Yəni, aralarında 2 yaş fərq vardı. Cemin danışdığına görə, atası Mehmet Karaca ilə Barış Mançonun anası Rikkat Uyanık arasında bir münasibət yaşanmışdı. Mehmet Karaca teatr sənətçisi, Barış Mançonun anası isə dövrün ən məşhur sənətçilərindən idi. Maraqlıdır ki, Barış Mançonun ilk adı da Mehmet olub. Cem mənə “əsl maqazin bizdədir, heç kimin bundan xəbəri yoxdur”, - deyər, sonra da gülərdi”.


Qeyd edək ki, Barış Mançonun anası Türk Sənət Musiqisinin tanınmış simalarından olan Rikkat Uyanık olub. 1921-ci il mayın 1-də Adanada doğulub. Çox gözəl səsi və bacarığı olduğundan klassik Türk musiqisi təhsili alıb. 1940-cı ildə İsmayıl Haqqı Manço ilə evlənib. Bu evlilikdən 1941-ci ildə Savaş, 1943-cü ildə Barış, 1946-cı ildə isə İnci dünyaya gəlib. İsmayıl Haqqı-Rikkat cütlüyü qızları doğulduğu il boşanıblar. Barış Manço atasının yanında böyüyüb. Ancaq 10-cu sinifdə ikən atası ölüb, anası isə ikinci dəfə Asaf Uyanıkla evlənib, sənət çevrəsində də bu soyadla tanınıb. 1992-ci ildə vəfat edən Rikkat Uyanıkın tələbələrindən Zeki Mürenin adını çəkmək olar.



1943-cü il yanvarın 2-də İstanbulda dünyaya gələn Barış Manço musiqiyə Qalatasaray Liseyində başlayıb. Təhsilini Belçika Krallıq Akademiyasında alıb. Bəstələdiyi 200-ə qədər mahnısı ilə 12 qızıl və bir platin albom mükafatı qazanıb. 1958-ci ildə ilk qrupu olan “Kafadarlar”ı yaradıb. 1973-cü ildə yaratdığı “Kurtalan Ekspresi” adlı qrupuylasa dillərdən düşməyən mahnılar səsləndirib. 1999-cu il 31 yanvar gecəsi infarkt səbəbi ilə vəfat edib.



1945-ci il aprelin 5-də Antakyada dünyaya gələn Cem Karaca isə Anadolu Rok və Pop musiqisinin yaradıcıları sırasındadır. Anası erməni olan Karaca 1967-ci ildə “Apaşlar” qrupuna qatılır. Qrup “Rəsimdəki göz yaşları” mahnısıyla böyük səs-küy yaradır. “Apaşlar”dan ayrılan Cem Karaca bu qrupun başçısı Seyhan Karabay ilə birlikdə “Kardaşlar” qrupunu yaradır. Daha sonra “ Moğollar” və “Dervişan” qruplarında çalışır. “Dervişan” qrupu ilə Türkiyəni siyasi-rokla tanış edir. 1979-cu ildə Almaniyaya gedən Cem Karaca 1983-cü ildə vətəndaşlıqdan çıxarılır. 1987-ci ilə qədər Türkiyədən uzaq yaşayan Cem Karaca müxtəlif mükafatlar qazanır. 2004-cü il fevralın 8-də dünyasını dəyişib.

Maraqlıdır ki, Barış Manço radikal milliyyətçi, Cem Karaca isə onun əksinə, radikal solçu olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1013

Oxşar yazılar