Azərbaycan Parisdə Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
18 mart 2010 14:00 (UTC +04:00)

Azərbaycan Parisdə Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Martın 26-dan 31-ə qədər Parisdə Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Həmin sərgi-yarmarkada Azərbaycan da təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin bu məqsədlə icarəyə götürdüyü stenddə ölkəmizdə işıq üzü görmüş 200-ə qədər kitab, jurnal, turizmə aid bələdçi kitablar və digər çap məhsulları sərgilənəcək. Nazirlikdən Lent.az-a verilən məlumata görə, 1200-ə yaxın nəşriyyat evinin təmsil olunacağı sərgidə Fransanın bütün regionları ilə yanaşı 30-dan artıq xarici ölkə nəşriyyatları da iştirak edəcək.

Dünya naşirlərinin ən mötəbər kitab forumlarından biri olan sərgi-yarmarka bu il özünün 30 illik yubiley açılışını gerçəkləşdirəcək. Bu münasibətlə sərgiyə xüsusi olaraq “30 illik pavilion” (Pavillon 30 ans) adı altında “Fəxri qonaq” qismində 30 fransız və 30 xarici ədəbiyyat nümayəndəsi dəvət olunub. Sərgi çərçivəsində təmsil olunacaq iştirakçılar öz milli musiqi və mətbəxlərini də nümayiş etdirəcəklər. Azərbaycan da öz növbəsində YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilən Novruz bayramının atributları olan bayram şirniyyatlarını, həmçinin milli kulinariya nümunələrini sərgi iştirakçılarına təqdim edəcək.

Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və 2010-cu ilin YUNESKO tərəfindən Mədəniyyətlərin Yaxınlaşması İli elan olunması ilə əlaqədar TÜRKSOY-a üzv dövlətlərin elmi-yaradıcı nümayəndə heyətlərinin iştirakı ilə mart ayının 29-da YUNESKO-nun Baş Qərargahında, 30-da isə Avropa Şurası qərargahında – Strasburq şəhərində Novruz bayramının təqdimat mərasimi keçiriləcək. TÜRKSOY təşkilatının təşəbbüsü ilə keçirilən tədbirə Azərbaycanla yanaşı bir sıra türkdilli ölkələrin nümayəndə heyətləri də qatılacaq.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, “Pəncərə” jurnalının, “Salnamə” sənədli filmlər studiyasının əməkdaşları, Şirvan aşıqları, Qədim Musiqi Alətləri Ansamblının bir qrup üzvü və Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi daxildir.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar