Əziyyətlə başlayan, şöhrətlə sürən, faciəylə bitən dahi ömrü – HƏYAT HEKAYƏTİ
20 avqust 2010 16:56 (UTC +04:00)

Əziyyətlə başlayan, şöhrətlə sürən, faciəylə bitən dahi ömrü – HƏYAT HEKAYƏTİ

...Həyat Ona hər iki üzünü göstərmişdi. Ömrünün bütün anlarında sevinclə bərabər kədər də Onu “müşayiət edirdi”. Xoşbəxt idi. Çünki Azərbaycanın ən məşhur və ən istedadlı ailəsində doğulmuşdu. Xoşbəxt idi. Çünki Tanrı genetik fitri istedadı Ona da çox görməmişdi. Xoşbəxt idi. Azərbaycan musiqisinin bir sahəsinin əsasını qoyanlardan sayılırdı. Yazırdı, yaradırdı, tanınırdı, sevilirdi. Və ən əsası SEVİRDİ. Sözün əsl mənasında, ölümünə sevirdi. Həyatı boyu bircə dəfə əsl məhəbbətlə sevdi və ömrünün sonuna qədər o böyük sevgisinə sadiq qaldı. Elə bircə buna görə xoşbəxt olmağa dəyərdi. Amma... Amma illərlə qəlbində böyütdüyü bu sevginin “bəhrəsini dadmaq” Ona qismət olmadı. O, əsl atalıq duyğusunun nə olduğunu bilmədi. Düzdür, övladlığa oğul götürdü, böyüdüb boya-başa çatdırdı, amma... bu eyni şey deyildi. Həm də ona görə ki, əziyyətini çəkdiyi oğul nankor çıxdı, adlarına yaraşmayan hərəkətlər etdi. Və əgər nə vaxtsa bilsəydi ki, məhz bu oğul Onun sevdiyi qadının ölümünə səbəb olacaq, onu heç vaxt övlad deyə bağrına basmazdı. Elə bircə buna görə Onu həm də bədbəxt xoşbəxtlərdən saymaq olardı. Bu dahi, isminin qarşısında qazandığı adları, mükafatları, titulları sadalamağa heç bir ehtiyacı olmayan, hər yerdə hamı tərəfindən bircə adla çağırılan Maestro Niyazidir.

Əvvəl, hərbçi, sonra idmançı, sonda isə musiqiçi...

Niyazi Tağızadə - Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflisdə dünyaya göz açıb. Əmisi Üzeyir Hacıbəyov Şərqdə və Azərbaycanda operanın əsasını qoyub. Atası Zülfüqar bəy Azərbaycanda musiqili teatrın banilərindəndir. Anası Böyükxanım isə həkim olub. Əslən Şuşadan olan, Bakıda yaşan Z. Hacıbəyovun oğlunun niyə məhz Tiflisdə doğulması da maraqlı faktdır. O vaxt Zülfüqar bəyin teatr truppası Tiflisə qastrola gedibmiş. Böyükxanım da onlarla birlikdə. Elə bu səfər zamanı ailənin ilk övladı doğulur. Adını Niyazi qoyurlar. Uşaqlıqda onu Knyaz da çağırıblar. Rəsmi mənbələrdə bu barədə heç nə yazılmasa da, deyilənlərə görə, məhz Üzeyir bəy qardaşı oğluna Knyaz adını verib. Qardaşı Zülfüqar bəyin qucağında körpəni görən Üzeyir Hacıbəyov onun üz ifadəsini və duruşunu knyaza bənzədib. Bu səbəbdən Niyazini həm də Knyaz çağırıblar. Tağızadə isə anası Böyükxanımın soyadıdır. Anasının qardaşı, yeganə dayısı Heydərəli Tağızadə inqilabçı olduğundan faciəli şəkildə qətlə yetirilib. Bundan sonra Niyazi bu soyadı yaşatmağı özünə borc bilib.
Niyazinin uşaqlığı Bakıda keçib. Özündən sonra Çingiz adlı bir qardaşı da olub. 4 nəfərdən ibarət bu ailə Basin küçəsindəki (indiki Füzuli küçəsi) birotaqlı evdə yaşayıb. Ancaq evləri darısqal olsa da, bu evin qonaq-qarası əskik olmayıb. Ətrafında həmişə musiqiçiləri, yazıçıları, tanınmış şəxsiyyətləri görüb. Bu mühit də istər-istəməz ona öz təsirini göstərib. Düzdür, Niyazi uşaqkən hərbçi olmağa hazırlaşırdı, qardaşıyla birgə hərbi məktəbə gedirdi. Amma hərbçi olmadı. Hətta idmançı da olmaq istəyirdi, ağırlıq qaldırma ilə məşğul olurdu. Amma idmançı da olmadı. Musiqiçi oldu. Musiqi həyatı dərk etməyə başladığı andan, əslində, elə dünyanın səslərini eşitməyə başladığı ilk günlərdən onun yaşadığı evin, ailənin ayrılmaz parçasıydı. O da bütün ömrünü musiqiyə bağladı.
Həcər xanımla birlikdə Mahaçqaladan Azərbaycana qaçırlar
İlk musiqi təhsilini 1921-ci ildə Y. Şefferlinqin bədii rəhbəri olduğu musiqi məktəbində skripka sinfində oxumaqla alıb. 1926-cı ildə Üzeyir bəyin məsləhətilə Rusiyada Qnesinin bəstəkarlıq sinfində təhsilini davam etdirir. 1929-30-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda Ryazanovun sinfində bəstəkarlığın sirlərini öyrənir. Ancaq Leninqradın havası ona düşmədiyindən, təhsilini yarımçıq saxlayaraq Bakıya qayıdır.
Bakıya qayıdandan sonra 1931-ci ildə Niyazini Dağıstan Maarif Komissarlığına incəsənət, mədəniyyət şöbəsinin müdiri göndərirlər. O zaman anası da orada həkimlik edirdi. Elə burda da Niyazi həyatının ilk və son sevgisilə qarşılaşır. Mahaçqalada işlədikləri müddətdə Cənubi Azərbaycandan olan bir ailə ilə tanış olurlar. Qürbət eldə olan bu iki ailə arasında yaxın münasibət yaranmağa başlayır. 1932-ci il dekabrın 31-də Böyükxanımı və oğlu Niyazini evlərinə dəvət edirlər. Yeni ilin bu son gecəsi Niyazi-Həcər sevgisinin yarandığı ilk gün olur. Elə həmin gün – Həcəri gördüyü ilk gün Niyazi ona bir könüldən min könülə aşiq olur. Qız da ona qarşı laqeyd olmur. Beləcə, cütlüyün məhəbbət macərası yaranır. Ancaq hər şey gözlədikləri qədər asan olmur. Həcər xanımın qardaşı Mahaçqaladakı İran konsulluğunda işləyirdi. Onlar İrana geri dönmək istədiklərindən Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləməyə çalışırdılar. Bacılarının gözlərindən uzaq yerdə, qürbət ölkədə yaşamasını istəmirdilər. Həcər xanım rus dilində qələmə aldığı xatirələrində o günləri belə nəql edir: “1932-ci ilin sonlarında ailəmizdə İrana qayıtmaq haqqında danışmağa başladılar. Niyaziylə qaçıb gizlicə evlənmək qərarına o vaxt gəldik. Ancaq bu planı gerçəkləşdirmək çətin məsələydi: qardaşlarım hər hərəkətimə göz qoyurdular, üstəlik, hara qaçacağımızı da bilmirdik. O dönəmlərdə Üzeyir və Zülfüqar Hacıbəyovlar çox sadə dolanır, zaman-zaman ehtiyac içində yaşayırdılar. Zülfüqar bəyin mənzili tək, həm də balaca bir otaqdan ibarət idi. Amma Niyaziylə qəti qərara gəlmişdik. Tələbə şəhərciyindəki qısa görüşlərdən yararlanıb, qaçış planını hazırladıq...”

“Suyu az buraxsın deyə, Niyazinin ayaqqabılarına qat-qat qəzet qoyardıq…”

Beləcə, sevgililər hər şeyi, bütün çətinlikləri göz önünə alaraq 1933-cü il iyulun 31-də qaçış planını həyata keçirirlər. Əvvəlcə Ağdaşa Zülfüqar bəyin qohumlarının yanına gəlirlər. Orda molla kəbini kəsdirirlər. Bir müddət sonra Bakıya gəlirlər və 5 nəfərlik ailə Zülfüqar bəyin o bir otaqlı evində yaşamağa başlayır. Təxminən bir il burada qalandan sonra kirayə mənzil tapıb orada yaşayırlar. Ailə qurduqları ilk vaxtlar çox çətin vəziyyətdə olurlar, maddi sıxıntı çəkirlər. Həcər xanım yazır ki: “…maddi durumumuz da ağır idi. Niyazi Konservatoriyadan 70 manat təqaüd alırdı. Bunun 15 manatı ev kirayəsinə gedirdi. Rəfiqələrimin, qardaşlarımın gözündən yayındırıb gətirdikləri paltarlar məni yola verirdi, amma Niyaziyə geyim almağa pulumuz, təbii ki, yox idi. Onun olası-qalası bircə kostyumunu hər mövsümə uyğun boyayırdıq. Kostyumun astarı elə gündəydi ki, hər gün yamamaq lazım gəlirdi. Suyu az buraxsın deyə, Niyazinin ayaqqabılarına qat-qat qəzet qoyardıq… Bununla belə, onunla xoşbəxt idik. Gənc idik axı, hər necə olsa da, sığındığımız bir otaq və gələcəyimiz vardı”.

Ancaq şəraitsizlik, çətinlik, gərgin əmək Niyazinin səhhətinə təsir etməmiş olmadı. Evliliyinin ilk illərində onda vərəm xəstəliyi aşkarlandı. Bəstəkarlar İttifaqının köməyi və atasının qonorarı ilə onu Ukraynaya müalicəyə göndərirlər. Niyazi təbii ki, Həcər xanımla birgə Ukraynaya gedir və yaxşı müalicə olunub qayıdır. Həcər xanım bir xatirəsində yazır ki, “Niyazi xəstələnərkən lap əsəbiləşər, sevdiyi bu sözləri dilə gətirərdi: “Həcər, düşünəndə ki, ölərəm, sən başqasına ərə gedərsən, cin başıma vurur!” Əsəbiləşəndə uşaqdan da pis olurdu. Yadımdadı, vərəmə, özü də ağır formasına tutulanda, şıltaqlığa başlar, hətta mənim ondan iyrənib-iyrənmədiyimi də yoxlardı. Qəfildən hər hansı xörəkdən dadmağımı xahiş edər və öz qaşığını mənə uzadardı. Mən də boyun qaçırmazdım. Bax onda Niyazinin gözlərindən həm xoşbəxtlik, həm də minnətdarlıq yağardı”.

Üzeyir Hacıbəyov: “Çox sağ ol, qoçaq”

Onlar həqiqətən də xoşbəxt idilər. Birincisi, bir-birlərini dəli kimi sevirdilər. İkincisi də, artıq Niyazi bəstəkarlıq və dirijorluq fəaliyyətinə başlamışdı. Bu isə uğura, şöhrətə doğru irəliləmək demək idi. O, 1933-cü ilin dekabrında Azərbaycanda ilk simfonik əsərlərdən sayılan “Zaqatala süitası”nı yazır. 1934-cü ildə dirijorluqla da məşğul olmağa başlayır. Neftçilər İttifaqının orkestrində dirijorluq edir. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini – “Rast” və “Şur”u nota köçürür. 1937-ci ildə Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunur. Bəstəkarlar ittifaqının üzvü seçilir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə Niyazi ilk dəfə olaraq musiqi auditoriyası qarşısına çıxır. Müslim Maqomayevin "Nərgiz" operasının nümayişi planlaşdırılmışdı. Lakin dirijorluq etməli olan Üzeyir bəy xəstələndiyindən Niyazidən onu əvəz etməsini xahiş edir. Tamaşaçıları ilk çıxışından özünə məftun edən Niyazinin Bolşoy Teatrdakı birinci çıxışı onun parlaq sənət yolunun başlanğıcı sayılır. Elə bu çıxışına görə ilk dəfə 26 yaşında “Şərəf nişanı” ordeni ilə təltif olunur. Bakıya qayıtdıqdan Simfonik Orkestrə başçılıq edir. Ümumiyyətlə, Azərbaycanda dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır. 1949-cu ildə ən məşhur əsərini - "Rast" simfonik muğamını yazır. Bir sıra ölkələrdə dirijor kimi müvəffəqiyyətli çıxışlarına görə 1959-cu ildə SSRİ xalq artisti adını alır. Bundan başqa SSRİ Dövlət mükafatına və Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında 1962-ci ildə yaratdığı "Çitra" baletinə görə Beynəlxalq Nehru mükafatına layiq görülür.

Müxtəlif filmlərə musiqi də yazır. “Kəndlilər”, “Fətəli xan”, “Doğma xalqımıza”, “Almaz”, “Mahnı belə yaranır” filmlərinə musiqi bəstələyib. “Arşın mar alan”ın 1945-ci ildə çəkilən ilk variantında da Üzeyirin musiqisini Niyazi orkestrləşdirib. Hələ film ekrana çıxmazdan əvvəl Üzeyir bəyə “Niyazi filmdə sənin musiqini dəyişib” desələr də, bəstəkar buna ciddi reaksiya verməyib. “Nizami” kinoteatrında keçirilən premyerası zamanı filmi diqqətlə izləyən və musiqiyə diqqət yetirən Üzeyir bəy nümayişdən sonra qardaşına oğlunun əlini sıxaraq, bircə cümlə işlədib: “Çox sağ ol, qoçaq”.

Övladları olmasa da, 51 il birgə ömür sürürlər

Beləcə, həyat öz xoş üzünü göstərməkdə davam edir. Uğur və şöhrət bir-birini əvəz edir. Niyazi sevgidə də xoşbəxt olur, yaradıcılıqda da. Həcər xanımla olan münasibətlərinə də söz ola bilməzdi. Baxmayaraq ki, maestronun bir az acılığı vardı. Amma həyat yoldaşı onu elə bu cür də sevirdi – ürəyi yumşaq, acı dil. Niyazinin bu xasiyyətinə işarə olaraq Həcər xanımın belə bir xatirəsi də var: “Bir dəfə yenə Moskvada olarkən, bizi restorana çağırmışdılar. Süfrəyə qara çörək verdilər – Moskvanın çovdar çörəyindən ötrü ürəyim gedir. Bir tikə çörək götürüb üzərinə xardal yaxdım, sonra da üstünə istiot səpdim. Niyazi bunu görüb dedi ki, “neynirsən, istiot hara, xardal hara? Bu qarışıqdan nə alınar?”. Dedim: “Necə yəni nə alınar? Niyazi alınar!”. Hamı uğunub özündən getdi. Ən çox gülən də Niyazinin özüydü”.

Cütlüyün arasında məzəli hadisələr də olurdu. Məsələn Həcər xanım yazır ki: “Niyaziylə mənim barəmdə məzəli əhvalatlar, ara-sıra, Türkiyə mətbuatına da yol tapırdı. Bir dəfə Türkiyədə hansısa səfirlikdə ziyafətə qatılmışdıq. Xörəkpaylayan mənə yanaşıb – “Madam, viski istəyirsiz?”, - deyə soruşdu. İstəmədiyimi söyləyəndə, xörəkpaylayan araq, konyak, şərab da təklif etdi. Mən yenə istəmədiyimi bildirəndə, Niyazi hamının eşidəcəyi səslə “mənim xanımım mənim qanımdan başqa heç nə içmir!” - dedi. Hamı ürəkdən gülməyə başladı”.

Onlar 51 il 2 gün birgə ömür sürüblər. Ac-tox, acıılı-şirinli, sevincli-kədərli günləri olub. Bəzən bir-birlərindən inciyiblər də. Amma yenə də seviblər. Hər şeyə rəğmən. Daha bir xatirəsində Həcər xanım bunları etiraf edir: “Sözün düzünü desəm, hərdən mənə elə gəlirdi ki, onu qoruyuram, amma o, məni qorumağı bir yana, heç mənə verdiyi əziyyətləri də görmür. Olurdu ki, inciyirdim ondan… Ancaq bu düşüncələr bütövlükdə ədalətli deyildi. Əvvəla, söhbət məndən düşəndə, Niyazi həmişə dostlarımıza deyirdi ki, “heç bir qadın onun mənimçün elədiklərini edə bilməzdi. Axı, hansı qadın gecələr gözünü yummayıb mənim əsərlərimə qulaq asar, hansı qadın gecələr mənə yemək bişirərdi. Həcərin önündə çox günahım var və ona çox borcluyam”. Mən də Niyaziyə minnətdaram…”

Analığının başından vurur, sonra isə onu boğur və evi qarət edərək qaçır

Onlar bax belə sevirdilər. Heç bir çətinliyə baxmayaraq. Artıq mənzil problemləri də dövlət tərəfindən həll olunmuşdu. Amma yenə də həyatlarında nəsə çatışmırdı. Bu da Niyazi adını, soyadını, nəslini yaşadacaq, bəlkə elə yaradıcılığını da davam etdirəcək bir övlad idi. Niyaziyə hər şeyi bəxş edən Tanrı ona bircə bunu çox gördü. Niyazi atalıq, Həcər isə analıq hissinin əsl dadını bilmədi... Belə anlarda evlərinə tez-tez gələn Həcər xanımın qohumu onların köməyinə gəldi. Daha doğrusu, qohumun uşaqlığa götürdüyü oğlan. Hər ikisi bu uşağa bağlandı, ürək qızdırdı. Nəhayət, az yaşlı Ceyhunu özləri saxlamaq qərarına gəldi. Onun hər əziyyətini çəkdilər, böyüdüb boya-başa çatdırdılar. Amma rəsmi surətdə oğulluğa götürmədilər. Maraqlıdır ki, Həcər xanım xatirələrində bir dəfə də olsun Ceyhunun adını çəkməyib. Ümumiyyətlə, övladlarının olmaması ilə bağlı bircə kəlmə də yazmayıb.

Ceyhunun uşaq, yeniyetmə yaşlarında valideynlərinə qarşı necə olduğu bilinməsə də, məlum olan bircə fakt var. Böyük sevgi ilə qəbul olunan bu oğlan böyüdükcə onların bu hissini peşmançılıqla əvəzlədi. Ceyhun onlara qarşı nankor və naxələf çıxdı. Narkotik aludəsinə çevrildi. Evdəki qiymətli əşyaları oğurlayaraq satdı.

1990-cı ildə isə ən dəhşətli hadisə baş verir. Narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini əldə edə bilməyəndə Həcər xanımı öldürmək qərarına gəlir. Əvvəl analığının başından vurur, sonra isə onu boğur və evi qarət edərək qaçır. Bəlkə də maestro o zaman sağ olsaydı, belə bir hadisə baş verməzdi. Ancaq onda Niyazi artıq 6 ildi ki vəfat etmişdi. Özü də illər öncə yoluxduğu vərəmdən yox, ölüm kağızında da qeyd olunan ürək çatışmazlığından. Kim bilir, bəlkə elə Niyazinin ürəyini dərdə salan da məhz Ceyhun olmuşdu.

Ceyhunun sonrakı, elə indiki aqibətisə heç kimə məlum deyil. Deyilənlərə görə, Həcər xanımın vəfatından sonra Ceyhun tutulub. 2000-ci ildə həbsxanadan çıxıb. Azadlıqda olduğu müddətdə Niyazinin mənzilinə də ara-sıra baş çəkib. Onun əşyalarına, paltarlarına baxıb fikrə dalıb, ağlayıb, söyüb... Amma bir dəfə də olsun etdiklərindən peşman olduğunu dilə gətirməyib. Onu sonuncu dəfə 2006-cı ildə görüblər. O vaxtdan indiyədək Ceyhunun sağ olduğunu, öldüyünü, ya da həbsə düşdüyünü bilən yoxdur.

İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyalarının və əlyazmalarının çoxu yoxdur. Onların bəzilərini (məsələn, biri Maestronun həmişə barmağına taxdığı brilyant qaşlı üzüyü) Ceyhun oğurluqla, ya da məcburi şəkildə evdən çıxararaq satıb, puluna narkotik alıb. Çox güman ki, bəzilərini də Həcər xanım maddi imkansızlıq ucbatından müxtəlif yerlərə satıb. Məsələn, Almaniyada hədiyyə olunan qızıldan hazırlanmış dirijor çubuğu, Sosialist Əməyi Qəhrəmanı ulduzu da daxil olmaqla 279 material Tarix İnstitutunda saxlanılır. Bundan başqa, Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində, Əlyazmalar İnstitutunda, Səsyazmaları Arxivində də maestroya məxsus sənədlər var. Niyazinin 1994-cü ildə yaranan mənzil muzeyində (dirijor 1958-ci ildən ömrünün sonuna qədər o mənzildə yaşayıb) isə hazırda 6200-dən artıq eksponat qorunur (muzey yarananda 4407 ədəd idi).

Bu gün – avqustun 20-də xalqın bircə adla “Maestro” deyə çağırdığı, tanıdığı dahi dirijor və bəstəkar Niyazi Tağızadə - Hacıbəyovun 98 yaşı tamam olur. Həyat Ona avqust ayının da iki üzünü göstərdi. Bu ayda dünyaya göz açdı. Bu ayın başlanmasına 1 gün qalmış - iyulun 31-də ömrünü sevdiyi Həcər xanımla əbədi bağlamaq qərarına gəldi. Və elə bu ayın 2-ci günündə də həyatla birdəfəlik vidalaşdı...

Xəyalə MURADLI
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2728

Oxşar yazılar