Aysel Əlizadə yazır: “Gecə-gündüz bərabərik...” - ONUNCU MƏKTUB
30 oktyabr 2012 21:00 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Gecə-gündüz bərabərik...” - ONUNCU MƏKTUB

Ay amannn....10-a gəldikmi?))) Nə zaman oldu bu iş???

Elə bil məktublara başlamaq qərarı verdiyim gün dünən idi. Yox, bunu qeyd eləmək lazımdı. Biz nədənsə ancaq ildönümlərini qeyd edirik. Bayram keçirmək, nəyəsə sevinmək, doğmalarla bir araya gəlmək üçün aylarla gözləyirik. 10 əla rəqəmdi. Mən bunu mütləq qeyd edəcəm. Dostlarımdan birini arayıb harasa gedəcəm, məsələn.

Həm də bu gün sizi üzmək fikrim yoxdu. Keçən məktubun kədəri çox oldu. Məktublarınızdan anladım ki, belə davam eləsə, iraq olsun, sizi də, özümü də üzüntüdən depressiyaya salacam. Hələ bir xanım əfəndi lap kökündən vurdu: “Nə istəyirsən bizdən, niyə qoymursan yaşayaq. Öldürəssən bizi? İndi bu yazını oxuyandan sonra mən necə işləyim bütün günü, onsuz da üzülən ürəyimizin son ipini niyə çəkirsən axı?”

Doğru deyir. Əslində yaşantılar sürətlə bir-birini əvəz edir. Kədər yerini sevincə ötürür, sevinc yerini kədərə verib “yerimi saxla, indi gəlirəm” deyir. Hər halda, bağışlanacağıma şübhəm yoxdu. Ancaq bu, daha kədər olmayacaq anlamına da gəlmir.))) Siz yaxşı olun, lütfən. Çooooxxx yaxşı...

Bu gün xeyli yol getmişəm. Getmişəm-gəlmişəm. Gəlib sonra getmişəm. Qaçaqaç olub, anladığınız. Elə ora-bura ayaq döydüyüm vaxt birdən fikirləşdim ki, bu qədər iş görmüşəm, bu qədər yerə gedib gəlirəm, ancaq yorulmuram. Demək ki, ürəyim istəyən işlərlə uğraşıram. Doğru yollarda yürüyürəm. Sevimli, istəkli yollarda. Və hara getdiyimi bilirəm.

Adam getmək istədiyi yeri özü üçün müəyyən edəndən sonra xeyli rahatlıq tapır. Üstəlik, o yerə aparan yollar məlumdusa, həmin yolda ən optimal, ən doğru minik növü seçilibsə, qalır sadəcə oturub getmək. O qədər xoşdu ki...

Yol gedirsən...bu sənin yolundu, əngəlləri də maraqlıdı, sorunları da. Döngələri, ayrıcları, dayanacaqları hətta ara-sıra sənə qoşulan yol yoldaşları da o qədər maraqlıdı ki, ancaq yaşamaq istəyirsən. Həyatın hər anını gözünə təpməyin gəlir. Macəraçıya çevrilirsən. Dayanmadan, durmadan bir yaşantıdan o birinə atılan, dopdolu, ürəkli, gözü-könlü
işıqlı, ümidli macəraçıya.

Mənim əziz, sevimli, doğma oxucum! Nə insan, nə yaşam yalnız kədərdən ibarət deyil, sən də bilirsən.

İnsan özünü çox sevdiyi işlərə - içdən, səmimiyyətlə, azacıq belə saxtalıq olmadan, uşaqca bağlayanda rahatlıq tapır.

Məsələn, indi böyük bir yazıyla gecə-gündüz bərabərik. Sizin üçün bir kitab yazıram. Və tutumlu olacağına inanıram. Yazıram, inanıram, alınacaq deyirəm, deməli alınacaq!

Arzularınızın dəqiq konturlarını cızın. Nə istədiyinizi dəqiq bilin. “OLACAQ!” deyin. Başımla cavabdehəm, mütləq olacaq.

Gözlərinizi qoruyun, sabaha qədər. SİZİ SEVİRƏMMM...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2187
avatar

Aysel Əlizadə

Oxşar yazılar