Afaq Bəşirqızı xəstəxanada Lent.az-a danışdı: “Yaxşıyam...” - EKSKLÜZİV
29 sentyabr 2012 17:52 (UTC +04:00)

Afaq Bəşirqızı xəstəxanada Lent.az-a danışdı: “Yaxşıyam...” - EKSKLÜZİV

Sentyabrın 23-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızının səhhəti ilə bağlı xoşagəlməz xəbər yayıldı. “Yeddi məhbusə” tamaşasını oynayarkən qəflətən halı pisləşən aktrisa dərhal Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirildi. Sentyabrın 26-da isə xalq artistinin ürəyində 7 saatlıq əməliyyat keçirildi. İki gün reanimasiyada qalan aktrisa bu gün günorta saatlarında palataya köçürülüb.

Xalq artistinə baş çəkmək üçün xəstəxanaya yollandım. Palataya daxil olan zaman Afaq xanımı tanıya bilmədim. Hər zaman şux, səliqəli geyimdə, şən əhval-ruhiyyədə olan aktrisamızı ona tamamilə yad olan görkəmdə görmək heç də xoş deyildi. Tamaşaçılar onu daima şux formada gördükləri üçün xalq artistinin indiki halda fotosunu çəkməyi də təklif etmədim. Stulda əyləşən aktrisamız olduqca ağrı nəfəs alıb, sakit səslə danışmağa başladı.

Əməliyyatdan sonra ilk olaraq Lent.az-a eksklüziv açıqlama verən xalq artisti özünü nisbətən yaxşı hiss etdiyini dedi. Hər zaman hamıya gülüş bəxş edən aktrisamız bu dəfə göz yaşları ilə danışdı. Afaq Bəşirqızı bildirdi ki, ürəyi ilə bağlı problemlər bir neçə ay bundan əvvəl yaranıb: “Keçən ayın iyunun 13-dən ürəyim mənə əziyyət verməyə başladı. Özümü çox narahat hiss edirdim. Amma mən bu dərəcəni gözləmirdim. Damarların belə tez tutulmağına heç inanmırdım. Hər şey elə anidən oldu ki... Xəstəxanaya gətirilən kimi dərhal əməliyyat olunmağıma qərarı verildi”.

Aktrisa halının tamaşa zamanı pisləşdiyini söylədi. Lakin, o, tamaşanın yekunlaşmağını gözləyib: “Tamaşa gedərkən halım pisləşdi. Amma elə oynadım ki, tamaşaçı bunu başa düşmədi. Axıracan dözdüm. Bu, çox qəribə bir hal oldu. Teatrın direktoru Əliqismət müəllim indi mənə deyir ki, həmin vaxt bir canavar ulartısı olub məndə. Tamaşaçı ayaq üstə alqışlayıb, məni buraxmaq istəməyiblər. Hamı əl çalıb. Arxada isə aktyorlar mənə söykənib ayaq üstə saxlayıblar. O, çox qorxub. Üzümdə qorxulu bir gülüş var imiş. Deyir ki, elə qorxubmuş ki, mənimlə vidalaşdıqlarını düşünürmüş”.

Şən tamaşaları ilə hər kəsin sevimlisinə çevrilən aktrisamız kiçik bir əhvalat da danışdı: “Bir nəfər həkimin yanına gəlir, deyir ki, məni müayinə et. Həkim müayinə edir, görür xəstənin vəziyyəti ağırdır. Ona deyir ki, şən həyat keçir, toy, bayramlara get. De, gül, ye, iç, filan aktyorun tamaşasına get. Xəstə də deyir ki, bəs elə həmin aktyor mənəm. İndi mən də onu kimi. Tamaşaçılar hər zaman məndən ancaq gülüş və təbəssüm payı alıblar. Əminəm ki, bundan sonra da belə olacaq”.

Səhnə üçün darıxdığını söyləyən xalq artisti tamaşaçılarına ismarış da yolladı. Aktrisa ona diqqət edən hər kəsə təşəkkür etməyi də unutmadı: “Çox şükürlər olsun ki, yaxşıyam. Yaxşı olacağam. Darıxıram. Tamaşaçılarımla, oxucularımla yenidən görüşmək üçün yaxşı olmalıyam. Hər şey üçün sağ olsunlar. Mənə dəstək oldular. Hər şeydən xəbərim var. Bilirəm ki, mənə görə həyəcan keçirdilər. Bəlkə də onların duaları, istəkləri məni bu ağır əməliyyatdan qurtardı. Arzum budur ki, bir daha onlar mənə görə həyəcan keçirməsinlər. Bütün din xadimlərimizə təşəkkür edirəm. Təzəpir, Göy məscid, Pirhəsən, Mirmöhsüm ağa ziyarətgahına. Onlar həyat yoldaşım və oğlumla əlaqə saxlayaraq, hər namazdan sonra mənim üçün dualar etdiklərini deyirdilər. Bunun özündə böyük bir hikmət var. Hər şey yaxşı olacaq”.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2326

Oxşar yazılar