Əməkdar artist: “Cavanlar korlanıb”
17 sentyabr 2012 11:28 (UTC +04:00)

Əməkdar artist: “Cavanlar korlanıb”

Ekologiya mövzusuna həsr olunmuş "Gənclərin II Ümumrespublika Teatr Festivalı"na Musiqili Komediya Teatrının aktyoru, əməkdar artist Çingiz Əhmədov festival haqqında öz fikirlərini bölüşüb. Lent.az-ın məlumatına görə, əməkdar artist festivalın əhəmiyyətindən danışaraq bildirib ki, gənclərlə bağlı layihələrin keçirilməsini dəstəkləyir: “Bir aktyor olaraq bunu yüksək qiymətləndirirəm. Ona görə ki, vaxtilə özüm də gənc aktyor olmuşam və dəstəyə ehtiyacım olub. Baxmayaraq ki, özüm gənclik illərimdə bu dəstəyi görməmişəm, buna görə də həmişə gənclərə dəstək olmaqdan zövq almışam. Mən bu festivalın ideya rəhbəri və təşkilatçılarına minnətdarlıq edirəm. Belə bir festival beynəlxalq xarakter daşısa daha gözəl olar. Qeyd edim ki, bu gün çalışdığım Musiqili Komediya Teatrında işləmək üçün çoxlu gənc həmkarlarım var. Elə özümün 2-3 dublyorum var, amma mən onların tamaşada oynamağına şərait yaradıram. Onlar məndən öyrənir, püxtələşir, daha da sənətə maraq hisləri artır. Bəzən elə olur ki, qəsdən tamaşaya gəlmirəm, çünki istəyirəm ki, məhz onlar tamaşada oynasınlar”.

Aktyor gənclərin teatrdan uzaq düşdüyünü deyərək, bunu maddi problemlərlə əlaqələndirib: “Bəli maddiyyat səhnədən uzaqlaşmağa əsas yaradır, çünki cavanlar da yaşamaq istəyirlər. Amma axı “Moskva da birdən-birə qurulmayıb”. Gərək seçdiyin peşəyə cani-dildən bağlanasan. Təəssüf ki, Mədəniyyət və İncəsənət Universitetini bitirən məzunlar bu sənətdən qaçırlar. Maddiyyat axı sənətə sevgiyə mane olmamalıdır. Gənclərimiz əziyyət çəkmək istəmirlər, onlara elə gəlir ki, sənətə gələn kimi varlanmalıdırlar. Biz də bu yolu vaxtilə keçmişik, amma hələ də sənətdəyik. Biz onda dolanışıq barədə düşünmürdük, bizi yalnız səhnə və rollar maraqlandırırdı. Bir tamaşada yaratdığımız obrazın dadını aylarla çıxarardıq. İndikilər belə deyil, dözümsüzdürlər. İnternet əsrində yaşamağımız teatrlarda tamaşaçı sayını azaldıb. Əvvəllər bir televiziya vardı, indi hər evdə çanaq antenaları var. Zövqlər itib. İndiki cavanlar korlanıb, teatra, kinoya gedib böyük ekrandan film, səhnədən tamaşa seyr etmək istəmirlər. Bu da onların zövqünə xələl gətirir”.

50 yaşını qeyd etməyə hazırlaşan aktyor gənclər müarciət edib: “Demək istəyirəm ki, dözümlü olsunlar, sönməsinlər, bu sənətin fanatı olsunlar. Biz də öz növbəmizdə onları sınmağa qoymamalıyıq. Əksinə, gənc həmkarlarımıza şərait yaratmalı, kömək etməliyik ki, onlar da bizim səviyyəmizə gəlib çatsınlar. Mənim özüm fəxri adı 50 yaşımda aldım, amma bu vaxta qədər heç nə məni sənətdən soyuda bilmədi. Heç nəyə görə də peşman deyiləm, çünki bu sənətdə tanınmışam, sevilmişəm. Ustadlarla eyni səhnəni paylaşmışam”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivalın informasiya dəstəyi Lent.az-a məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2251

Oxşar yazılar