Orkestrimiz haqqında kitab işıq üzü görüb
Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 80 illik yubileyi ərəfəsində Orkestr haqqında Kitab işıq üzü görüb. Tanınmış vokalçı, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun Lent.az-a verdiyi məlumata görə, kitabda olan bütün məlumatlar, orkestrin tarixi üç dildə - Azərbaycan, rus və ingilis dillərində yer alıb. Kollektiv rəhbəri bildirib ki, bu kitabda Şərqdə ilk notlu Xalq Çalğı Alətləri Orkestrinin dünəni və bu günü əks olunub, kollektivin keçdiyi sənət yolundan və bu yolda qazandığı uğurlardan söhbət açılıb. Həmçinin kitabın ilk səhifəsində CD albom da işıq üzü görüb. CD topluda Orkestrlə daim çalışan Bülbülün, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Gülağa Məmmədovun, Lütfiyar İmanovun, Mobil Əhmədovun həmçinin, Müslüm Maqomayevin “Radio Marşı”, Üzeyr bəyin orkestr üçün “Fantaziya” əsəri əksini tapıb: “Mən uşaqlıq illərimdən bu orkestrlə əməkdaşlıq etmişəm. İlk dəfə bu orkestrə məni ustadım Mobil Əhmədov gətirmişdi. Daim bizim görkəmli bəstəkarlardan Süleyman Ələsgərovun, Hacı Xanməmmədovun, Şəfiqə Axundovanın, dirijor Nəriman Əzimovun bu orkestrlə işbirliyini görürdüm. O vaxtlar düşünməzdim ki, bir zaman gələcək, mənə bu orkestr haqqında kitab yazmaq nəsib olacaq. Bu gün Azərbaycan Televiziya və Radiosunda çalışdığım üçün qürur duyuram. Çünki Televiziya və Radionun Musiqi kollektivləri bizim əbədiyaşarların ilk sənət ocağı olub”.
Kitabın xüsusi redaktoru Arif Alışanov, müəllifi Ramil Qasımov, məsul redaktoru Rəşid Şəfəqdir.
Kitabın xüsusi redaktoru Arif Alışanov, müəllifi Ramil Qasımov, məsul redaktoru Rəşid Şəfəqdir.
1037