“Fevralın sonunda onlar özləri mənə məktub yazdılar ki, “Çox xoşumuza gəldi. Biz filmi götürürük. Bu, Azərbaycandan bizə qatılan ilk film olacaq”.
Bu sözləri Lent.az-a müsahibəsində azərbaycanlı kinorejissor Teymur Hacıyev deyir.
Rejissorun “Axşama doğru” filmi 73-cü Kann film festivalının ”La Semaine dela Critique” (“Tənqid həftəsi”) proqramına daxil olub.
“Axşama doğru” bu nüfuzlu proqrama düşən ilk Azərbaycan filmidir. Rolları Leyla Mədətxanova, Teymur Hacıyev, Gültəkin Ağayeva və Oktay Mirzəyev ifa edir. Filmin ssenari müəllifi Teymur Hacıyev, operatoru Yevgeni Rodindir.
Film şəhər kənarına ailə ziyafətinə gedən cütlükdən bəhs edir. Gündəlik, məişət məsələləri ilə bağlı cütlük arasında yaranan fikir ayrılığı gözlənilməz məqamlara səbəb olur. Bu səbəbdən qadın qəhrəman çətin, amma öncədən təxmin olunan vəziyyətə düşür.
Bu ekran işi haqqında və Kann film festivalına necə qatıldığı ilə bağlı suallarımızı filmin rejissoru cavablandırdı.
- Filmin ideyası haradan yarandı?
- Mən tənhalıqdan film çəkmək istəyirdim. İnsanların içində olduğun halda yaranan tənhalıq hissindən. Ən yaxınlarınla olan əlaqənin çökməsindən. Sözlərin öz mənasını itirməsindən. Məhz çəkmək istədiyim filmdə bunların olmasına önəm verirdim. Mən bəzi şeyləri yuxuda gördüm. Həmin fraqmentlər filmdə də yer alıb. Ümumilikdə deyə bilərəm ki, filmin quruluşunu yuxuda gördüm.
- Kann festivalına gedən yoldan danışardınız. Seçim necə oldu? Hansı mərhələləri keçdiniz?
- Filmi çəkəndən sonra onu montaj edərkən bu işdə özüm də iştirak edirdim. Bütün işlər bitəndən sonra festivala sayt vaistəsilə filmi göndərdim. Fevralın sonunda onlar özləri mənə məktub yazdılar ki, “Film çox xoşumuza gəldi. Biz filmi götürürük. Bu Azərbaycandan bizə qatılan ilk film olacaq”. Çox maraqlıdır ki, bu insanlar filmdəki ən xırda detallardakı mesajları belə tutdular. Yəni bu həqiqətən çox çətin bir sınaqdır. Onlar tərəfindən seçilmək çox çətindir.
- Maraqlıdır, özünüz də filmdə rol almısınız. Bu ideya hardan yarandı. Aktyor heyətini necə seçdiniz?
- Bu mənim üçün də gözlənilməz oldu. Düşünmürdüm ki, mən filmdə çəkilərəm. İstəyirdim ki, bu obrazı Ziya Ağa canlandırsın. O, sayca 3-cü olan “Duz, istiot zövqə görə” filmimdə də rol alıb. Bu barədə onun özü ilə də danışmışdım. Seçimlərdə də iştirak etdi və biz artıq qərar verdik ki, bu obrazı o canlandıracaq. Son anda Ziya mənə zəng edib dedi ki, İncəsənət Universitetində imtahanlar var, gələ bilmir. Çəklişə 2-3 gün qalmışdı. Mən də gördüm ki, başqa birini tapa bilməyəcəm. Buna görə də özüm oynamalı oldum. Bu məsələdən sonra Ziya ilə olan münasibətimdə heç bir dəyişiklik olmadı. Amma hərdən ona zarafatla deyirəm: “Sənin yerinə mən oynamalı oldum”.
- Dünyanın ən böyük film festivalına düşmək Azərbaycan filminin böyük qürurudur. Sizcə, niyə indiyədək bu kimi uğurlara nail ola blmirdik?
- Əslində, bu çox dərin mövzudur. Müzakirə etməyə otursaq, çox vaxt lazım olar. Amma qısa olaraq deyə bilərəm ki, bütün bunlar kino sahəsində olan qalmaqalların, peşəkarsızlığın, sistemsizliyin nəticələridir. Təbii ki, biz daha çoxuna layiqik. Hər il olmasa da, 3-4 ildən bir bizim filmlər də Kann kimi nüfuzlu festivallarda iştirak edə bilərdi. Təkcə özümü demirəm. Mənim kimi gənc rejissorlar çoxdur. Necə deyərlər, “uşaqlar var, şərait yoxdur”.
Qeyd edək ki, Teymur Hacıyevin “Şanxay, Bakı”, “Duz, istiot zövqə görə” filmləri nüfuzlu festivallarda iştirak edib.