Şokoladsız həyatını təsəvvür etməyən hər kəs üçün xoş xəbər var: elm yenə onun tərəfindədir. Yeni tədqiqat göstərir ki, tünd şokolad təkcə əhval-ruhiyyəni yaxşılaşdırmır, həm də hüceyrə səviyyəsində qocalma prosesinə təsir göstərə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tünd şokolad uzun müddətdir “faydalı zövq” kimi tanınır. O, ürək sağlamlığına müsbət təsir göstərir, iltihabları azaldır və hətta beynin fəaliyyətini yaxşılaşdıra bilir. İndi isə mümkün üstünlüklər siyahısına daha biri əlavə olunub bioloji qocalmaya təsiri.
Tədqiqatda alimlər kakao tərkibində olan təbii birləşmə teobromin ilə insanın epigenetik yaşı arasındakı əlaqəni araşdırıblar. Nəticələr o qədər inandırıcı olub ki, dərhal iki müstəqil iştirakçı qrupu üzərində təsdiqlənib. Bitkilər sağlamlığımıza təsir göstərə bilən çoxsaylı bioloji aktiv maddələr fitokimyəvi birləşmələr ehtiva edir.
Onların ən tanınmışları polifenollar və flavonoidlərdir ki, ürəyin fəaliyyətinə və xroniki iltihabların azalmasına kömək edir. Teobromin isə başqa bir qrupa alkaloidlərə aiddir. O, kofeinin “qohumu” sayılsa da, təsiri daha yumşaqdır:
kəskin oyanıqlıq yaratmır
sinir sisteminə daha zəif təsir göstərir
eyni zamanda damarları genişləndirici və antioksidant xüsusiyyətlərə malikdir
Qidalanmamızda teobrominin əsas mənbəyi məhz kakaodur, xüsusilə də tərkibində kakao paxlalarının miqdarı yüksək olan tünd şokolad.
Araşdırma necə aparılıb
Teobrominin qocalma ilə əlaqəsini öyrənmək üçün alimlər iki böyük və müstəqil tədqiqat qrupunun məlumatlarını təhlil ediblər:
TwinsUK (Böyük Britaniya) 509 qadın əkiz
KORA (Almaniya) 1160 kişi və qadın
Bu yanaşma nəticələrin etibarlılığını əhəmiyyətli dərəcədə artırıb. Hər bir iştirakçıda:
teobromin, kofein və digər metabolitlərin səviyyəsini ölçmək üçün qan analizi aparılıb
DNT analiz edilib və epigenetik qocalma markerlərinə diqqət yetirilib
Alimlər bioloji yaşı qiymətləndirmək üçün epigenetik “saatlardan”, xüsusilə ən dəqiq göstəricilərdən biri sayılan GrimAge metodundan, eləcə də hüceyrə sağlamlığının göstəricisi hesab olunan telomerlərin uzunluğundan istifadə ediblər.
Nəticələr nəyi göstərib
Əldə olunan nəticələr olduqca maraqlı olub:
qanında teobromin səviyyəsi yüksək olan insanlarda epigenetik qocalma daha yavaş gedib
onların bioloji yaşı pasport yaşından daha “gənc” olub
daha uzun telomerlərlə əlaqə müşahidə edilib ki, bu da hüceyrələrin daha sağlam vəziyyətinə işarə edir
Vacib məqam odur ki, bu effekt:
kofeinlə izah olunmur
hər iki tədqiqat qrupunda təsdiqlənib
Maraqlı faktlardan biri də odur ki, əlavə təhlillər zamanı teobrominin müsbət təsirinin keçmiş və hazırda siqaret çəkənlərdə daha güclü olduğu müşahidə edilib. Bunun səbəbləri isə hələlik əlavə araşdırmalar tələb edir.
Xəbərdarlıq
Optimist nəticələrə baxmayaraq, alimlər vurğulayırlar ki:
bu, müşahidə xarakterli tədqiqatdır və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir
teobromin ümumilikdə sağlam qidalanmanın göstəricisi ola bilər
nəticələrə kakaodakı digər maddələr, xüsusilə flavanollar da təsir göstərə bilər
Yəni şokolad “gənclik eliksiri” deyil, lakin sağlam həyat tərzinin bir hissəsi ola bilər.
Bunu gündəlik həyata necə tətbiq etməli
Rasiona daha çox teobromin əlavə etmək istəyənlər üçün bir neçə ağıllı və ləzzətli seçim var:
tərkibində kakao miqdarı 70 faiz və daha çox olan tünd şokolad seçin
şəkərsiz kakao tozunu sıyıq, smuzi və ya yoqurta əlavə edin
kakao paxlalarının qabığından hazırlanan kakao çayını sınayın
Əsas qayda sadədir: az şəkər, çox kakao.
Tünd şokolad bir daha sübut edir ki, zövq və fayda bir arada ola bilər. Yeni elmi məlumatlar göstərir ki, kakaonun təbii birləşməsi olan teobromin daha yavaş bioloji qocalma və daha yaxşı hüceyrə sağlamlığı ilə əlaqəlidir.
Bu, şokoladı plitə-plita yemək lazım olduğu anlamına gəlmir, lakin keyfiyyətli tünd şokoladdan kiçik bir parça uzunmüddətli sağlamlıq üçün həm xoş, həm də ağıllı bir investisiya ola bilər.