Siyam əkizləri kimi tanınan Deysi və Violet Hilton, 20-ci əsrin əvvəllərində İngiltərədə doğulmuş bir-birinə bitişik bacılardır.
Lent.az xarici KİV-ə istinadən müasir tarixin ən məşhur birləşik əkizlərindən olan Hilton bacılarından bəhs edəcək.
1908-ci ilin fevralında İngiltərədə anadan olan Deysi və Violet bacılarının cəmi bir ay yaşayacağını həkim demişdi. Amma onlar düz 60 il yaşadılar...
Bu əkiz bacılar doğulduqdan sonra həkimlər onların əməliyyatla ayrıldıqları təqdirdə birinin, yaxud da hər ikisinin öləcəyini bildirmişdi. Bugünkü şərtlərdə dünyaya gəlsəydilər, mütləq cərrahi müdaxilə ilə ayrılmaları mümkün olardı. Çünki başqa bitişik əkizlər kimi bütün bədənləri bir-birinə yapışmamışdı. Hər ikisinin də öz ayrı orqanları var idi və yalnız qan dövranını ortaq paylaşırdılar. Anası əkizləri dünyaya gətirəndən sonra onları tərk edib getmişdi. Həmin zaman qadın evli deyildi. Onun belə uşaqlar dünyaya gətirməsi İngiltərədə qəbul oluna bilən vəziyyət deyildi. Hamı uşaqlara canavar kimi baxırdı. Əkizlərin anası Kate Skinner düşünürdü ki, uşaqları qeyri-qanuni dünyaya gətirdiyi üçün tanrı onu günahlandırıb və qızları bitişik doğulub. Uşaqlara baxa bilməyəcəyini düşünür və onları Mari Hiltona satır. Deysi və Violet Mariyə “xala” deyib müraciət edirdilər.
Bioloji anaları Skinnerin 1910-cu ildə Frederik adlı bir oğlu və 1912-ci ildə Ethel Kate adlı bir qızı oldu. Skinner, Ethelin anadan olmasından cəmi bir ay sonra 25 yaşında vəfat etdi.
Anaları tərəfindən tərk edilən bu əkiz bacılar elə lap uşaqlıqdan bu fərqliliklərindən istifadə edərək pul qazanmağa başlayırlar.
Daha doğrusu Hilton bir-birinə bitişik əkizlərə qulluq etməyi məsuliyyətdən daha çox bir fürsət kimi görməyə başladı. Əkizləri bir barın arxa otağında sərgiləməyə qərar verir. İnsanlar bir qəpik verməklə əkizləri görə bilirdilər. Bəziləri onların həqiqətən bir-birinə yapışıq olub-olmadığını yoxlamaq üçün geyimlərini çıxarırdılar. Qızlar daha sonra bu barədə öz kitablarında yazmışdılar.
Deysi və Violet, xalaları Mari tərəfindən istismar olunurdular. O əkizləri pul qazanmağa məcbur edirdi. Əkizlər onun dediyi kimi etməsəydi, döyərdi. Marinin həyatında birdən çox kişi var idi. Yazıq əkizlər həm Mari, həm də tanış olduğu kişilər tərəfindən illər ərzində fiziki və mənəvi istismara məruz qalıblar.
1915-ci ildə, qızlar səkkiz yaşındaykən, Mary onları ABŞ-a apardı. Başlanğıcda, “tibbi cəhətdən yararsız olduqları” səbəbiylə ölkəyə girişlərinə icazə verilmədi. Mari olduqca ağıllı qadın idi. Yerli medianı cəlb edərək bu hadisəni gündəm etdi. Və nəticədə səlahiyyətlilər əkizlərin ABŞ-a girməsinə icazə verdi.
Mari öldükdə qızı Edit əkizlərin rəsmi qəyyumu oldu. Əri Myer Myers ilə birlikdə onlara baxırdı. Myers satıcı idi. Cütlük əkizləri gözlərindən uzaq qoymurdular. Hamısı eyni otaqda yatırdılar, çünki kiminsə əkizləri qaçırmasından qorxdular.
Onların evində qalmaq əkiz baclar üçün həbsxanada qalmaq kimi bir şey idi. Əkizlər saatlarla skripka və saksafon çalmağa məcbur olurdular.
1920-ci illərdə əkizlər yetkinlik yaşına çatdıqda yaxşı pul qazanmağa başladılar. Çarli Çaplin kimi əfsanəvi aktyorla da işləyiblər. Həftədə 5000 dollardan çox qazanmağa başlamışdılar artıq. Ancaq təəssüf ki, heç biri özlərinə qalmırdı. Myers bütün pulları əllərindən alırdı.
Məşhur illüzionist Harry Houdini qızlarla çox maraqlanırdı. Əkizlər nə qədər məşhur olduqlarının fərqində deyildilər. Nəhayət, Houdininin məsləhəti ilə Martin Arnold adlı bir vəkil tutdular. Arnold, 21 yaşlı əkizlərin Myersdən xilas olmasına kömək etdi. 1931-ci ildə Deysi və Violet nəhayət Myersdən azad olub 100 000 dollar qazandılar.
Myersdən qurtulduqdan sonra əkizlər nəhayət nəfəs ala bildilər. Vaxt keçdikcə onlar münasibət qurmağa da başladılar. Amma bir hal var idi. Əgər bacılardan biri sevgilisi ilə görüşmək istəsə, digəri də onlarla birlikdə olacaqdı. Violet bir musiqiçi ilə evlənmək qərarına gəldikdə, onlara evlilik lisenziyası verilmədi. “Əxlaqsız və yersiz” hesab olunurdu. Ancaq hər iki bacı da müxtəlif vaxtlarda evləndi. Təəssüf ki, evlilikləri uzun sürmədi.
Əkizlər 1932-ci ildə Tod Brovningin rejissoru olduğu “Freaks” filmində rol aldılar. Film sayəsində şöhrətləri daha da artdı. Tərcümeyi-halları 1942-ci ildə "Hilton bacılarının həyatı və sevgiləri" kitabında dərc edilib.
Bacılar qocaldıqca onların pul qazanmağı çətinləşmişdi. Bir müddət marketdə kassir kimi də çalışırlar. Mağazanın sahibi ikisinin birlikdə işləyə bilməsi üçün xüsusi yer də hazırlatmışdı.
Əkizlər bu qədər narahatlıqlara baxmayaraq uzun ömür sürdülər. 1969-cu ilin yanvar ayının soyuq bir günü idi. Onlar işə getmədilər. Onları tanıyanlar hər şeyin yaxşı olduğunu yoxlamaq üçün evlərinə getdilər və əkizləri ölü tapdılar. Cəsədləri müayinə etdikdən sonra Deysinin daha öncə öldüyünü və bir neçə gün sonra Violetin vəfat etdiyini müəyyən olunur.