Qırmızı, sarı, yoxsa yaşıl:  qışda hansı bibər daha faydalıdır
12 yanvar 2026 17:48 (UTC +04:00)

Qırmızı, sarı, yoxsa yaşıl: qışda hansı bibər daha faydalıdır

0

Bolqar bibərinin bütün rəngləri faydalıdır, lakin C və A vitaminlərinin miqdarına görə qırmızı bibər xüsusilə seçilir. Hazırda qrip və soyuqdəymə mövsümünün pik dövrüdür və buna görə də immunitetə qayğı bir çox insan üçün əsas prioritetə çevrilib. Bu məsələdə düzgün qidalanma mühüm rol oynayır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir çoxları xəstəliklərdən qorunmaq üçün portağal şirəsinə üstünlük verir. Portağallar C vitamini ilə zəngin olsa da, tərəvəzlər arasında bu vitaminin miqdarına görə əsl lider şirin bolqar bibəridir. Mütəxəssislər onu rasiona mütəmadi şəkildə daxil etməyi tövsiyə edirlər.

Bütün bolqar bibərləri eyni tərəvəzdir, sadəcə müxtəlif yetişmə mərhələlərində olur. Yaşıl bibər ən gənc, qırmızı bibər isə tam yetişmiş hesab olunur. Yetişmə prosesi yalnız dadı deyil, qida tərkibini də dəyişir. Zamanla yaşıl rəngi verən xlorofil parçalanır, bunun əvəzində isə güclü antioksidantlar olan karotinoidlərin miqdarı artır. Bu da bibərin həm rənginə, həm də faydalı xüsusiyyətlərinə təsir edir.

Bütün bolqar bibərlərinin tərkibində aşağıdakılar mövcuddur:

karbohidratlar və lif

antioksidantlar

C və A vitaminləri

kalium, kalsium və fosfor

Lakin bu maddələrin miqdarı bibərin rənginə görə dəyişir.

Qırmızı bibər qida dəyərinə görə liderdir

Ən çox fayda əldə etmək istəyənlər üçün qırmızı bibər ən yaxşı seçimdir. O, daha uzun müddətdə yetişir və daha çox antioksidant ehtiva edir. Qırmızı bibər immun sisteminin güclənməsi üçün vacib olan C və A vitaminlərinin miqdarına görə ön plandadır.

Araşdırmalara əsasən, qırmızı bibərdə C vitamininin miqdarı yaşıl bibərlə müqayisədə 60 faizə qədər daha çox ola bilər. Bu xüsusiyyət onu qış mövsümündə sağlamlığın qorunması üçün xüsusilə dəyərli edir.

Digər rənglər də faydalıdır

Qırmızı bibər vitamin baxımından lider olsa da, yaşıl, sarı və narıncı bibərləri də rasiondan çıxarmaq olmaz. Qida dəyərindəki fərq çox böyük deyil və hər rəng özünəməxsus fayda təqdim edir.

Sarı bibər göz sağlamlığı üçün vacib olan lutein və zeaksantinlə zəngindir.

Yaşıl bibər az kalorilidir, təbii şəkər miqdarı daha azdır və yüngül qəlyanaltılar üçün uyğundur. Narıncı bibər isə dərinin və immunitetin sağlamlığını dəstəkləyən karotinoidlər və vitaminlər baxımından faydalıdır. Dietoloqlar “göy qurşağını yeməyi” tövsiyə edirlər, yəni rasionda müxtəlif rəngli tərəvəzlərin olması maksimum fayda verir.

Vitaminləri necə qorumaq olar

Bibərdən maksimum fayda almaq üçün bişirmə üsulu da önəmlidir. Qısa müddətli buxarda bişirmə və ya yüngül qızartma C vitaminini daha yaxşı qoruyur. Uzun müddət bişirmə və çox suda qaynatma isə suda həll olan vitaminlərin itməsinə səbəb ola bilər.

Yağda həll olan vitaminlər, xüsusilə A vitamini, bibər az miqdarda zeytun yağı ilə bişirildikdə daha yaxşı mənimsənilir. Bibəri şorbalarda, omletlərdə, soba yeməklərində istifadə etmək, çiy halda humusla yemək və ya zülal məhsulları və tam taxıllı qarnirlərlə doldurmaq mümkündür seçim kifayət qədər genişdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar