Muhammed Abdulqaffar Meşalinin adı bütün dünyaya tanışdır. O “Kasıbların doktoru” kimi ad qazanaraq, bu dünyadan minlərlə insanın göz yaşları və təşəkkür nidaları ilə uğurlanıb.
Bir zamanlar Misirin ən zəngin, ən tanınmış doktoru olan Meşalinin həyatını klinikasında baş vermiş dəhşətli bir hadisə dəyişdi.
Lent.az bu maraqlı və ibrətamiz həyat hekayəsini diqqətinizə çatdırır.
Misirin paytaxtı Qahirədə özəl klinikasında fəaliyyət göstərən doktor Meşali ölkənin ən varlı və ən tanınmış həkimlərindən sayılırdı. Bütün həyatı bir gün əlindəki bütün pulu toplayıb onun qəbuluna gəlmiş kasıb bir ailənin faciəsi ilə dəyişdi. 2 oğlu ilə həkimin müayinəsinə gəlmiş qadının balaca oğlu ağır xəstə idi. Doktor Meşali xəstənin sağalması üçün bahalı bir iynənin vurulmasının vacibliyini söyləyəndə, uşağın anası “bu iynəni vursaq, bir ay ac qalmalı olacağıq” dedi.
Araya dərin bir sükut çökdü. Ana göz yaşları içində çarələr düşünərkən, böyük oğlu açıq pəncərəyə yanaşdı. “Ana, qardaşıma yaxşı bax, süfrədən bir qab azalsa bəlkə o sağalar” deyərək özünü atdı. Bu balaca oğlanın öz qardaşını xilas etmək üçün düşünmədən həyatını qurban eləməsi doktor Meşaliyə çox dərin təsir buraxdı. Həmin gündən sonra onun həyatı büsbütün dəyişdi və daha heç vaxt əvvəlki kimi olmadı.
O həyatını yoxsullara həsr etməyə, kasıb insanların xidmətində dayanmağa söz verdi və ömrünün sonuna qədər də yolundan dönmədi.
Doktor Meşali özü də kasıb bir ailədən çıxmışdı.1944-cü ildə kəndli ailəsində doğulan Meşali bütün çətinliklərə sinə gərərək oxumuş, 1967-ci ildə tibb fakultəsindən məzun olmuşdu. Gərgin əməyi, savadı sayəsində şöhrətlənib ad-san və sərvət qazana bilmişdi.
Ömrünü kasıblara həsr etdikdən sonra o klinikasını satıb Misirin uzaq əyalətlərinə gedir, ən əlçatmaz yerlərdə möhtac insanlara yardım edir, şəfa ocaqları açırdı.
Yoxsullarla yardımla yanaşı 3 oğlunu və qardaşını yetim qalan uşaqlarını böyüdən Meşali 1975-ci ildən 2020-ci ilə qədər səyyar həkimliyini davam etdirib. Onu “yer üzündə işgəncə çəkənlərin – yoxsulların yardımçısı” adlandırırdılar.
Meşalinin haqqında BBC kanalı reportaj hazırladıqdan sonra onun adı bütün dünyada tanındı. Birləşmiş Ərəb Əmirliyinin ən varlı şeyxləri doktor Meşaliyə maddi dəstək təklif elədi, o isə nəzakətlə bu təklifləri rədd edərək, həmin sərvətin kasıblara paylanmasını istədi.
Çox sadə, kasıb bir həyat yaşayan doktor Meşali “həyat mənə istədiyimdən və layiq olduğumdan qat-qat artığını verdi” deyrək, ömründən razılıq edirdi.
Deyilənə görə, o ölümündən bir neçə saat öncə belə xəstələri qəbul eləmişdi.
Meşali 2020-ci ildə, sərt pandemiya qadağaları elan edildiyi günlərdə vəfat etdi. Küçəyə çıxmaq üçün icazə olmadığı o günlərdə kasıbların dostu olan doktoru son mənzilə yola salmaq üçün yüz minlərlə insan küçələrə axışdı.
Onun son vəsiyyəti isə masasının üzərində idi. O, sadəcə bir cümlə -“Kasıblara yaxşı davranmanızı vəsiyyət edirəm” yazmışdı.