Stokholm Universitetinin Stress İnstitutunun isveçli alimləri növbəli işin insan sağlamlığına mənfi təsir göstərə biləcəyi qənaətinə gəliblər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, tədqiqatda mütəxəssislər ənənəvi və qısaldılmış iş saatları da daxil olmaqla növbəli işin müxtəlif formalarını müqayisə ediblər.
Nəticələr göstərib ki, bütün qrupların işçiləri, o cümlədən fərdi cədvəl üzrə işləyənlər də eyni sağlamlıq problemi ilə üzləşirlər.
Növbəli işçilərin qarşılaşdıqları ümumi problemlərə stress, yuxu pozğunluğu və xroniki yorğunluq daxildir. Uzun müddətdə bu, xərçəng, şəxsi həyat və iş arasında balanssızlıq kimi ciddi nəticələrə səbəb ola bilər.
İşçilərin sağlamlığına təsir edən mühüm amillərdən biri iş şəraitidir. Alimlərin fikrincə, ardıcıl olaraq bir neçə gecə növbəsinin həyata keçirilməsinə qadağa tətbiq etmək, həmçinin işçilərə müntəzəm fasilələr vermək və digər müvafiq tədbirlər görmək lazımdır.