Demək olar ki, mikrodalğalı sobası olan hər kəs belə bir vəziyyətlə qarşılaşıb: yeməyi boşqabda qızdırmaq üçün sobaya qoyursan, amma nəticədə qab çox isti olur, yemək isə bəzi yerlərdə hələ də soyuq qalır. Bu, çox yayılmış və əsəbi bir haldır, lakin problem texnikada deyil səbəb qızdırılma prosesinin fiziki xüsusiyyətləri ilə bağlıdır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mikrodalğalı soba elektrik enerjisini elektromaqnit dalğalara çevirir. Bu dalğalar yeməkdəki su molekullarına təsir edərək onları sürətlə hərəkət etməyə məcbur edir və nəticədə istilik yaranır. Buna görə də daha maye və homogen (bircinsli) yeməklər daha tez və bərabər qızdırılır.
Vacib məqam ondan ibarətdir ki, şüalanma təkcə yeməyə təsir etmir. Qabın özündə də rütubət ola bilər, məsələn, mikroməsamələrdə və ya xırda çatlarda, xüsusilə də boşqab yeni yuyulubsa. Mikrodalğalı soba yeməklə qabı “fərqləndirmir”, ona görə də hər ikisini eyni anda qızdırır. Bu səbəbdən bəzən qab yeməkdən daha isti olur.
Boşqabın yeməkdən daha çox qızmasının səbəblərindən biri də qabın materialı və örtüyüdür. Keramik qablar çox vaxt məsaməli quruluşa malik olur və bu məsamələrdə rütubət saxlanıla bilir. Buna görə də belə boşqablar daha tez qızır. Əgər qabın üzərində naxış və ya emal örtük varsa, dekorativ qatlarda bəzən metal mikrozərrəciklər olur. Bu hissəciklər mikrodalğalara daha həssas reaksiya verir və əlavə olaraq qızır. Bundan əlavə, istilik ötürülməsi də rol oynayır: isti yeməkdən istilik boşqaba keçir və onu daha da qızdırır.
Mütəxəssislərin sözlərinə görə, farfor qablar yeməyi qızdırmaq üçün daha uyğundur, çünki onların məsaməliliyi azdır və daha az rütubət saxlayır. Bununla belə, üzərində dekorativ örtüklər olduqda onlar da qızına bilər. Ekspertlər bildirirlər ki, mikrodalğalı şüalanmanın bəzən yeməkdən çox qabı qızdırmasının səbəbi aydın olduqdan sonra ən yaxşı üsul mikrodalğalı soba üçün xüsusi hazırlanmış qabdan istifadə etməkdir.
“Mikrodalğalı soba üçün uyğundur” qeydinin olması yalnız qabın qızmaya davamlı olduğunu göstərir, lakin yeməyin bərabər qızacağını tam təmin etmir. Daha yaxşı nəticə üçün məhz mikrodalğalı sobalar üçün hazırlanmış qablar seçmək tövsiyə olunur. Əgər belə xüsusi qab yoxdursa, rütubəti az olan materiallardan istifadə etmək daha yaxşıdır qalın farfor, şüşə və ya mikrodalğalı soba üçün uyğun plastik qablar.
Yeməyin bərabər qızması üçün onu qapaqla örtmək, vaxtaşırı qarışdırmaq və fasilələrlə qızdırmaq tövsiyə olunur. Çünki mikrodalğalar əsasən üst qatları qızdırır. Həmçinin yeməyi halqa formasında düzərək ortasını boş saxlamaq daha bərabər qızdırmaya kömək edir.