Niyə dekabr hər il bu qədər  tez gəlir: Elmi izahı
18 dekabr 2025 18:54 (UTC +04:00)

Niyə dekabr hər il bu qədər tez gəlir: Elmi izahı

0

Məlum olur ki, beynimiz ilin uzunluğunu günlərin sayına görə deyil, topladığımız unikal xatirələrin sıxlığına görə qiymətləndirir.

Bir çox insan 2025-ci ilin sanki bir göz qırpımında keçdiyinə təəccüblənir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər müəyyən ediblər ki, beynin daxili “saatı” yoxdur və zamanın axınını yalnız yaşanan hadisələrin və emosiyaların sayı əsasında qiymətləndirir. Psixoloqlar gündəlik rutin günlərin niyə sonsuz, illərin isə niyə çox qısa hiss olunduğunu izah ediblər.

Zaman niyə sürətli keçir kimi hiss olunur?

Mütəxəssislər bildirirlər ki, “zamanın qavranılması” anlayışı əslində şərtidir. Çünki zaman fiziki obyekt deyil və onu birbaşa hiss etmək mümkün deyil. Biz gördüyümüz, eşitdiyimiz və ya toxunduğumuz zaman ətraf mühitdən gələn konkret siqnallara reaksiya veririk. Zaman üçün isə belə siqnal mövcud deyil – beynin qeydə ala biləcəyi heç bir “zaman hissəciyi” yoxdur.

Bu səbəbdən beyin zamanı birbaşa ölçmür, onu dolayı yolla qiymətləndirir. O, saat kimi bərabər “tık”larla işləmək əvəzinə, dəyişiklikləri, hadisələrin sayını və emosional intensivliyini analiz edir.

Hadisələrlə dolu zaman daha uzun görünür

Araşdırmalar göstərir ki, emosiyalar və aktivliklə zəngin dövrlər daha uzun hiss olunur. Məsələn, eksperimentlər zamanı qısa müddətli, amma hərəkətli görüntülər eyni müddətli statik şəkillərlə müqayisədə daha uzun qavranılır.

Bu səbəbdən ekstremal vəziyyətlərdə – yol qəzaları kimi hallarda – insanlar zamanın sanki yavaşladığını hiss edirlər. Belə anlarda diqqət kəskin şəkildə artır, beyin çox detallı xatirələr formalaşdırır. Sonradan bu xatirələr analiz edilərkən, real vaxtdan daha uzun bir müddət keçdiyi təəssüratı yaranır.

Zaman həqiqətənmi “uçur?”

Alimlər zaman qavrayışının iki növünü ayırırlar: retrospektiv və perspektiv. Retrospektiv qavrayış keçmişə baxaraq zamanın nə qədər davam etdiyini dəyərləndirməyə aiddir. Perspektiv qavrayış isə zamanın hazırda nə qədər sürətlə keçdiyini hiss etməyimizlə bağlıdır.

Məsələn, növbədə gözləmək və ya həkim qəbulunda oturmaq çox uzun çəkirmiş kimi görünür. Amma sevdiyimiz işlə məşğul olduqda vaxtın necə keçdiyini hiss etmirik. Bunun səbəbi diqqətin nəyə yönəlməsidir. Zamana fokuslandıqca o, daha yavaş hiss olunur. Diqqət yayındıqda isə zaman “sürətlənir”.

Rutinin illəri “udmasının” səbəbi

Psixoloqların fikrincə, “günlər uzun, illər qısa keçir” ifadəsinin kökündə məhz bu fərq dayanır. Uşaqlıq və gənclik dövrü yeniliklərlə zəngin olur: ilk təcrübələr, mühüm hadisələr, emosional dəyişikliklər çoxdur. Bu dövr yaddaşda zəngin iz buraxdığı üçün uzun görünür.

Yaş artdıqca gündəlik həyat avtomatikləşir, təkrarlar çoxalır. Günlər darıxdırıcı və yavaş keçirmiş kimi hiss olunsa da, bu monotonluq yaddaşda az iz buraxır. Nəticədə il sona çatanda beyin çox sayda parlaq xatirə “tapmır” və həmin il qısa görünür.

Zaman hissini necə yavaşlatmaq olar?

Mütəxəssislər bildirirlər ki, zamanı real vaxtda yavaşlatmaq mümkündür, amma bu xoş deyil, darıxmaq, gözləmək və monotonluq kifayətdir. Lakin zamanın xatirələrdə qısa görünməməsi üçün iki effektiv yol var.

Birinci yol yaşananları yadda saxlamaqdır: gündəlik yazmaq, şəkillərə baxmaq, keçmiş hadisələri xatırlamaq. İkinci və daha xoş yol isə həyatı yeni təcrübələrlə zənginləşdirməkdir. Səyahətlər, kəşflər, fərqli qərarlar və yeni təcrübələr yaddaşda parlaq izlər buraxır və ilin daha uzun hiss olunmasına səbəb olur.

Beləliklə, beynimizin “daxili saatı” yaşadıqlarımızla işləyir və həyat nə qədər rəngarəng olarsa, zaman da bir o qədər “yavaş” keçmiş kimi görünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar