Dünyanın müxtəlif dövlətlərində qeyri-rəsmi olsa da müxtəlif illər yaşanır.
Lent.az təqvimlər barəsində maraqlı məlumatları diqqətinizə çatdırır.
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Qriqori təqvimindən istifadə olunur. Təqvim Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunub və daha əvvəlki Yulian təqviminin islah edilmiş variantıdır.
Taylanda 2566-ci il gəlib. Rəsmi olaraq Tayland buddist ay təqvimi ilə yaşayır. Lakin ölkədə xarici vətəndaşlar üçün istisnalar var. Belə ki, sənədlərin üzərində adət etdiyimiz təqvimdən də istifadə olunur. Buddist təqvimindən Şri-Lanka, Kamboca, Laos və Myanmada istifadə olunur.
Pakistanda islam təqvimi ilə 1444-cü il qeyd olunur.
İranda hazırda dey ayının 23-ü, şəmsi ilinin 1401-ci ilidir.
İslam təqvimi ilə 1444-cü qəməri ilidir.
İslam təqvimi dini bayramları müəyyən etmək üçün bir sıra ölkələrdə rəsmi təqvim kimi istifadə olunur. Burda yeni gün gecə yarısından sonra yox, günəşin batması ilə başlayır. Növbəti ay yeni Ayın doğulması ilə hesablanır. İslam təqviminin uzunluğu günəş təqvimindən 10-11 gün qısadır və aylar mövsümlərlə qarışır. Əvvəllər yaya düşən ay, bir neçə ildən sonra payıza, qışa düşür və beləcə dövr edir.
Yaponiyada isə 35-ci ildir. Yaponiyada həm İsa Məsihin doğum günündən hesablanan sistem, həm də ənənəvi - imperatorların hakimiyyət illəri ilə hesablanan təqvimdən istifadə olunur.
Çin təqvimi ilə 4716-cı il daxil olacaq. Təqvim Yupiterin astronomik dövrünə əsaslanır. Çin təqvimindən Kamboca, Monqolustan, Vyetnamda işlədilir.
Təqvimlərdən söz düşmüşkən, maraqlı bir faktı da qeyd etmək yerinə düşərdi.
Əsrlər boyu təqvimlərdə o qədər dəyişikliklər edilib ki, biz əslində hansı ildə olduğumuzu da dəqiq bilmirik. Alman tarixçi Herbert İlq iddia edir ki, biz əslində hazırda 2023-cü ildə deyil, 1726-cı ildə yaşayırıq. Onun araşdırmalarına görə,orta əsrlərdə yazlan tarixin bir qismi yalandır. O, miladi təqvimini yazmış Kristofor Klausun əlyazmalarında maraqlı faktlarla qarşılaşdığını bildirib. Bu əlyazmalara görə, tarixin müəyyən dönəmində tarixi rəqəmlərdə saxtakarlığIa yol verilib. Buna səbəb orta əsrlərdə İslam aləminin çox inkişaf etməsiydi. Avropa İslam dövlətlərindən geri qalmamaq üçün olmayan tarixi hadisələr uydurub, özünü ideallaşdırıb. Kristofor miladi təqviminə 297 il əlavə edildiyini yazıb.