Fransanın keçmiş imperatoru Napoleon Bonapart 1821-ci il mayın 5-də sürgündə olduğu Atlantik okeanındakı Müqəddəs Yelena adasında ölüb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, yarılma nəticəsində onun ölümünə mədə xərçənginin səbəb olduğu məlum olub.
Ancaq Lester Universitetindən biotibb alimi Parvez Haris Napoleonun ən sevdiyi ətirdən uçan yağlarla zəhərləndiyini ehtimal edir.
İmperatorun çox miqdarda odekolon istifadə etdiyi məlumdur.
Napoleonun ətriyyatçısı Jerve Şardenə imperatora ayda 50 şüşə odekolon çatdırmaq üçün daimi sifariş verilib.
ABŞ-da əvvəllər aparılmış tədqiqatlar, efir yağlarının endokrin sistemə mənfi təsir göstərə biləcəyini, hormon istehsalına müdaxilə edə biləcəyini və xəstəliklərə və şişlərə yol açdığını göstərib.
Professor Harisin sözlərinə görə, uzun müddət efir yağlarına məruz qalma, Napoleonun həyatının son illərindəki səhhətinin pisləşməsini və hətta mədə xərçənginə səbəb ola bilərdi.
Odekolonların kommersiya istehsalı 1792-ci ildə başlayıb. Əvvəlcə bunları yalnız çox zəngin insanlar istifadə edə bilərdi.
Napoleonun həkimləri sevmədiyi və nadir hallarda kömək üçün onlara müraciət etdiyi məlumdur. O, eyni zamanda hesab edirdi ki, odekolon onu çox sayda xəstəliklərdən qoruyur. Ən azı 20 ir saçlarına odekolon tökərək bolluca “boğulmuşdu” və hətta bəzən içirdi.
İndiyə qədər Napoleonun mədə xərçənginin o dövrün divar kağızı və kosmetik məhsullarında istifadə olunan arsenin təsirindən qaynaqlana biləcəyi barədə versiyalar mövcud idi.
“Şübhə etmirəm ki, əsas zəhər odekolon idi, baxmayaraq ki, arsenik də daxil olmaqla digər kimyəvi maddələrə məruz qalma Napoleonun sağlamlığını pisləşdirmişdi və nəticədə mədə xərçəngindən ölümə səbəb olmuşdu”, - professor vurğulayıb.