Lent.az qeyri-adi ömür yaşamış siam əkizləri Roza və Jozefe Blajek bacıları barədə maraqlı tarixçəni təqdim edir.
Onlar 1878-ci ildə Fransanın ucqar əyalətlərindən birində, kasıb kəndli ailəsində doğulmuşdular. Qızların bir-birinə bitişik olduğunu görən mamaça onları acından öldürməyi təklif eləmişdi. O da, hadisədən dərhal xəbər tutan kənd keşişi də bitişik əkizlərin şeytan ruhu daşıdığına inanırdılar. Körpələrin başları, gövdələri, əl və ayaqları ayrı olsa da, çanaq hissədən birləşik idilər. Ailə yeni doğulan uşaqlara 8 gün süd vermədi, onları soyuq otaqda saxladılar ki, bəlkə donub ölələr. Onlar isə inadla körpə əlləri ilə həyata sarılmışdılar.
Həmin dövr üçün şikəst doğulmuş insanlara sirk şousu kimi tamaşa eləmək adi hal idi. Ailəsi də Roza və Jozefe adlarını verdikləri əkizlərdən qazanc mənbəyi kimi istifadə etməyə başladı. Onlardan biri şən, dəcəl, digəri sakit idi. Roza ilə Jozefe dövrün elm adamlarının diqqətini cəlb etmişdi, onları müşahidə edib elmi işlər yazırdılar. O dövrün tanınmış həkimlərindən olan Cerald Nandın yazdığına görə, əkizlərdən biri ayaq üstə yatarkən digəri gəzib oynayır və yatan tərəfi də özü ilə gəzdirirdi. Qızlar ayrı-ayrılıqda yeyir-içir, müxtəlif dadlara meyl göstərirdilər. Ayrı-ayrı ifrazat sistemləri, cinsi orqanları olan qızların onurğa sütunu bir-birinə birləşik olduğu üçün ayrılmaları imkansız idi.
Qızlar yeriyərkən bəzən 3 ayaqdan istifadə edirdilər. Yerli həkimlərin təkidi ilə Parisə müayinəyə gələn bacıların üzünə şöhrət qapıları açılır. Bütün qəzetlər bu “qeyri-adi” varlıqdan yazmağa başlayır. Qızlar Parisdə rəqs dərsləri alır, müxtəlif alətlərdə çalmağı öyrənirlər. Beləcə Blajek bacılarının şousu uzun illər sürür. Əkizlər eyni anda iki kişi ilə rəqs edir, mahnılar oxuyur, bir sözlə publikanı ələ ala bilirdilər. Parisdə özlərinə menecer tapan bacıların bütün Avropaya turları başlayır. Sərvət başlarına yağır.
Təbii ki, artıq 32 yaşa atmış bu qızların intim həyatı insanlara çox maraqlı idi və qəzetlər tez-tez bu barədə yazırdı. Bacılar arasında kişilərə görə narazılıq yaranmışdı. O dövrün qəzetlərinin yazdığına görə, kişilər bu bacılarla intim münasibətlərə böyük maraq göstərir, bunun üçün külli miqdarda pul xərcləyirdilər. Və günlərin birində Rozanın hamilə olması barədə xəbərlər yayıldı. Bəs bir-birinə yapışıq olan qızların cinsi münasibətləri necə baş tuturdu?
Qəzetlərdə yazılana əsasən, onlardan biri öz sevgilisi ilə görüşəndə digərini xüsusi dərmanlarla yatızdırırdı. Digər yazılanlara görə isə, əslində əkizlərin intim həyatı seksual orgiya xarakteri daşıyırdı. Hər bir halda bacılar verdikləri müsahibələrdə hərəsinin öz sevgilisi olduğunu demişdilər. Roza tezliklə Frans adı verdiyi oğlunu dünyaya gətirdi Uşağın hansı xəstəxanada doğulduğu deyilmir. Bunu sirr kimi saxlayırdılar. Maraqlıdır ki, hər iki bacının döşünə süd gəlmişdi və onların ikisi də körpəyə analıq edirdi.
1921-ci ildə Fransın 11 yaşı olanda bacılar Amerikaya köçürlər. Lakin çox keçmir ki, Roza möhkəm xəstələnir. Qrip virusuna yaxalanmış bacının vəziyyəti digərinin də həyatı üçün təhlükəli idi. Məlum məsələdir, onlardan biri ölərsə, digəri də ölümə məhkum olurdu. Ölü bədəni özü ilə gəzdirəcək deyildi. Ölü bədəni kəsib atmaq da mümkün olmur. Sinir sistemləri bir-birinə dolaşıq idi. Məsələn, Frans doğulanda doğum sancısını ikisi də çəkmişdi.
Roza komaya düşür, Jozefe həkimlərə onun həyatını xilas etmələri üçün yalvarırdı. Maraqlıdır ki, bacılar ölüm yatağında olarkən ortaya bir saxta qardaş çıxdı. O, qızlar ölüncə onların sərvətinə sahib olmaq üçün gəlmişdi. 1922-ci il martın 30-da Roza və Jozefe qrip virusu nəticəsində həyatlarını itirdilər. Onlardan biri digərindən 12 dəqiqə sonra vəfat etdi. Qəzetlər bir neçə gün “Monstrlar (onlara çox zaman monstr deyirdilər) öldü, möcüzə bitdi” yazıb, sonra onları unutdular. Frans və sonradan meydana çıxmış dayısının taleyindən heç kimin xəbəri olmadı. Bacıların sərvəti kimə qismət oldu? Bu da sirr olaraq qaldı.