"Gününü göy əskiyə bükmək" ifadəsi  necə yaranıb?
23 avqust 2022 18:06 (UTC +04:00)

"Gününü göy əskiyə bükmək" ifadəsi necə yaranıb?

El dilində bu ifadə çox işlənir – “Gününü göy əskiyə bükmək”.

Bu ifadə kiməsə zülm etmək, incitmək, əziyyət vermək anlamına gəlir. Bəs niyə məhz göy əskiyə? Nə üçün qara günlü adam haqqında qara əskiyə bükmək yox, göy əskiyə bükmək ifadəsi işlənir?

Bunun kökü qədim türk adət-ənənələrinə dayanır.

2 əsr əvvələ qədər Oğuz türklərində ərə gedən qızın cehizinə tünd göy rəngində kaftan qoyardılar. Bu kaftan sandıqda ən altda gizlədilər və gəlinin onu heç geyinməməsi  təmənna edilərdi. Çünki gəlin bu kaftanı o halda geyərdi ki, ər evində ona zülm olunar, əri onu çox incidərdi. Gəlin göy kaftanını geyib dam üstünə çıxmaqla qohum qonşulardan səssizcə yardım istəmiş olurdu. Bir qadın göy kaftan geyindisə, o kənddə zurna-balaban səsi susar, əkinçi əkinini, arvadlar ocaq üstündə daşan südünü buraxıb yardıma qaçarmış.
 

Arvadı göy kaftan geyən kişilər eldə-obada qınaq obyektinə çevrilir, boşansa belə heç kim ona yenidən qız vermirdi. Kim bir zülmkara arvad olmaq istəyədi ki? Ona görə kişilər xanımlarının göy kaftan geyinməməsi üçün səy göstərərdilər. Osmanlı Türkiyəsində göy kaftan əvəzinə gəlinlərin cehizinə mor çəpkən (bənövşəyi arxalıq- jilet) qoyulardı və bu ərə gedən qızın qoruyucu qüvvəsi, hürriyyət haqqı sayılırdı.

Deyilənə görə, cadugərlər də bir kimsənin evini dağıtmaq üçün tilsimli dualar yazanda onu göy parçaya (parçaya çox yerlərdə əski deyilir) büküb saxlayarmışlar. Əslində elə xeyirxahlıq məqsədi ilə yazılan dualar da göy parçaya bükülərdi. Yəni halı, kefi yaxşı olan adam nə üçün dua yazdırsın ki. Göy əskiyə büküləcək dualıq bir vəziyyət yaranıbsa, demək, işlər heç də yaxşı deyildi. Bax beləcə, kiminsə gününü göy əskiyə bükmək ifadəsi yüz illərdir yaranıb və tarixin tozlu yolları ilə gəlib günümüzə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3099
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar