“Ələkmə-kələkmədir" deyən ağdaşlı “ay töyvə”lə nəyə and içir? - Bizim ellər
11 iyul 2022 13:01 (UTC +04:00)

“Ələkmə-kələkmədir" deyən ağdaşlı “ay töyvə”lə nəyə and içir? - Bizim ellər

Lent.az-ın “Bizim ellər” layihəsi çərçivəsində virtual səyahətimiz davam edir. Bu dəfə üzümüzü tutmuşuq Ağdaşa.

Qədim yunan müəllifi Strabon hələ eramızdan əvvəl I əsrdə öz qeydlərində bu ərazilərdə insanların məskunlaşdığını yazırdı. 

Orta əsrlərin sonlarında Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Ərəş sultanlığı XVIII əsrin yarısından sonra Şəki xanlığının tabeliyinə keçib. Maraqlıdır ki, Türkiyədə, İranda, Başqırdıstanda Ağdaş, Özbəkistanda Oktaş, Qazaxıstanda Aktaş-Ağdaş toponimləri var.

Ağdaşda  XVI əsrə aid Şəhərgah arxeoloji abidəsi, Qarabəy karvansarası  (XIX əsr), Hacı Osman məscidi ( XIX əsr), Surxay qalasının qalıqları (XVIII əsr) tarixi abidə kimi qorunur.

Ağdaşın dörd bir yanı müqəddəs ocaqlarla əhatə olunub. Hansı ağdaşlını dindirsən, sənə Veyis baba, İskəndər baba, Molla Əhməd baba, Hacı Əfəndi,  Şıx baba, Gündoğdu baba, İşıqlar baba, Hacı Alı baba, Sarı pir,Yel piri, Seyid baba, Tapdıq baba, Şuğlu baba, Osman baba, Qara pir, Əfəndi baba, Cidalı pir ,Abdulla baba, Saleh baba, Şıxvəddin baba, Əfəndi baba  ziyarətgahları barədə məlumat verəcək. Rayon ərazisində 60-a yaxın müqəddəs ocaq var.


Bunlardan ən maraq doğuranı yerli camaatın Veyis baba adlandırdığı Veysəl Karani ocağıdır. Veysəl Karaninin qəbrinin 4 ölkədə olduğu iddia edilir. Yəmən, Şam, Türkiyənin Sirt bölgəsi və Azərbaycanda Ağdaşda. Məzarının Ağdaşın Xınaxlı ( Qaxay)  kəndində olması artıq müxtəlif mənbələrə əsasən təsdiq edilib.  Veyis babanın ağ mərmərdən  olan baş daşı barədə qədim əlyazmalarda  nişan verilib.

Ağdaş şəhərinin xalq arasında “Qaraçılar küçəsi” adlanan Vaqif küçəsi məşhurdur. 

Dünyanın hər yerində olduğu kimi, burada da onlar tarixən köçəri həyat tərzi sürüb, atçılıq, xüsusilə qatırçılıq, maldarlıq kimi təsərrüfat sahələri ilə, nalbəndliklə, məişət avadanlıqlarının, əkinçilik alətlərinin istehsalı ilə, xırda ticarətlə məşğul olublar.

Ağdaşın “Qaraçılar küçəsi”ndə kompakt halda yaşayan qaraçılar öz milli ənənələrini, sənətkarlıq sahələrini qoruyub saxlayırlar.

Maraqlıdır ki, Ağdaşda yaşayan qaraçılarının evlərində xalçalardan, məişət əşyalarından, tikmələrdən ibarət kolleksiyalar mövcuddur.

XX əsrin 40-50-ci illərindən toplanan bu kolleksiyalar nəsildən-nəslə ötürülüb və zənginləşdirilib. Respublikamızın digər yerlərində bu cür zəngin, çoxçeşidli kolleksiyalara demək olar ki, rast gəlinmir. Ağdaş qaraçıları xalça toxumağı bacarmasalar da, xalçanın dəyərini bilir və onu qoruyurlar. 

Ağdaşlıların “dili”

Ağdaşlıların maraqlı ləhcələri var.  “Gedəcəksən” əvəzinə, “getcən”  deyirlər. “Təpənnən vurul elə”,  “Allah ləyağını versin” kimi qarğışları tez-tez işlədirlər. Amma bu əslində qəzəblənəndə yox, çox istədikləri adama deyərlər. Məsələn, biri səni çox güldürürsə, “ Allah canını alsın, ləyağını versin” demək buralarda adi haldır. Kimisə əzizləyəndə “canını yiyim”, “qurban olum” deyirlər. “Nə hətərən-pətərən danışırsan?”, yəni qarışıq, əlaqəsiz danışırsan deməkdir.  “Nəsə yaman ələkmə-kələşmə işd”, yəni qarışıq məsələdir demək olur.  Darvazaya “doqqaz”, dovğaya “dooğa”,  dovşana “doşan”,  uzun adama “draz”, işə yaramayan bivec adama, boş mənasız işə “böysana” deyərlər buralarda. 

Hələ birini inandırmaq istəyəndə ürəkdən “ay töyvə”  deyə and içərlər. Maraqlı bir söz də var buralarda. Nəlbəkiyə “ləbləngi” deyirlər. Ləb sözünün dodaq olduğunu bilirsiniz, yəni dodaq yanmasın deyə qaynar çayı  ləngiyə-ləngiyə içir. Maraqlı deyilmi? 

Hər elimizdə, hər obamızda  araşdırası olsan tarixə güzgü tutan xeyli söz tapmaq olar. Ağdaşlılar rayonu bölüb keçən Türyançayın lilli sularından istifadə edirlər. Amma çox maraqlı bir üsulla. Buralarda suyu çəlləklərə, hovuza yığdıqdan sonra zəy deyilən kristal  maddə ilə onu duruldurlar. Zəyin antiseptik xüsusiyyətləri var və  suyu göz yaşı kimi dumduru edir. Dağlarda əldə edilən təbii kristal zəy bir çox faydalı müalicəvi xüsusiyyətlərlə zəngindir.


Zəy iltihab əleyhinə təsir edir, mikrobları öldürür, qanaxmanı saxlayır, qurudur, tərləmə, qaşınma ilə çox yaxşı mübarizə aparır. Zəy kosmetologiyada da geniş istifadə olunur. Bəlkə elə buna görədir ki, ağdaşlılar əsmər olsalar da, özləri demiş çox hamardırlar. Yeri gələndə Türyan çayı kimi tüğyan edər, aşar-daşar, yeri gələndə də Tuqay meşələri kimi sərin olarlar. Zəhmətkeş, isti ürəkli, mehriban və yaxşı alış-veriş qabiliyyəti olan insanlardır ağdaşlılar. İstixanalarda yetişdirdikləri məhsulları ilə əsasən Rusiya bazarlarına üz tuturlar. Bir dəfə qapılarını açın, özünüzə ömürlük dost qazanın.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3618
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar