Dünyanı sərvətlər və faydalı qazıntılarla təmin edən okeanlar insan fəaliyyətinin ciddi təsirinə məruz qalır. Hər il, yenilənmiş hesablamalara görə, okeanlara orta hesabla 0,5 milyon ton plastik daxil olur. Bu rəqəm əvvəlkindən azdır, lakin yenə də planetin su hövzələrinə ciddi ziyan vurur.
Lent.az xəbər verir ki, bu barədə “Nature Geoscience” məlumat yayıb.
Hollandiyadan olan tədqiqatçılar suda, çimərliklərdə və dərin dəniz ərazilərində toplanmış məlumatlar əsasında kompüter simulyasiyalarından istifadə edərək okeanlardakı plastikin çox hissəsinin 25 mm-dən böyük fraqmentlər olduğunu müəyyən ediblər.
Bu günə qədər Yer kürəsinin su obyektlərinin ümumi çirklənməsi 25 milyon metrik tondan çox qiymətləndirilir. Əgər əvvəllər aparılan hesablamalar insan fəaliyyəti nəticəsində hər il okeana 4-12 milyon tona qədər plastikin daxil olduğunu göstərirdisə, indi bu rəqəm 0,5 milyon tondan çox deyil. Amma hazırda səthdə üzən tullantıların miqdarı 3 milyon ton qiymətləndirilir.
Alimlər okeanların çirklənməsini dayandırmaq üçün lazımi tədbirlər görməyə çağırırlar, əks halda 20 ildən sonra tullantıların miqdarı iki dəfə artacaq.