Bu axşam tonqalın külünü  hara töksək uğur gətirər? - Od çərşənbəsi
05 mart 2024 14:35 (UTC +04:00)

Bu axşam tonqalın külünü hara töksək uğur gətirər? - Od çərşənbəsi

Bu gün od çərşənbəsidir. Hansı ki, o ilaxır çərşənbələrdən ikincisidir. Od çərşənbəsinə bəzən "Üzgü axşamı", " Üzgü çərşənbə" da deyirlər. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. 

Hələ qədim dövrlərdə oda sevgi, inam insanlarda o qədər güclü olub ki, ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, "Od haqqı", "Oda düşəsən," "Ocağın odlu olsun", "Ocağın qazan görməsin" və s.

Bəs, od çərşənbəsinin özünəməxsus adətləri, ritualları nələrdir? 

Lent.az həmin adət-ənənələrdən bir neçəsini təqdim edir: 

Açar falı

Od çərşənbəsində ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayrıcı olan yerə çatdıqda açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan keçənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nə isə haqqındadırsa həmin şəxs niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı hesab olunur.

Alma falı

Od çərşənbəsi olan zaman iki alma seçilir və onlardan birinə hər hansı nişan, işarə qoyulur. Daha sonra həmin işarəni gizlədərək niyyət tutun və evdəkilərdən birinə almalardan hansınısa götürməsini təklif edir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu niyyətin həyata keçəcəyinə işarə edir. Burada istifadə olunan alma  mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.

Tonqal qalamaq 

Hər çərşənbədə olduğu kimi Od çərşənbəsində də tonqal qalanılır. Adı ilə əlaqəli olduğu üçün bu çərşənbə daha təmtəraqlı keçirilir. Od çərşənbəsində yandırılan odun külünü üç yerə səpib mal-qaranı, qoyun-quzunu külün üzərindən keçirmək lazımdır. İnanca görə, Od çərşənbəsində yanan odun külü axar suya tökülməlidir. Bu zaman dərd-bəla odda yanır, su ilə axıb gedir. 

“Çərşənbə odu” 

Od çərşənbəsində qohumlar, qonşular yası düşmüş evlərə gedib onlar üçün də “çərşənbə odu”nu yandırmalı. Beləcə onları yasdan çıxarmalıdırlar.

Şadlıq, yasdan çıxma rəmzi olaraq bar verməyən ağacların dibinə həmin günü xına basdırmaq, qırmızı parça bağlamaq ənənəsi də mövcuddur.

# 7233
avatar

Sevinc Fərid

Oxşar yazılar