Kanadalı Mayk Cek rekord müddətdə 50 super acı bibər yeməyi bacardığı üçün Ginnesin Rekordlar Kitabına düşüb. Lakin kişi bununla da dayanmayıb, daha sonra daha 85 ədəd yeyib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kanadalı 6 dəqiqə 49,2 saniyə nəticə ilə yeni dünya rekordu müəyyənləşdirib. Onun bir dəfə yediyi bibərlərin ümumi sayı 135 ədəddir.
Cek bildirib ki, son 20 il ərzində o, ədviyyatlı qidalara qarşı dözümlülük formalaşdırıb, lakin hələ də diskomfort hiss edir.
“Acılığın ilkin şoku güclüdür. İkincisi o qədər də pis görünmür, lakin bundan sonra hər dəfə bibər ağzınızda yeni yerlərə toxunduqca daha da acı olur”, - Cek Ginnesin Rekordlar Kitabının nümayəndələrinə izah edib.
O, ağzındakı ağrının mədəsindəki narahatlıqla müqayisədə heç bir şey olmadığını söyləyib.
"Məndə şiddətli kramplar var. Sanki kimsə bağırsaqlarımı sıxıb bükür. Ağlın sənə dayanmağı deyir, amma davam etmək üçün özünü inandırmalısan", - o əlavə edib.