Bu gün “Əsrin müqaviləsi” sazişinin bağlanmasından 20 il ötür. Lent.az 1994-ci il sentyabrın 20-i Bakıda imzalanmış müqavilə ilə bağlı şou-biznes nümayəndələri arasında sorğu keçirib. Əksər hallarda iddialı açıqlamalar verən, bəzən qalmaqal edən, gündəmdə qalmaq üçün ağlayıb, gülən şou əhli görəsən “Əsrin müqaviləsi”ndən xəbərdardırlarmı?
Əməkdar artist Nüşabə Ələsgərli:
- Sentyabrın 20-i Azərbaycanda nə günüdür? Bilmirəm. (Xatırladırıq) Hə, yadıma düşdü. Bilirəm, 1994-cü ildə olub. Bu müqavilə Azərbaycanı bölünməkdən, parçalanmaqdan xilas elədi. Həmin illər bizim cavan yaşlarımıza təsadüf edirdi. Mart ayında (?) bütün dövlət başçıları gəlmişdilər, əsrin müqaviləsi bağlandı. Özü də Ulu Öndərin təşəbbüsü, rəhbərliyi ilə. Müqavilənin Azərbaycana çox köməyi olub. Belə başa düşürəm ki, Azərbaycan nefti olan ölkədir. Bu, mənim subyektiv fikrimdir. Politoloqların danışıqlarından hiss edirəm ki, mən düzgün deyirəm. Nefti olan ölkənin hər zaman başının üstündən qara buludlar keçir. Bizim ölkədə də müharibə oldu. Müharibədən sonra müqavilə bağlanması, Azərbaycana yeni nəfəs verdi.
Müğənni Əli Mirəliyev:
- Sentyabrın 20-i Azərbaycanda səhv eləmirəmsə Üzeyir Hacıbəyovun doğum günüdür. Yox, deyəsən Üzeyirin ad günü 19 oldu axı? Yox, bilmirəm 20-i nə günüdür. ( Xatırladırıq) Hə, onu bilirəm. Müqavilə 94-cü ildə bağlanıb. Yaddan çıxar? Amma soyqırımı, Üzeyir bəyin doğum gününü bilirəm. “Əsrin müqaviləsi” də Azərbaycan üçün böyük bir şeydir. Amma doğrusu “Əsrin müqaviləsi”ni yadımdan çıxartdım. Bu həqiqətən “Əsrin müqaviləsi” olub. Müqavilənin ölkəmiz üçün əhəmiyyətli olduğunu düşünürəm. Çünki Azərbaycan hər keçən gün daha da gözəlləşir. Bu müqavilə Azərbaycanı müharibələrdən və bəlalardan qurtardı. Pisi deyirəmsə, yaxşını da deməliyəm.
Xalq artisti Arif Quliyev:
- Mən bilmirəm. Sentyabrın 20-i barədə heç nə danışa bilmirəm. İndi özümü yaxşı hiss eləmirəm. Sonra sizi yığaram, bu barədə məlumat verərəm.
Əməkdar artist Cavan Zeynallı:
- Adama elə sual verirsiniz ki? 20 sentyabrda Azərbaycanda nə olub ki? Hə, indi deyirsiniz ki, “Əsrin müqaviləsi” olub. Bax, indi mən bunu haradan bilim? Mən sənət adamıyam. Musiqidən sual verin mənə. Amma belə şeylər soruşmayın məndən.
Əməkdar artist Almaz Ələsgərli bu mövzuda danışmaq istəmədi:
- Sonra zəng vurarsınız, danışaram.
“Yeni Ulduz-7” yarışmasının qalibi Çingiz Mustafayev:
- Mən elə bildim ki, indi yaradıcılığımdan soruşacaqsınız. Mən yalandan nə deyim? Bilmirəm. Bəlkə də bilirəm, yadımdan çıxıb. Sentyabrın 20-də Azərbaycanda nə əlamətdar hadisə olduğunu bilmirəm. İlimizdə 12 ay var. Hər ayda da, məsələn, 5 rayon işğal olunub, müqavilə bağlanılıb. Mən bunları necə yadda saxlaya bilərəm?.
Qeyd edək ki, 1994-cü il sentyabrın 20-də Azərbaycanda imzalanan “Əsrin müqaviləsi”ndə 8 ölkə (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (“Amoko”, BP, “MakDermott”, “Yunokal”, ARDNŞ, “LUKoyl”, “Statoyl”, “Ekson”, Türkiyə petrolları, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta”) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı.