“Xalq ulduzu” yarışmasının yadda qalan iştirakçısı müğənni Zaur Həsənov uzun fasilədən sonra şou-biznesdəki fəaliyyətinə başlayıb. Lent.az-ın məlumatına görə, ifaçı bu gün Beynəlxalq Mətbuat Mərkəzində yeni “Səni həm sevəcəyəm, həm unudacağam” adlı klipi ilə jurnalistlərin qarşısına çıxdı.Sənət dostlarını və media nümayəndələrini bir araya toplayan sənətçi klip haqda təəssüratlarını bölüşüb:
"Xeyli müddətdən sonra yaradıcılığımda olan yeniliyi təqdim edirəm. Sözügedən bəstəyə rejissor Əhməd Əli ekran həyatı verib. Bu klip mənə yaxın dostum tərəfindən hədiyyə olunub. "Xalq ulduzu" müsabiqəsindən sonra maddi çətinliklərim və şəxsi həyatımda problemlər oldu. Sənətdən uzaqlaşdım. Artıq sənətimlə məşğul olmağın vaxtıdır. Türk sənətçilərinə çox qulaq asıram. Ona görə ifamı Alişana bənzədirlər".
Xatırladaq ki, “Səni həm sevəcəyəm, həm unudacağam” adlı mahnın musiqisi Ruslan Səfəroğluna, sözləri isə Samir Əfseroğluna məxsusdur. Klipin süjet xətti sevgidən bəhs edir. Və paytaxt məkanlarında lentə alınıb.
Təqdimat zamanı qonaq kimi dəvət olunan müğənnilər arasında mübahisə yaşanıb. Gənc müğənni Elvin Mirzəzadənin Albert Eynşteyndən misal gətirməsi ortalığı qarışdırdı : "Hər bir tənqidin arxasında gizli paxıllıq və aşkar heyranlıq var".
Dəvət olunan başqa sənətçilər Lamiyyə Novruzova, Aysel Əlizadə, İbrahim Borçalı və "Cahan qrupu" nun solistləri onun bu fikri ilə razılaşmadılar. Lamiyə açıqlamasında bildirdi ki, bütün müğənnilər yerində edilmiş tənqidə normal yanaşmalıdırlar.
Sakit təbiətli Zaur tədbirdəki mübahisəni canlı oxuması ilə sakitləşdirdi.
Qeyd edək ki, səbəbkarı təbrikə həmçinin sənət dostları Vüsal Əliyev, Afaq Aslan, Sevinc Ağaşirinova, Elgün Hüseynov da təşrif buyurmuşdular.