Sevda Sanalıyeva 58 manat ziyana düşdü  - REPORTAJ
07 dekabr 2013 12:23 (UTC +04:00)

Sevda Sanalıyeva 58 manat ziyana düşdü - REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət, nə qədər pul xərcləyir?

 

 

Lent.az-ın “Bazarlıq” ında şou-biznesə rəqqasə kimi gəlib, özünü müğənni kimi təsdiqləyən müğənni Sevda Sanaliyevadır.

 

Xeyli vaxtdır ki, onu “Bazarlıq”a aparmaq istəyirdik. Amma işlərinin çoxluğundan, ya da tənbəllikdən görüşməyimiz hər dəfə ertələnirdi. Bu dəfə gəldi, amma gecikmişdi...

 

 

- İnanırsan səhərdən tıxacdayam. Güclə gəlib çıxdım. Bağışla ki, bir az gözlədəsi oldum.

 

- Neçə vaxtdır haralardasan? Nə işlə məşğulsan?

 

-  Bax, bu çox yaxşı və aktual sualdır. Hamı mənə eyni sualı verir. Mənim cavabımsa, yeni işlərimdir. Bilirsən Yalçın, çıxıb hər gün efirdə boş-boş nə danışım ki? Mən müğənniyəm. İfalarımla tamaşaçının, dinləyicinin qarşısına çıxmalıyam. Qalmaqal və başqa şeylər məndən uzaqdır. Elə buna görə də, çəkilmişəm bir kənara, işlərimlə məşğulam. Hər zaman bir layihə edib, geri çəkilirdimsə, hazırda yeddi-səkkiz layihə hazırlamışam ki, bu aydan etibarən onları təqdim edim. İndi həyatımda da hər şey sıfırdan başlayacaq. Çünki, mənim yeni komandam var. Dayanmaq olmayacaq. Daim irəli.

 

- Allah şəfa versin, bir müddət öncə bizə açıqlamanda “Anam xərçəng xəstəsidir, buna görə də əməliyyata girəcək” demişdin. İndi necədir vəziyyəti?

 

- Diqqətiniz üçün təşəkkür. Allahıma çox şükür edirəm ki, anam indi yaxşıdır. Amma hazırda palatada müalicə alır. Onun böyrəklərində də problem var. Ona görə də əziyyət çəkir. Bircə Allahıma sığınmışam ki, mənə kömək olsun.

 

 

Marketə daxil oluruq. Dükanın rəhbərliyi gəlişimizin məqsədini bilib, çəkilişə razılıq verir.

 

- Sevda, hardan başlayaq?

 

- Yalçın, soruş gör, ay Sevda, heç bilirsən nə alacaqsan? Elə ilk olaraq tərəvəz məhsullarından başlayım, görək başımıza nə iş gəlir.

 

Tərəvəz məhsullarım satılan şöbədəyik.

 

- Yadıma düşmüşkən, 4-5 ədəd limon alım. Çünki, xeyirlidir. Həm də limondan tez-tez istifadə edirəm. Başqa nə alım görəsən? Hə, yadıma düşdü, göyərti alım, dovğa bişirməyə. Bir də orda yaxşı pomidor gördüm, onu alım. Meyvə də götürəcəm. Qubalı olasan, alma almayasan? Alma da alacam.

 

- Dedin göyərti alıram ki, dovğa hazırlayacam. Yemək bişirməklə pərgarsan, yoxsa?

 

- Hə...Bəs nə bilmişdin? Elimin bir duzu var ki, gəl görəsən. Özümü tərifləmirəm ha... (gülür) Bunu bütün yaxınlarım deyir. İnşallah bir gün o dadlı yeməklərimdən sizin üçün də hazırlayaram. İstənilən yeməyi dadlı hazırlayıram.

 

Söhbət edə-edə keçirik ağartı məhsulları satılan şöbəyə.

 

- Yağsız pendir, süd, yoğurt və qatıq alacam. Bu məhsulları hədsiz sevirəm. Həm də formada qalmağıma xeyirdi.

 

- Pəhriz saxlayırsan?

 

- Hə. Bir ara çox kökəlmişdim. Hətta efirdə özümü görəndə deyirdim ki, ay aman, nə kökəm mən? Əslində televizorda çox kök görünürəm. Adi həyatda elə deyiləm. Maksimum altı kilo kökələ bilərəm. Mənim üçün arıqlamaq və ya kökəlmək problem deyil. On gün ərzində arıqlaya, kökələ bilərəm. İndi 3 gündür ki, pəhrizə başlamışam. 4-5 kilo arıqlamağı qarşıma məqsəd qoymuşam.

 

 

Ağartı məhsullarından yağsız pendir, qatıq, süd, yoğurt alıb, yollanırıq ət məhsulları satılan şöbəyə.

 

 

- Ən çox hansı ət məhsullarına üstünlük verirsən? Mal, qoyun, toyuq, yoxsa balıq?

 

- Daha çox dəniz məhsullarına. Özü də hisə verilmiş... Bəh-bəh indi elə hisə verilmiş balıq götürüm, evə gedəndə yeyim. (gülür) Amma balıqdan əlavə mal, toyuq əti də alacam. İndi satıcıdan xahiş edək, mal və toyuq ətini çıxartsın baxaq.

 

Satıcı toyuq ətini çıxarır və bu zaman Sevda əlinə əlcək geyinərək, foto-kameramıza göstərir.

 

- İstədim  ki, fotoqrafımız maraqlı kadr əldə etsin, həmdə “Bazarlıq” a rəng qataq. Əti də aldıq, qarşıda şirniyyat şöbəsidir. Keçək ora, müxtəlif cür şirniyyatlar alacam.

 

Satıcıdan konfet soruşur. İstədiyi konfetlərdən alır.

 

- Şirniyyatla aran yaxşıdı deyəsən?

 

- Hə. Çox sevirəm. Amma di gəl ki, pəhrizdəyəm. Buna görə də, şirniyyatı az yeyirəm.

 

- Xoşladığın və heç sevmədiyin yemək var?

 

- Deməli, məndə gecələr yemək həvəsi başlayır. O zaman da yada ilk olaraq kartof qızartması düşür. Ən çox yediyim yeməkdir. Amma sevmədiyim yemək, demək olar ki, yoxdur. Bütün yeməkləri yeyirəm. Amma qaynadılmış, buxarda hazırlanmış yeməkləri elə də sevmirəm.

 

 

Parfümeriya satılan şöbəyə tərəf gedirik

 

- Bir-iki ədəd yuyucu toz və təmizləyici pastalar alım. Səliqəsiz bir yerdə otura bilmirəm. Oturanda da sanki, ürəyim partlayır. Amma bu işləri görməyə vaxtım olmur. Bunu evdə qulluqçu edir. Vaxtım olanda özüm  də edirəm, bu işdən xüsusi zövq alıram.

 

2 ədəd yuyucu toz, 3 ədəd müxtəlif cür pasta və dəsmal alır.

 

 

- Məhsulun keyfiyyət nişanına diqqət edirsən?

 

- Sözün düzün deyim elə də yox. Yalandan durum deyim ki, hə, baxıram, elə deyil. Arada kefimə düşəndə baxıram.

 

 Mineral sular satılan şöbədəyik.

 

- Mən o qədər də mineral su sevmirəm. Sadəcə kompot, təbii meyvə şirələrini sevirəm. Əzəldən qazlı su xoşlamıram.

 

 1 ədəd mineral su alır.

 

- İndi bircə pişiyimə yemək almaq qaldı. Onu da alaq, alış-verişimizi yekunlaşdıraq.

 

Alış-verişi yekunlaşdırıb, kassaya yaxınlaşırıq.

 

 

 


Kassir oğlan malları bir-bir hesabladıqca müğənni pul kisəsinin ağzını açır.

 

***

 

Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 58 manat, 44 qəpik..

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5484
avatar

Yalçın UĞUR

Oxşar yazılar