Rəqs məktəbini açan Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fataliyeva hazırladığı tələbələrini canlı efirdə təqdim edib. Lent.az-ın məlumatına görə, bir aydan da az müddətdə gənclərə rəqsin sirlərini öyrədən Fatimə tələbələri ilə birgə “ANS”in “Günəbaxan” verilişində rəqslərini təqdim edib. Fatimə ilk olaraq xüsusi hazırladığı “Sən güləndə” Azərbaycanın milli rəqsini tələbələri ilə birgə oynayıb. Milli rəqsdə ara verdikdən sonra Fatimə tələbələrini yenidən səhnəyə çağırıb. Rəqqasə bu dəfə özünün qurduğu hind rəqsini onlarla birgə tamaşaçılara təqdim edib. Fatimənin tələbələri ilə rəqsləri maraqla qarşılanıb.
Çıxışlarını başa vurduqdan sonra Fatimə tələbələrindən razı qaldığını deyib:
“Çox şadam ki, artıq mən də müəllim, pedaqoq kimi sözümü deməyə başlamışam. Düşünürəm ki, tələbələrimlə birgə uğurlarımızın sayı çox olacaq. Çox istəyirəm ki, Azərbaycanda yeni-yeni istedadlı rəqqasələr yetişdirim. Bu istəyimə nail olacağıma da inanıram. Çünki, həqiqətən də bizim millətimiz çox istedadlıdır”.