Rusiyanın tanınmış müğənni Alla Borisovna Puqaçova bu gün 65 yaşını qeyd edir. Lent.az-ın məlumatına görə, məşhur müğənni 1949-cu il aprelin 15 də Moskvada dünyaya göz açıb. Bu günə qədər bir çox mükafatlara sahib olan ifaçı müğənnilik fəaliyyəti ilə yanaşı, bəstəkar, aktrisa, aparıcı, rejissor kimi də öz sözünü deyib.
Onun ilk qastrol səfəri 1966-1967-ci illərdə "Yunost" radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə olub. Dünyanın müxtəlif ölkələrində saysız-hesabsız konsertlər verən müğənninin “Bez tebya”, “Million alıx roz”, “Ti tam, ya tam”, “Tak je kak vse”, “Meri”, “Lyubov”, “Belıy sneq” və “Aysberq” kimi sevilən bir çox mahnıları var.
Onu da əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev A.Puqaçovanı 2009-ci ildə “Dostluq” ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.