Yaradıcılıq işlərini Türkiyə ilə paralel Azərbaycanda da davam etdirən müğənni Azəri Günel bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM-də) media nümayəndələri ilə görüş keçirib.
Lent.az-ın məlumatına görə, mətbuatı konfransında görəcəyi işlərdən danışan müğənni martda imza atacağı layihədən söz açıb: “Bu gün hörmətli media nümayəndələri ilə görüşümüz əbəs yerə deyil. Belə ki, martda qardaşım Tunar Rəhmanoğlu ilə birgə Azərbaycanın səkkiz bölgəsində konsert vermək niyyətindəyik. Mən özüm qarabağlı olduğuma görə heç bir maddiyyət güdmədən bu yola çıxdım. Torpaqlarımız işğal altına alınanda mənim 5 yaşım var idi, balaca olmağıma baxmayaraq, hər şey yadımdadır. Hazırda Azərbaycan turnesi barədə işlər gedir. Çıxış edəcəyimiz rayonların adları da məlumdur. Düşündük ki, konsertimizin ilk günü Qarabağ bölgəsində, Ağdamın Quzanlı kəndində olsun. Konsertimizə giriş pulsuz olacaq. Yəni hər kəs seyr edə biləcək. Bütün bu işlərdə isə uzun illərdir dostluq etdiyim Şahin Cavadsoy kömək olacaq. Bütün təşkilatı işlərimi o həyata keçirəcək. İnşallah uğurlu bir konsert verəcəyimizə inanıram”.
Günel daha sonra şəxsi həyatı barədə gəzən söz söhbətlərdən və qadağasız toyundan danışıb: “Mən istəmirəm ki, mediada şəxsi həyatımdan danışsınlar. Bu mənim üçün xoş hal deyil. Çünki mən hər zaman şəxsi həyatımla deyil, yaradıcılıq işlərimlə tanınmışam. Bir çoxları nə zaman ailə həyatı quracağım barədə suallar verir. Amma toyuma hələ var. Mən digər şou əhli kimi toyumda media əhlinə qadağa qoymayacam. Onlara ayrıca stol açacağam. Gəlsinlər mənim xoş günümdə, toyumda iştirak etsinlər”.
Onu da əlavə edək ki, tədbirdə müğənniyə sevgilisi sürpriz edərək, Günelə gül dəstəsi göndərib.
Qeyd edək ki, Günelin həyata keçirəcəyi layihənin media sponsoru APA Holding, təşkilatçı "12 may" şirkətidir.