Müğənni Natəvan Həbibi mayın 24-də Heydər Əliyev sarayında verəcəyi konsert öncəsi jurnalistlərlə görüşüb. Lent.az-ın məlumatına görə, tədbirə gec gələn Natəvan media mənsublarını salamlayaraq, mayın 24-də verəcəyi konsertdən danışdı:
“Neçə illik fəaliyyətimdən sonra ilk konsertimi vermək niyyətindəyəm. Konsert qabağı “Ay mən şou göstərəcəm” kimi vədlər vermirəm. Amma bir tək onu deyə bilərəm ki, konsertdə fərqli ifalar olacaq. Bundan əlavə həmin gecədə elə bir şey edəcəm ki, bu günə qədər məni sevənlər onu məndən görməyib. Konsertim üçün səkkiz geyim hazırlanıb. Amma gecəyə gələnlər məni dörd obrazda görəcəklər. Bundan əlavə, konsertimdə mənim tələbələrimin çıxışı olacaq. Sənətçi dostlarımı da həmin gecəyə çağırmışam. Düşünürəm ki, bizi fərqli bir konsert gözləyir. Bir zamanlar mənimlə eyni qrupda oxuyan Röya və Elnarəni də konsertimə dəvət eləmişəm”.
N.Həbibi sonra xalq artisti Aygün Kazımova, prodüserlər Tolik (Tarix Əliyev) və Zoriki (Zöhrab Ağayev) barəsində hüquq mühafizə orqanlarına müraciət etməsindən danışıb: “Adını açıqladığınız şəxslər mənim şərəf və ləyaqətimi alçaldıblar. Məhz bu üzdən mən onlara cavab vermədim. Onları məhkəməyə vermişəm. Hər şeyi qanun çərçivəsində yoluna qoyacam. Amma bütün bunlar barəsində konsertimdən sonra geniş danışacam. İstəmirəm ki, başqa işlər konsertimə kölgə salsın. Məhz bu üzdən sakitəm, barəmdə deyilən neqativ fikirlərə aqresiya ilə yanaşmıram. Bütün fikrimi konsertə yönəltmişəm. Bilsəydim ki, mənim konsert verməyim bəzi insanları belə narahat edir, çoxdan konsert vermişdim”.