“Bunu edənlər hüquq-mühafizə orqanları qarşısında cavab verəcəklər”
Müğənni Nadir Qafarzadə “İnstagram” səhifəsində mərhum reper Hüseyn Dərya haqqında xoşa gəlməz ifadələr qeyd edilməsinə münasibət bildirib. N. Qafarzadə müzakirələrə səbəb olan mövzuya Lent.az vasitəsi ilə aydınlıq gətirib:
“Bir neçə gün öncə barəmdə yazılan xoşagəlməz olaya aydınlıq gətirmək istəyirəm. Qoy hər kəs bilsin ki, mən Hüseyni təhqir etməmişəm. Sadəcə mənim “İnstagram” səhifəmin kodunu naməlum şəxslər sındıraraq, adımdan belə şərhlər qeyd ediblər. Sındırılan profilim isə məhz həmin gün dostlarım tərəfindən bərpa olundu. Bunu edən şəxslər hətta bir neçə dostumun profilinə daxil olaraq mənim adımdan xoşagəlməz sözlər yazıblar. Bu hal ikinci dəfədir ki, mənim başıma gəlir. Məsələni bu yerdə qoymayacağam. Bunu edənlər hüquq-mühafizə orqanları qarşısında cavab verəcəklər. Artıq bu barədə müəyyən tapşırıqlar verilib. İnanıram ki, günahkarlar cavabını alacaqlar. O ki qaldı, dünyasını dəyişən Hüseyn Dəryaya, Allah ona rəhmət eləsin. Yeri cənnətlik olsun”.
Qeyd edək ki, bir neçə gün öncə mətbuatda müğənni Nadir Qafarzadənin mərhum reper Hüseyn Dərya barədə xoşagəlməz ifadələr işlətdiyinə dair xəbərlər dərc olunmuşdu. N. Qafarzadənin adından yazılan həmin məqaləni olduğu kimi təqdim edirik: “Birincisi ölüb, cəhənnəmə, böyük iş olub? Gedin qara geyinin, yas saxlayın, sağ olanda hardaydınız? Küçələrdə qalanda, dilənəndə, döyüləndə, ac qalanda hardaydınız? İndi əziz oldu?”.