“Hazırda üç uşaq anasıyam. Amma imkan olsa, yəni baxa bilsəm, dörd, beş, və altıncı uşağımı dünyaya gətirərəm”. Bu sözləri Lent.az-a şou-biznesin ən gənc və çox uşaqlı anası hesab olunan müğənni Elnarə Xəlilova deyib: “Hər zaman söyləmişəm ki, çox övlad sahibi olmaq istəyirəm. Amma problem işlərimin çox olmasıdır. İşlərim çox olmasa, yenə ana olmaq istərdim. Sadəcə, buna vaxtım yoxdur. Böyük övladım Burlaxatun artıq birinci sinfə gedir, Öndər və Harun Fateh Cahangir də bağçaya gedir. İnşallah, onlar bir az böyüsün, yenidən ana olmaq barədə fikirləşəcəm”.
Müğənni onu da əlavə edib ki, hazırda bir neçə layihə üzərində çalışır: “Bu günə kimi bir çox layihələrə imza atmışam. Həm müğənniliklə yanaşı özümü aparıcı kimi də sınamışam. Pis də alınmayıb. Hər bir işdə özünə inam, istək əsas rol oynayır. Məndə istədiyim, hədəf etdiyim işlərin öhdəsindən hər zaman gəlmişəm. Hazırda yeni mahnılar yazdırmışam. Onları yaxınlarda təqdim etməyi düşünürəm”.