Bir müddət öncə Ali Məhkəmədə xalq artisti Nazpəri Dostəliyevanın xalq artisti İlhamə Quliyevaya qarşı kassasiya şikayətinə baxılması barədə xəbər vermişdik. Lent.az-ın məlumatına görə, hakim Qəhrəman Allahverdiyevin sədrlik etdiyi məhkəmə N. Dostəliyevanın İ. Quliyevaya 25 min manat təzminat ödəməsi barədə qərar çıxarmışdı.
N.Dostəliyevanın vəkili Yunis Vəliyev isə Lent.az-a açıqlamasında bildirib ki, İlhamə Quliyevaya 25 min manat ödənilməyəcək: “Artıq İlhamə xanım 25 min manatı istəmir. Bu məsələ bağlandı”.
Məlumatı dəqiqləşdirmək üçün Lent.az-ın əməkdaşı xalq artisti İ.Quliyevanın vəkili Pərviz Hacılı ilə əlaqə saxlayıb. O, isə İ.Quliyevanın 25 min manatdan imtina etmədiyi söylədi: “Vəkil kolleqamız niyə elə deyib, bilmirəm. Amma tam yanlış məlumatdır. İlhamə xanımın özü ilə də əlaqə saxlamışam. Elə bir xəbər yoxdur. Ola da bilməz. Yəni 25 min manatdan imtina etməyib. Mən də onun nümayəndəsi kimi demək istəyirəm ki, biz 25 min manatdan imtina etməmişik. Həmin məbləğ ödənilərək, rəsmi üzr də istənilməlidir”.