“Mən aktiv sosial şəbəkə istifadəçisiyəm. Və bir anda nə qədər informasiya axınına düşürəm. Baxıram, bizim müğənnilərimizi də izləyirəm. Səsi, özü gözəl olan var, amma artistlik bacarığı, xarizması olan yoxdur. Tamaşaçını yaxşı mənada yeyib, onun üzərində hakim olan yoxdur. Məhz bu səbəbdən sənətə ikinci Faiq Ağayev də gəlməyib”.
Bu sözləri APA TV-nin “ Üç dama” verilişində qonaq olan xalq artisti Faiq Ağayev deyib.
O, yaxşı müğənnilərimizin olmasını desə də, kiminsə adını çəkməkdən imtina edib: “Mən də çox istərdim ki, kimsə gəlsin. Və məndə yaxşı mənada qıcıq yaransın. Əslində 5-10 il fəaliyyət göstərən müğənnilərimiz də var ki, bəyənirəm. Və bəzən fəxr edirəm ki, elə müğənni var Azərbaycanda. Heç kim təkəbbür kimi qəbul etməsin, amma mən ad çəkmək istəmirəm. Mən zorunda deyiləm ki, kimisə tərifləyim. Mən bu sənətə kimisə tərif etmək üçün gəlməmişəm. Özümdən öncəkiləri olar. Sözün yaxşı mənasında, sənət adamı eqoist olmalıdır ki, öz əsərini yaratsın”.
Müğənni illər öncə ilə müqayisədə indi daha az göründüyündən, televiziya proqramlarında daha az iştirak etməsindən danışıb: “İndi daha az görünməyimin səbəbi cəmiyyətimizin ümumi vəziyyəti ilə bağlıdır. Yəni televiziya, media, ümumiyyətlə bu sahə bir başa cəmiyyətlə əlaqəlidir. Və cəmiyyətin marağı indi başla tipli verilişlərədir. Mən heç kimin xətrinə dəymək istəmirəm, amma indi bir neçə veriliş adı çəkərəm ki, siz özünüz də məni orada görmək istəməzsiniz. Əksəriyyəti indi elə verilişlərdir ki, mən ora getməsəm yaxşıdır. Mən hər şeyə hazırlıqlı adamam, pessimist deyiləm, adekvatam. Mən anlayıram ki, cəmiyyətin tələbi var. Biz nə etsək də, əsrlər boyu, yüz il bundan sonra da insanın özgə birinin qapısının dəliyindən içəri baxmaq istəyi qalacaq. Düzdür, mən xalqımı sevən insanam, amma nə edək ki, səfehlər çoxdur. İnsan işdən ac gələndə, ifadəmə görə üzür istəyirəm, ləlöyün kimi yemək yeyir, amma çay içəndə artıq rahatlaşır. Mən də sənətin çay mərhələsindəyəm, mənim ləlöyünlük və acgözlük edən zamanım deyil”.
F. Ağayev vurğulayıb ki, ictimai fikir onun üçün çox önəmlidir: “Mən azadlığımın sərhədlərinin keçmirəm. Barəmdə nə düşünürlər, fərqindəyəm. Mənim barəmdə səhv düşünən insan axırda mütləq bilməlidir ki, Faiq Ağayev kimdir. Məni tanımaq üçün verilişlər yox, canlı ünsiyyət olmalıdır və ya konsertimə gəlməlidirlər. Mənim üçün bir həqiqət mövcuddur. Heç kim heç kimin yerini tutmur. Nə Müslüm Maqomayev Rəşid Behbudovun, nə Rəşid Behbudov Bülbülün yerini tutdu, nə Sərxan Sərxan Polad Bülbüloğlunun yerini tutdu, nə də Faiq Ağayev kiminsə yerini tutdu. Ən vacibi odur ki, çoxlarından biri olmayasan, özün olasan və başqa cür olasan, sevdirəsən özünü, danışmağa mövzun olsun.
Konsertdə 4-5 geyim dəyişməyimə baxmayaraq hisslər baxımından tamaşaçı qarşısında tam çılpaq Faiq Ağayevəm. Səmimiyəm, söz də ata bilərəm, zaldan gələn sözə reaksiya da verə bilərəm. Evdə qardaş bacınla necə zarafatlaşıramsa, tamaşaçı ilə onu da ərköyüncəsinə edə bilərəm. Mən bu xalqın ərköyün balasıyam. Xalqım bu icazəni müəyyən mərhələdən sonra mənə verib. Mən özümü çəkib, kral statusunda dayanmamışam”.
Qonağımız ondan istifadə edən insanlardan da söz açıb: “Mən həmin növ adamlara abunəçi deyirəm. Kişilər üçün alfons, qadınlar üçün daha betər bir söz deyirlər. Üzür istəyirəm ifadəmə görə, amma eşşək palçığa bir dəfə girər. Eşşək olmasam da, bu 26 il ərzində dəfələrdə palçığa girmişəm. Təbii ki, artıq psixoloq olmuşam. İndi ilk baxışdan bilirəm ki, bunun məndən umacağı var. İnsanda sərhəd çəkmək, "yox" demək bacarığı olmalıdır. Təbii ki, məndən də istifadə edənlər olub. Bilmirəm niyə belədir, bu nə düsturdur, amma 8 ildən bir mənim ətrafım təmizlənir, tam sıfırlayıram ətrafımı. 2-3 nəfər var ki, onlarla 20 ildən çoxdur dostluq edirəm. Qalanları ələyimdən keçir. Mən layiq olduğum adamlar həmin ələkdə qalır. Demək mən onlara qarşı səhv etməmişəm. Axı mən də şirin kökə deyiləm ki, hər kəs bəyənsin. Elə adam var ki, şəkərburaya allergiyası var. Mənim də çox çətin xasiyyətim var. Amma mənə dözüb qayğı göstərən adamlar da var. Çox sevdiyim insanı üfürərək qoruyuram. Ancaq o səhv etdisə, 1-2 dəfə görməzlikdən gəlirəm, 3-cü dəfə şirincəsinə söyləyirəm ki, bu mənim xoşuma gəlmir. Ancaq əgər insan israrlıdırsa, çox qəddarcasına ondan ayrılıram. Heç ürəyim də qımıldamır. Anlayıram ki, əgər insan mənim narahat, narazı olduğumu anlayıb, arxaya çəkilmirsə, mən niyə ona görə dərd çəkməliyəm. Bu həyatda bağışlamağı da buraxmağı da öyrənmək lazımdır”.
Xalq artisti həyatda ən çox anasını itirməkdən qorxduğunu dilə gətirib: “Anamı itirməkdən qorxuram. Hər gecə dua edirəm, deyirəm "Ya Rəbbim, yetərincə əziyyət çəkib, üç övlad böyüdüb, nəvə sahibidir, ali savadı var, bu həyatda etdiyi yaxşılıqlara görə ömrünü bir az uzat". Səsimi itirməkdən qorxuram. Mən bu fikirləri gündəlik başımda saxlamaqdan da qorxuram. Avtomobil qəzasından da qorxuram”.
Atasını itirən Faiq Ağayev onunla bağlı xatirələrini də yada salıb: “Atamın ölümünə tədricən hazırlaşdıq. Ailəmizin qərarı idi ki, atamı 10 gün aparatlara bağlı saxlayaq. Mən son dəqiqəyə qədər inanmırdım. Mən iynə dəliyi boyda ümiddən yapışırdım. Onu itirəndə, fikirləşdim ki, o, fiziki olaraq çox böyük əzab çəkir. Son dəqiqəsində o rahatlaşdı sanki. Çətindir təbii. Mənə hər zaman elə gəlirdi ki, daha çox anamı sevirəm. Evdə atama da deyirdim ki, incimə, mən daha çox anamı çox istəyirəm. Deyirlər ki, insan anasını itirəndə yetim qalır. Xeyir, insan elə atasını itirəndə də yetim qalır. Üstəlik əgər sən cəmiyyət arasındasansa, özünü toparlamalısan. İnsan ağlamaq istəyir. Atamın son istəyini, anasının ayağının altında dəfn edilməsini həyata keçirdik. Rayonda dəfn etdik və bütün adət-ənənəyə uyğun olan işlər bitdi, mən qalıb söhbət etmək istəyirəm. Bax onda məni qoymadılar və bu zaman, türkülər demiş, çıldırdım, dedim çəkilin kənara, imkan verin dərdimi deyim, mənim bir də belə imkanım olmayacaq. Qardaşlarım kömək etdi, camaat məndən uzaqlaşdı və mən 2-3 dəqiqə daxilən rahatlaşdım. Bütün hallarda bu itkini yaşamaq çox çətindir. Əgər qəfil ölüm səni yerindən silkələyirsə, elə insanın şam kimi əriyib getməsi də ağrıdır. Əvvəllər hüzur yerinə getsəm də, bunun nə olduğunu tam anlamırdım. Bir zamanlar mənim üçün “başın sağ olsun” cümləsi çox kübar səslənirdi. Amma atamdan sonra bunu təhqir kimi qəbul etdim. Yəni, ölüb ölüb də, başın sağ olsun. Bu sözü yalnız şəhid və vətən üçün söyləyərlər. “Başın sağ olsun” sözünü mən daha dilimə gətirmərəm”.
Cənab Qızıl Şlyager bağışlamağı və üzür istəməyi 30 yaşından sonra öyrəndiyini də etiraf edib: “Özümdən kiçikdən də üzür istəmək mənim üçün aşağılanmaq deyil. Yetər ki, mən özüm öz səhvimi anlayım və üzür istəyim. Yox, əgər, kimsə şəxsi kaprizinə görə məndən üzür istəməyi gözləyirsə, getsin öz vicdanı ilə haqq-hesab aparsın. Üzürüm hər zaman qəbul olunub. Yəqin məni o qədər zəhmli adam olaraq görürlər ki, üzr istəyən kimi qəbul edirlər. Hər kəsin günahı var. Mən ən xırda yanlış detalı belə özümə günah hesab edirəm. Amma belə böyük, qlobal günahlarım olmayıb. Heç kimin haqqına girməmişəm, evinə soxulmamışam, haqqını tapdalayım, yox! Onda mən özüm-özümə hörmət etmərəm”.
Sənətçi kənardan təkəbbürlü görünsə də əslində belə olmadığını deyib: “Mən səhnədə olduğum qədər səmimiyəm bu dəqiqə. Anlayıram ki, tamaşaçı özünü boğan, sıxan, lokanik, gözəl danışan, daranmış ifadələr söyləyən adama qulaq asmaq istəmir. Çünki, maskanı sevmir. Mən indi efirdə davrandığım kimi həyatda davranmıram. Cəmiyyətin normaları var və mən onlara riayət edirəm. Mən maskalanmağı sevmirəm. Təbii, anlayıram ki, məndən yaxşı oxuyan var, məndən daha ağıllı insan var, bilirəm ki, məndən daha yaraşıqlısı, uca boylu olanı var, amma sadəcə mən onu da dərk edirəm ki, bu sadalananlar hamısı bir yerdə, bir adamda cəmləşməyib. Həyatdakı prinsiplərimdən biri də haqqımda səhv düşünən insanı fikrindən daşındırmaqdır. Kimsə mənə layiq olmayan fikirdədirsə , mən mütləq o insanı fikrindən döndərməliyəm. Bax belə axmaq xüsusiyyətim var. Mən istəmirəm ki, kimsə mən otaqdan çıxandan sonra arxamca pis söz danışsın. Hər yerdə elə addım atıram ki, nə atamı, nə məni nə də mənə görə sənətimi söysünlər. Bilmirəm, bu, özündən razılıqdırmı, çılpaq səmimiyyətdirmi, amma beləyəm”.
F. Ağayev mahnılarının yüz il bundan sonra da aktual olacağını bildirib: “Mən dünyanın ən xoşbəxt insanıyam. Bilirəm ki, 50-100 ildən sonra mənim yaradıcılığım qalacaq. Oxuduğum 300-ə yaxın mahnıdan heç olmasa 8-i dillər əzbəri olacaq. Ən azı “Əldə bir qədəh şərab”, “Azərbaycan”, “Get, dönmə geri”, “Ömür bumu”, “Neyləyim”, “Ayrılma məndən” və s. Amma mən bu mahnılarla kifayətlənməyəcəyəm. Mən davam edirəm. Sənətkar olan kəs o zaman mənən ölür ki, o, özünə “yetər” deyir”.